İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı “gəlin”in acı taleyi: – erkən nikahlar yenə can alır, nə etməli…

806 16.10.2023 21:12 Gündəm A A

Xəbər verildiyi kimi, ötən həftə Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın anası və dayısı həbs edilib. Səbəb onların məktəbli qızı evliliyə məcbur etməsi olub. Kvemo Kartli bölgə prokuroru Xatia Qoqriçiani Aytac Şahmarovanın zorla evləndirilməsinin təşkilatçısının onun anası olduğunu, Aytacın qətlə yetirilməsinə görə birbaşa məsuliyyət daşıdığını bildirib.
Məhkəmədə azyaşlını öldürən Alim Sadiqov Aytacı qətlə yetirmək niyyəti olmadığını, silahın pnevmatik olduğunu düşündüyünü, həmçinin “həyat yoldaşı”nın azyaşlı olduğunu bilmədiyini iddia edib. “Həyat yoldaşımın azyaşlı olduğunu bilmirdim, anası mənə dedi ki, onun 18 yaşı var”, - deyə Alim Sadiqov bildirib.

Gürcüstan DİN-in araşdırmalarına görə, azyaşlı 2023-cü ilin yayında Alim Sadiqov tərəfindən məcburi nikaha daxil olmaq məqsədilə qaçırılıb və Saqareco rayonunun Ləmbəli kəndinə gətirilərək qanunsuz azadlıqdan məhrum edilib. Lakin azyaşlı evdən gizlicə qaça bilib və tanımadığı şəxsin telefonu ilə anası ilə əlaqə saxlayaraq oğurlanması barəsində məlumat verib. Lakin anası və dayısı bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər və Aytacı onu qaçıran şəxslə yaşamağa məcbur ediblər. Aytac Şahmarova oktyabrın 5-də axşam saatlarında “həyat yoldaşı” Alim Sadiqov tərəfindən öldürülüb.

Bu faciəvi olay qonşu ölkədə yaşansa da, vəhşicəsinə qətlə yetirilənin azərbaycanlı olması ikiqat üzücüdür və diqqəti yenə Azərbaycana yönəldir. Sirr deyil ki, erkən nikahlar bizim ölkədə də vaxtaşırı qeydə alınır. Bu mənada Aytac Şahmarovanın nakam taleyi və onun anasının, dayısının həbsi oxşar niyyətdə olan valideynlərə dərs olmalıdır. Olacaqmı?

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 15-17 yaşlı 2011 qız ana olub. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) Azərbaycandakı demoqrafiq durumla bağlı ötən ilə dair hesabatında qeyd edilib.

Hesabatdan belə məlum olur ki, 18 yaşı tamam olmayan qızların dünyaya gətirməsi halları əvvəlki (2021) illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu.

Qanuna əsasən, 16 yaşa qədər olan oğlan və qızlar uşaq hesab olunur. Azərbaycan qanunvericiliyində 2011-dən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması deməkdir. Statistikadan da görünür ki, Azərbaycanda erkən nikah, uşaq yaşda ana olmaq problemi səngimək əvəzinə, daha da artır.

Həmçinin son illər Gürcüstan azərbaycanlıları arasında da azyaşlı nikahların sayının artdığı müşahidə olunur. artır. Ekspertlər qeyd edir ki, bu, əhlükəli tendensiyadır. Əsas səbəb kimi isə təkcə azərbaycanlıların gürcü dilini öyrənib Gürcüstan cəmiyyətinin bir parçasına çevrilməməsi deyil, həm də son illər İranın Borçalıya ciddi nüfuz etməsi göstərilir. Qeyd olunur ki, əsasən də sünni bölgə kimi tanınan Borçalıda İranın şiə təbliğatı güclənib. Oradan yayılan Aşura görüntülərində müşahidə olunan kütləvilik də bunu təsdiqləyir. Bildirilir ki, vaxtında bu problemin qarşısı alınmazsa, problem daha da böyüyəcək.

Bəs erkən nikahları necə durdurmalı?

Hər evdə olması vacib olan kitab! - Əhməd Qəşəmoğlu

Mövzu ilə bağlı tanınmış sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, bütün bu baş verənlər onu göstərir ki, həm Azərbaycan Respublikasında, həm də başqa ərazilərdə yaşayan azərbaycanlılar arasında maarifləndirmə işlərinə ciddi ehtiyac var:

“Bütün bunlar Azərbaycan ailəsi üçün utanc gətirən amillərdir. Xristian ölkələrində də belə hadisələr yaşanırsa, demək ki, çox ciddi şəkildə tədbirlər görməliyik. Məsələn, bu mövzu ilə bağlı tele-seriallar yaradıla bilər, həmin seriallarda ailələrdə xoşagəlməz məsələlər çox ciddi tənqid oluna bilər, eyni zamanda təhsil sistemimizdə ailə ilə bağlı çox ciddi söhbətlər aparıla, aşılana bilər, həmçinin Gürcüstanda azərbaycanlı uşaqların oxuduqları məktəblərdə bu söhbətləri aparmaq olar və sairə.

Təəssüf ki, nə ölkəmizdə, nə də xaricdə yaşayan azərbaycanlılar arasında bu məsələyə ciddi diqqət yetirmir, iş aparmırıq.

Məni artıq heyət götürür ki, nə qədər də deyirəm ki, günü-gündən mürəkkəbləşən, daha da gərginləşən cəmiyyətdə bu məsələləri həll etmək üçün sosioloji araşdırmalardan, təhlillərdən geniş istifadə olunmalı, fəaliyyət proqramları hazırlanmalıdır, eşidən yoxdur”.

Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə qeyd edib:

“Son vaxtlar Gürcüstanda dini amillərin artmasını müşahidə edirik. Görünür ki, Gürcüstanda azərbaycanlıların yaşadığı ərazilərdə dil bilmək, təhsili stimullaşdırmaq üçün kifayət qədər işlər aparılmır. Bu baxımdan zaman-zaman öz soydaşlarımız ilə bağlı müxtəlif tədbirlər keçirməliyik.

Gürcüstanda azlıqlara qarşı ayrı-seçkilik olmasa da, hər halda müəyyən elementlər görünür və orada dini amillərin artması erkən nikahların artmasına rəvac verir.

Məlum olduğu kimi Qafqaz Müsəlmanları İdarəsi fitva vermişdi ki, rəsmi nikah olmadan, dini kəbinə icazə verilməsin. Amma müşahidə etdik ki, bu fitva yalnız bəzi yerlərdə öz təsirini göstərdi. Görünür ki, Gürcüstanda da dini qurumların birgə iştirakı ilə bu məsələyə diqqət ayrılmalıdır.

Hesab edirəm ki, QHT-lər olaraq məscidlərlə işimiz çox zəifdir. Məsələn, bu günlərdə biz bununla bağlı görüş keçirdik və hiss etdik ki, həqiqətən də bu məsələdə bir boşluq var. Yəni, məscidlərdə moizələr oxunur, dini müzakirələr aparılır, amma sosial problemlər diqqət mərkəzinə çatdırılmır. Yaxşı olardı ki, bu cür məsələlər daha çox müzakirə predmeti olsun. Yəni, təkcə dini deyil, həm də gündəmdə olan məsələlər müzakirə olunsun.

Məsələn, bizim keçirdiyimiz görüşdə xristian kilsəsindən bizə böyük məmnuniyyətlə dedilər ki, bukletləri gətirə, məlumat plakatları asa bilərik. Amma məscidlərdə bunun etmək qeyri-mümkündür. Bu baxımdan da hansısa bir yol, metod tapılmalıdır.

Digər tərəfdən, bu məsələ ilə bağlı qanunvericiliyi də sərtləşdirilir və bildiyim qədər 17 yaş məsələsi də aradan qaldırılacaq, hansı ki, bu bəzi sui-istifadələrə gətirib çıxarırdı, valideynlərdən bundan bəhrələnməyə çalışırdı.

Hesab edirəm ki, ən vacib məsələlərdən biri də qadınların təhlükəsizliyi, stimullaşdırıcı proqramların artırılmasıdır. Və bu barədə kifayət qədər məlumatlar yayılmalıdır ki, qadınlar bu məlumatlardan xəbər tutsunlar. Həmçinin qaynar xətlər olmalıdır. Məsələn, indi daha çox 102 xidmətinə zəng olunur. Fikrimcə elə 102- xidmətinin tərkibində uşaq evliliyi ilə bağlı ayrıca qaynar xətt olmalıdır. Həmçinin uşaqlar arasında bu qaynar xətlə bağlı məlumatları artırmaq lazımdır”.

Onu da əlavə edək ki, oktyabrın 15-də Tbilisidə parlamentin qarşısında Gürcüstanda erkən nikahla bağlı aksiya təşkil edilib. Dinc aksiyada yüzlərlə insan iştirak edib. Aksiyanın keçirilməsinin əsas məqsədi uşaqları qorumaq, onları təhsilə yönəltmək, erkən nikahla bağlı qanunda daha sərt tədbirlərin görülməsi üçün dəyişikliklər aparılsın.

Dinc aksiyanın təşkilatçılarından biri, hüquq müdafiəçisi Samirə Bayramova bildirib ki, erkən nikah Gürcüstanda tək azərbaycanlıların problemi deyil: "Gürcüstanın bir çox regionları var ki, statistika Azərbaycanlılar yaşayan bölgələrdən daha çoxdur. İmereti ərazisində erkən nikahların statistikası olduqca böyükdür. Statistikaya əsasən, ən çox erkən nikah elə paytaxt Tbilisidə baş verir".

"Gender bərabərliyi, qadın və uşaq hüquqları ilə bağlı Gürcüstanın bütün bölgələrində maarifləndirmə işləri aparırıq, vətəndaşlarla görüşürük. Hər bir kənd, hər bir icma, hər bir məktəbdə bu görüşlərimiz baş tutur və tutacaq", – hüquq müdafiəçisi qeyd edib.

Xalidə Gəray
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR