Gürcüstanın azərbaycanlılar yaşayan Soğanlıq kəndində 14 yaşlı qız uşağının 19 yaşlı yeniyetmə ilə nişanlandırılması ictimai qınağa səbəb olub. Sosial medianın Azərbaycan seqmentində qızğın müzakirələr gedir, cəmiyyətin bu mövzuda fikirləri haçalanıb.
Əksəriyyət bir mövqedədir ki, 14 yaşlı qızın nişanlanması həm qanun pozuntusudur, həm erkən nikahlar gələcəkdə böyük fəsadlar törədir, həm qızın təhsil hüququnun əlindən alınması, o cümlədən seçim azadığından məhrum edilməsidir.
Amma qızın yaxınlarının verdiyi məlumata görə, sadəcə “sözkəsdidir”, üç il sonra qanunlar çərçivəsində ailə quracaqlar.
Sosial media fəalları yazırlar ki, son illər Gürcüstanda erkən nikah halları artıb və hökumət qurumları məsələyə diqqət ayırmır.
Gürcüstandan olan bəzi azərbaycanlı yazarlar, media üzvləri isə bunu qəzəblə qarşılayır, oradakı əksər azərbaycanlıların belə olmadığını bildirirlər, istisna hadisə kimi dəyərləndirirlər.
Artıq məsələ ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.
Həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib. Eyni zamanda Gürcüstan polisi istintaq tədbirlərinə başlayıb. Bu gün isə 14 yaşlı qızın yaxınları nişanı təkzib edib, ad günü keçirildiyini bildirib.
Bəs bu, Gürcüstan azərbaycanlıları arasında adda-budda rast gəlinən haldır, yoxsa erkən nikahlar, təhsildən yayınma halları kütləvi yayılıb?
Bu məsələdə Gürcüstanın müvafiq qurumları təqsirkardır, yoxsa ailələrin günahıdır? Azərbaycanda bu sahədə vəziyyət necədir?
Azyaşlı qızları ərə verilməsi, erkən nikahlarla bağlı dövlət orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hansı işlər görülür?
Komitənin 2020-ci ilin yayında açıqladığına görə, erkən nikahın çox rast gəlindiyi cənub bölgəsi artıq öz “liderliyini” başqa bölgələrə verib: “Qırmızı xəttə daxil olan bölgələr:
1. Aran iqtisadi rayonu üzrə 96 fakt;
2. Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 46 fakt;
3. Bakı şəhəri üzrə 36 fakt;
4. Lənkəran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilmişdir.
“TV Musavat”ın canlı yayınında “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlunun moderatorluğu ilə qonaqlarımız bu mövzuları müzakirə ediblər.
Erkən nikahlar və Gürcüstandakı hadisəsi barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə və Gürcüstanın Marneuli rayonunun Beytarabçı kəndində anadan olmuş tanınmış jurnalist Amil Hacıyev danışıb.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






