İnsanlara hürriyət, millətlərə istiqlal!

150 dollara görə dayısını öldürən şəxs o qədər sərxoş olub ki... - TƏFƏRRÜAT

521 22.12.2021 17:40 Kriminal A A

Şəmkirdə dayısını xüsusi amansızlıqla qətlə yetirən şəxs hadisənin baş vermə səbəblərini danışıb. O bildirib ki, dayısı hər zaman onu söyərək təhqir edib. Son mübahisə isə 5 il əvvəl dayısının ona verdiyi 150 dollar pulu tələb etməsi ilə başlayıb. Qaytarmadığı üçün isə onun mərhum atasını söyüb.

Musavat.com xəbər verir ki, Turan Əzizov bu il iyulun 26-da Şəmkir şəhərinin S.Vurğun küçəsində rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevi bıçaqlayıb. 1989-cu il təvəllüdlü Turan dayısını xüsusi amansızlıqla qətlə yetirib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (Qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisə günü Turan “İstiqlal” parkında 250 qram araq içəndən sonra yaşadığı evə gedib. Evdə də içki içməyə davam edib. Bu zaman dayısı evə gəlib. Yenidən mübahisə ediblər və dayısı ondan 5 il əvvəl verdiyi 150 dolları tələb edib. Aralarında yaranan mübahisə zamanı Nizami Böyükkişiyev onun valideynlərini təhqir edib. İçkili olan Turan stolun üstündən götürdüyü mətbəx bıçağı ilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, ona xüsusi əzab və işgəncə verərək öldürüb. Turan ümumilikdə dayısına 10 bıçaq zərbəsi endirib.

Məhkəmədə ifadə verən Turan əməlini etiraf edib və peşman olduğunu deyib. İllər əvvəl atasını itirən Turan bildirib ki, anası ilə birlikdə yaşayıb.

Onun sözlərinə görə, mərhum dayısı hər dəfə spirtli içki içdikdən sonra ona və anasına etdiyi yaxşılıqları başlarına qaxınc edib, dava-dalaş salıb:

“2013-cü ildə dayımla Rusiyada işləyirdik. Mübahisələrimiz də o vaxtdan başlayıb. Dayım içki içəndən sonra nalayiq ifadələr işlədirdi. Həmin vaxt ondan ayrılıb Bakıya qayıtdım. Anamla birlikdə yaşayırdıq. 2019-cu ildə dayım Bakıya qayıtdı və bizimlə yaşamağa başladı. Dayım 20 il əvvəl boşanmışdı. Anam evimizin yarısını ona verdi. Ev anamın mülkiyyətində idi. Dayım spirtli içki qəbul edərək özünü idarə edə bilmirdi, dostlarını tez-tez evə gətirirdi. Anam da bu problemlərdən qurtulmaq üçün evimizi iki yerə böldü.

Rusiyada olanda dayım mənə 150 dollar pul vermişdi. Hər dəfə içəndə bu məsələni açırdı, məni təhqir edirdi. Axırıncı dəfə də eyni söhbətə görə mübahisə elədik. Söhbətimiz həyətdəki Çinar ağacının altında davam elədi. Axırıncı sözü “sənin atan kişi deyil” deyib var-yox söyüşü söydü. Bundan sonra özümdən çıxdım. Bıçağı çıxarıb onun böyrək və kürəyindən vurmağa başladım. Birinci müqavimət göstərmək istədi, amma bacarmadı”.

Turanın ifadəsindən məlum olub ki, hadisə zamanı o qədər sərxoş olub ki, dayısını vurandan sonra orada oturaqlı və halsız vəziyyətdə qalıb. Ayılandan sonra dayısının qanlı vəziyyətdə üzbəüz “televizor təmiri” yerinə aparıldığını görüb.

Az sonra isə polis əməkdaşları gələrək onu Şəmkir rayon Polis Şöbəsinə aparıblar.

Mərhumun bacısı, Turanın anası da məhkəmədə dindirilən zaman eyni məzmunlu ifadə verib. Bildirib ki, mərhumla oğlu arasıdan tez-tez mübahisələr olub. Həmin mübahisələr Rusiyada olanda başlayıb. Oğlu Bakıya qayıdandan sonra bu söz-söhbətdən xəbər tutub. Ona məlum olub ki, Nizami spirtli içki içdikdən sonra oğlu ilə tez-tez mübahisə edib. Turan içki içmək istəyəndə dayısı ona icazə verməyib.

Şahidin sözlərinə görə hadisədən bir neçə saat əvvəl qardaşı ilə danışıb. Qardaşı ona Turanın özünü yaxşı aparmadığını deyib.

“Ona dedim ki, Turanın işinə qarışma. Çünki problem hər dəfə böyüyürdü. Həmin gün Nizami də içkili idi. Mən oradan aralaşıb evə getdim. Sonra mənə xəbər verdilər ki, Nizami xəstəxanadadır”- deyə şahid ifadəsinə əlavə edib.

Məhkəmə prosesində polis əməkdaşları ifadə verən zaman deyiblər ki, hadisə yerinə gələndə Nizaminin qan içində yerə uzadıldığını görüblər. Yaxınlıqda isə Turan əlində mətbəx bıçağı ilə dayanıb. O, hadisə yerindən qaçmaq istəsə də buna halı olmayıb. Turan polis maşınına əyləşdirilən zaman “şərəfsiz ölməyib” deyə polis əməkdaşlarına sual edibmiş.

Məhkəmə istintaqının sonunda hakim Turanın əməlinin sübuta yetirildiyi qənaətinə gəlib. Bununla da Gəncə Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə Turan Əzizov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR