İnsanlara hürriyət, millətlərə istiqlal!

“15 min manat verdilər və...” - Xətaidə yanan bina ilə bağlı məhkəmədən REPORTAJ

1151 26.07.2016 15:32 Reportaj A A
Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada ürək tutmasından dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Eldar İsmayılov çıxışında bildirib ki, təqsirləndirilən şəxslərdən Nüsrət Muxtarov təcridxanada ürək tutmasından dünyasını dəyişdiyindən onun hüquqi varisi müəyyən edilib.

Hakim bildirib ki, N.Muxtarovun ölümündən sonra onun oğlu Asif Muxtarov mərhumun hüquqi varisi kimi tanınıb. 

Məhkəmə prosesində zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş kimi tanınan bina sakinlərindən Əli Məmmədov ifadəsində gəlinin cehizlərinin də yandığını, lakin onlara ödənilən 15 min manatlıq yardımın dəymiş ziyanı qarşılamadığını deyib: “Oğlumun toyuna hazırlaşırdıq. Gəlinimin cehizləri də evdə idi. Ancaq cinayət işi materiallarında göstərilir ki, hələ toy olmamışdı. Ancaq toya 2 gün qalmış hadisə bad verib. Əşyalar evdə idi”.

Zərərçəkmiş onu da deyib ki, təmir işlərinin Xətai rayon İcra Hakimiyyəti tərəfindən aparılması ilə bağlı binanın yaxınlığına xəbərdarlıq lövhəsi asılıbmış.

Mənzili yananlardan Feyruz Əhədov ifadəsində şikayətinin olmadığını və dəymiş zərərin ödənildiyini deyib.

Zərərçəkmişlərdeən Famil İsmayılov yanğın baş verən vaxt binada üzləmə işlərinin aparılmadığını deyib: “Həmin gün fəhlələr yox idi. Hadisə ola bilər ki, siqaret kötüyünün atılması ilə bad verib. Yanğın birdən-birə bad verdi”.

Mənzillərə dəymiş zərərə görə hər bir ev sahibinə 15 min manat standart kompensasiya verilib: “Mənzillər təmir edilib. Əşyalara görə də 15 min manat ödənilib”.

Digər zərərçəkmiş Sabir Sultanov da hər kəsə 15 min manat kompensasiya verilməsinə narazılığını bildirib. O, deyib ki, mənəvi zərər nəzərə alınmayıb: “Bizə maddi zərərlə yanaşı, mənəvi zərər də dəyib. Ancaq hamıya 15 min manat ödədilər. Ancaq elə adam var ki, ona 30-40 min manat ziyan dəyib. Bu, belə olmamalı idi”.

S.Sultanov təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, sifarişçilərin həbs edilməli olduğunu deyib.

Elman Qəribov da zərərçəkmiş kimi ifadə verib. O da ödənilən 15 min manatlıq kompensasiyadan narazı olduğunu bildirib: “Biz bu məbləğdən razı deyilik. Ancaq dedilər ki, oyan-buyan eləsəniz, bunu da verməyəcəyik”.

Hakim zərərçəkmişlərin maddi və mənəvi zərərə görə ödənilməyən kompensasiya ilə bağlı şikayətlərinə münasibət bildirərək deyib ki, hər bir zərərçəkmiş maddi və mənəvi zərərə görə ayrıca məhkəməyə müraciət edə bilər.

Hakim həmçinin digər zərərçəkmiş kimi tanınan şəxslərin də mütləq məhkəməyə gəlməli və ifadə verməli olduqlarını deyib.

Təqsirləndirilənlərdən Fərid Sadıqovun vəkili müvəkkilinin səhhəti ilə bağlı ciddi problemlərinin olduğu üçün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb.  

Vəkil bildirib ki, müvəkkilinin beynində şiş olub və əməliyyat edilib: “Onun səhhəti imkan vermir ki, o, həbsxanada saxlanılsın. Tibb müəssisəsindən də müayinə ilə bağlı sənədi məhkəməyə təqdim edirəm. Ailəlidir, daimi yaşayış yeri var. Zərərçəkmişlərdən heç birinin də ondan şikayəti yoxdur. Xahiş edirik ki, onu ev dustaqlığına buraxasınız”.

Müşavirəyə yollanan məhkəmə heyəti vəsatətlə bağlı qərarını açıqlayıb. Hakim Eldar İsmayılov deyib ki, vəsatət əsassız olduğundan təmin edilməyib. 

Məhkəmə prosesi avqustun 2-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən və qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün “Astoriya” MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR