150-dən çox məcburi köçkün ailəsinin dözülməz həyat şəraiti... - VİDEO, FOTOLAR
Xətai rayonu, Məhəmməd Hadi küçəsi 107 a ünvanında yaşayan məcburi köçkün ailələri acınacaqlı durumda yaşayırlar. İllərdir ki, uçuq-sökük binada məskunlaşan məcburi köçkün ailələri normal şəraitli evlərə köçürüləcəkləri günü səbrsizliklə gözləyirlər.
Sakinlərin dediyinə görə, binada 150-dən çox ailə məskunlaşıb. Yer olmadığından 50-yə yaxın ailə binanın həyətində tikdikləri taxta komalarda yaşamağa məcbur qalıb.
Aşağı mərtəbələrdə yaşayanların isə vəziyyəti olduqca acınacaqlıdır. İnsanlar rütubət və havasızlıqdan xəstəliklərə yoluxurlar, məişət tullantıları üçün zibil yeşikləri olmadığından ətraf zibillik içərisində qalır, nəticədə evlər gəmirici həşəratların məskəninə çevrilir.
Musavat.com-un əməkdaşına danışan məcburi köçkün ailələri dözülməz yaşam şəraitlərindən gileylənirlər: “20 ildən çoxdur ki, biz qaçqınlara yardım əlini uzadan, problemimizi dinləyən yoxdur. 2005-ci ildən qəzalı durumda olan bu binada yaşayırıq. Uşaqlarımız yoluxucu xəstəliklərdən əziyyət çəkirlər. Siçovullar uşaqlarımızın əlini, ayağını dişləyir. Binanın hər tərəfi açıqdır, salamat pəncərələri yoxdur. İtlərin, siçovulların, təhlükəli həşəratların əlindən cana yığılmışıq. Nə qədər qarşısnı almağa çalışsaq da, mümkün olmur. Binada qaz olmadığından qış aylarında otaqlar buz kimi olur. Azyaşlı uşaqlar qışda tez-tez xəstələnirlər. Xahiş edirik ki, aidiyyatı qurumlar bizə yardım etsinlər. Yeni mənzillə təmin etmirlər, onda heç olmasa, binanı təmir etdirsinlər”.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərovla əlaqə saxladıq. O, məcburi köçkünlərin məskunlaşdığı binanın köçürülməsinin nəzərdə tutulmadığını bildirdi: “Çəkiliş apardığınız bina əvvəllər Səhiyyə Nazirliyinin balansında olub. Sonradan Dövlət Sərhəd Xidmətinin balansına verilib. Həmin binanın sakinlərinin köçürülməsi haqqında hələlik göstəriş yoxdur”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz
Məğrur Mərd,
Musavat.com,
Fotolar və video müəllifindir.






