İnsanlara hürriyət, millətlərə istiqlal!

162 nəfərlik siyasi məhbus siyahısı ilə bağlı hüquq müdafiəçisindən şok açıqlamalar

2360 04.04.2017 20:02 Qalmaqal A A

Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) aprelin 1-də açıqladığı yeni məhbus siyahısının üstündən günlər keçməsinə baxmayaraq, siyahı ətrafında gedən müzakirələr davam edir. Əvvəlcə siyahının 162 nəfərlik olması ciddi etirazlara səbəb oldu, ardınca da, siyahının tərkibi narazılıq yaratdı. Siyahını tərtib edənlər Nardaran hadisələrində həbs edilənlərin adlarını siyahıya saldıqlarına görə bu qədər geniş olduğunu bildirdilər. Lakin bu sahə ilə məşğul olanların əksəriyyəti dindarların siyasi məhbus kriteriyalarına cavab vermədiyini bildirərək, siyahıda nə siyasi, nə də dindar təbəqəyə aid olmayan şəxslərin də olduğunu söylədilər. Onların iddialarına görə, siyahının bu qədər şişirdilməsi Avropadan gələn qrantların məbləğini artırmaq məqsədi güdür.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı SMMM-nin siyahısının bu qədər geniş olmasının dövlət imicinə ciddi zərbə vurduğunu, qanuni siyasi məhbusların azadlığa çıxmalarına əngəllər yaratdığını söylədi: “Siyahıda olan əksər şəxslər ümumiyyətlə, siyasi məhbus kriteriyalarına cavab vermirlər. Anlamıram ki, o siyahıları tərtib edəndə hansı kriteriyalara əsaslanıblar? Yəqin ki, belə əsas olub, nə qədər siyahı geniş olsa, bir o qədər yaxşıdır, o qədər də ölkə üçün pis olacaq. Başqa nə fikir yürütmək olar? Bizim siyahıda sırf özümüzün seçdiyi 27 nəfərin adı var idi. Onlardan 7 nəfəri azadlığa buraxıldı. Dindarlarla bağlı ayrı siyahımız var ki, onu da təqdim etmişik. “Səid Dadaşbəylinin işi” tam olaraq nəzarətimizdədir. Biz “dama-dama göl olar” məsələsinə əsaslanaraq, əlimizdən gələni edib, insanların azad olunmalarına çalışırıq.

Tam iş görürük ki, onlar azadlığa buraxıla bilsinlər. Amma 162 nəfərlik siyahını görəndə əlbəttə, Avropada hər kəsin tükləri biz-biz olur. Nə qədər siyahılarını təbliğ etsələr də, buna şübhə ilə yanaşırlar. Günbəgün siyahıları artırırlar. Ad çəkmək istəmirəm, amma siyahıda elə şəxslər var ki, ümumiyyətlə, siyasi məhbus kriteriyalarına uyğun gəlmirlər. Onların adlarını ona görə çəkmirəm ki, hər bir sözün arxasında insan taleyi dayanır, insanların taleləri ilə oynamaq istəmirəm. Çox gülməli siyahıdır. Danışmayanda elə bilirlər ki, hamı susur, demək bunların siyahıları ilə razıdırlar. Başa düşmürlər ki, bu siyahılara baxanlar onlara gülürlər. Siyahıları gərək professional hüquq müdafiəçiləri tərtib etsinlər. Hazırda yerindən duran o adı üzərlərinə yapışdırmaq istəyirlər. Özü də müxtəlif formalarda. Həm siyasətçi, həm hüquq müdafiəçisi, həm də media adamıdırlar. Hüquq müdafiəçiliyi etmək üçün biliyin, təcrübən olmalıdır. Həbsdən çıxan kimi özlərini hüquq müdafiəçisi kimi təqdim edib, hərəsi bir siyahı tərtib edir. Elə bilirlər ki, 162 nəfərlik siyahı ortaya çıxarmaqla onlara xeyir gətirirlər. Əksinə qanuni siyasi məhbuslar var ki, azad olunmalıdırlar, amma bu yolla onlara mane olurlar. Məhz o siyahıya görə, son əfvə təqdim etdiyim bir çox şəxslər əfvə düşmədilər. Çünki gündə 160-dan yuxarı siyahı ortaya çıxardılar. Səhəri gün də olacaq 200 nəfər. Xaricdə oturub, siyahılar tərtib etməklə iş düzəlmir. İş görmək lazımdır, o işi də ölkə daxilində biz aparırıq. Xaricdə oturub ölkəni söymək, bu cür siyahılar tərtib etmək dövlətimizin imicinə zərbədir. Bu heç bir hüquq müdafiəçisinə yaraşan iş deyil. Hüquq müdafiəçisi gördüyü işi reklam etməməlidir. O susaraq, hər bir şəxs üçün mübarizə aparmalıdır”.

Hüquq müdafiəçisi belə siyahılardan yüksək məbləğdə gəlirlərin olması barədə iddialara da münasibət bildirdi: “Belə fikirlər cəmiyyət daxilində gəzir ki, bunlar qrantlarla görülən işlərdir. Biz heç vaxt qrant, kimsədən kağız pulu belə almamışıq. Hər şeyi özümüz etmişik. Bu da yəqin hər bir hüquq müdafiəçisinin işi olmalıdır. Mətbuata çıxıb, gündə özünü göstərməklə insan taleyini ortaya qoymaq olmaz. Bizim İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri öz işlərini ləyaqətlə yerinə yetirirlər”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR