Hər il Şərq ölkələrində müharibə, işsizlik, aclıq səbəbiylə əhalinin əksəriyyəti avropa ölkələrinə qanunsuz yollarla keçmək istəyir. Bəzən buna görə onlar su yolundan istifadə edir, kiçik qayıqlar və ya botlarla başqa ölkələrə mühacirət edirlər. Təbii ki bu qayıqlar, botlar da o qədər yola tab gətirə bimədiyi üçün batır və yüzlərlə qaçqının ölümünə səbəb olur.
Musavat.com xəbər verir ki, 2015-ci ildə 18 qaçqını suda boğulmaqdan xilas edərək, Avropada qəhrəman statusu alan Sara Mardini adlı üzgüçü qadın indi insan alveri, cəsusluq maddəsi ilə ittiham olunur.
23 yaşındakı Sara Mardini özü kimi üzgüçü olan bacısı Yüsra Mardini ilə birgə motoru xarab olan şişmə botu üzərək sahilə çəkmiş və 18 qaçqının həyatını xilas etmişdi.
Hətta bu hekayədən təsirlənən məşhur ingilis rejissor Stephan Deldri Mardininin həyatına həsr olunmuş film də çəkib.
Mardini bacıları daha sonra Almaniyaya yerləşiblər. Yüsra Mardini “BM” mühacirlərə yardım təşkilatının xoşməramlı səfiri seçildikdən sonra
2016-cə ildə Rio olimpiadasına da qatılıb. Sara Mardini isə “Bard” Universitetində iqtisadiyyat və sosial elmlər üzrə dövlət hesabına təhsil haqqı qazanıb. Lakin Sara Mardini 2016-cı ildə “Emergency Response Centre International (ERCI)” adlı qaçqınlara yardım təşkilatında könüllü olaraq çalışmaq üçün Yunanıstanın Midilli adasına geri dönüb.
Amma keçən həftə Sara Mardini ilə birlikdə iki könüllünün tutularaq, Karidallos həbsxanasına göndərildiyi məlum olub.

Yunan qanunlarına əsasən onun barəsində tam məlumat əldə olunana qədər 18 ay həbsxanada qalacağı bildirilir.
Sara Mardininin vəkili Haris Petsalnikos “mərhəmətli bir insanı cəzalandırırlar. Sara məhkəmənin ona qarşı deyilən heç bir ittihama layiq deyil. Ümumiyyətlə o, Yunanıstana yeni gəlib. Bu, indiyə qədər bir yardımsevər insana qarşı edilən ən ağır ittihamlardır”- deyə bildirib.
“Sahil mühafiz xidmətinin rabitə əlaqələrini dinləyiblər”
İddianamədə “Emergency Response Centre International (ERCI)” adlı qaçqınlara yardım təşkilatının kağız üzərində heç bir maddi maraq güdmədiyi yazılsa da, ölkənin cənubundakı adalarda qeyri-qanuni olaraq gələn qaçqınları qaçırdığı irəli sürülüb.
Yunan polisi, yardım təşkilatı üzvlərinin Yunan adaları sahil mühafizə xidmətinin telefon danışıqlarını izlədiklərini və qaçqınların sahilə nə zaman çatacağını öyrənərək, qabaqcadan gedib onları qaçırdığını bildirib.
Məleykə Ağasoy
Musavat.com






