Bu fikirlər Güney Azərbaycanın Urmiya şəhərində anadan olan, Tehranda hüquqşünas təhsili almış, 1985-ci ildən isə İsveçin Stokholm şəhərində yaşayan Babək Azəriyə məxsusdur. O taylı - bu taylı Azərbaycanın problemlərini işıqlandıran Azadtribun saytının yaradıcısı olan B.Azəri deyib ki, Urmu gölünün qurumasına səbəb bu gölə tökülən çayların qarşısının alınması, məcrasının dəyişdirilməsidir. “Deyilənlərə görə, Urmu gölünə tökülən çayların qarşısına 30-dan artıq sədd vurublar. Hətta sədd vurma prosesi hələ də davam edir. Təqribən 14 il bundan qabaq dünya miqyasında ekspertlər İrana xəbərdarlıq verdilər. Əgər Urmu gölünə tökülən çayların qarşısında sədd düzəltmə işləri dayandırılmaya, Urmu gölü quruyacaq. Amma İran rejimi bu xəbərdarlıqlara əhəmiyyət vermədən, şiddətlə işi davam etdirdi və hələ də etdirməkdədir”-deyə, B.Azəri bildirib.
O deyib ki, əslində gölün qurudulmasında məqsəd milyonlarla Azərbaycan türkünün ana yurdundan çıxarılmasına xidmət edir: “Təqribən, 85 il bundan öncə, İranda hərbi çevriliş nəticəsində Rza xan özünü şah elan etmişdir və bunla da İranda Pəhləvi sülalə rejimi yarandı. O hakimiyyətə gələn kimi, fars dilini İranda yaşayan xalqların rəsmi dili elan etmişdir və fars millətini nümunə götürərək, çalışmışdır ki, digər millətlər, o cümlədən azərbaycanlılar fars millətinin içində əriyib yox olsunlar. Və İranda yaşayan millətlər sözünün yerinə, İran milləti ifadəsi icad olmuşdur. Tamam bu assimilyasiya siyasətinə baxmayaraq, 1945 -ci ildə Güney Azərbaycanda S.C.Pişəvəri başda olmaqla Milli Hökumət yaranmışdır. Azərbaycanda Milli Hökumətin yaranması Pəhləvi rejimini həddən artıq qorxutmuşdur. Çünki Güney Azərbaycan böyük coğrafiyaya malikdir və eyni halda cəmiyyəti kəmiyyət baxımından orda yaşayan digər millətlərdən çoxdur. Elə bütün bu səbəblərə görə, həm İranın mərkəzi hökumətinə, həm torpaq bütövlüyünə hədə sayılırdı. Buna görə, Güney Azərbaycanlıları kütləvi mühacirətə məcbur eləmək Pəhləvi rejiminin strateji siyasətinə çevrildi. Pəhləvi rejimi bilərəkdən Güney Azərbaycanda kütləvi mühacirətə, siyasi və xüsusən iqtisadi zəmin yaratdı. Əlbəttə, Pəhləvi rejimi Stalindən təqlid etmişdir. Stalin Sovet İttifaqında milyonlarla insanı kütləvi mühacirətə məcbur etmişdir və bu vasitə ilə kommunist partiyasının nəzarətini qeyri-rus məntəqələrdə artırmışdır. Çox təəssüf ki, İranda islam inqilabından sonra azərbaycanlıları kütləvi mühacirətə məcbur etmə, İranın islam hakimiyyətinin strateji siyasəti kimi davam etmişdir. Belə ki, hazırda milyonlarla azərbaycanlı Güney Azərbaycanı tərk edib İranın digər yerlərinə, xüsusən fars məntəqələrinə köçüblər. Bununla da mərkəzi hökumət iki hədəfə yetişir: Azərbaycanlıların İranın müxtəlif yerlərinə dağılmaları səbəb olur ki, onları mərkəzi hökumətə qarşı təhlükələri azala və xüsusən, onların uşaqların fars millətinin içində əritmə prosesi çox rahat həyata keçirə. 1991-ci ildə Şimali Azərbaycan müstəqil oldu və bununla da eyni halda Güney Azərbaycanda xalqın içində milli şüur yüksəlməyə başladı. Bu hal İran rejiminin kabusuna çevrilmişdir və Güney Azərbaycanı şoranlığa çevirmək, ekspertlərin nəzərinə görə, 14 milyon azərbaycanlının köçürülməsi rejimin aktual siyasəti olmuşdur. Urmu gölü quruyandan sonra təqribən 10 milyard ton duz Güney Azərbaycanın ərazisinə səpilib onu şoranlığa çevirəcək və bu da 14 milyon azərbaycanlının Azərbaycanı tərk etməsinə səbəb olacaq”.
B.Azərinin sözlərinə görə, ehtimal edilir ki, İran rejimi bir tədrici prosesdə və nizamlı formada azərbaycanlıları Xuzistanda (ərəblər yaşayan ərazidə), Loristan ( lorların yaşadığı yerdə), Sistan və Bəluçistan (bəluçların yaşadığı yerlərdə) yerləşdirəcək və mühacir azərbaycanlılarla ərəblərin, lorların və bəluçların arasında təzad və düşmənçilik yaratmaqla onların üstündə nəzarəti artırıb öz hökumətinə davam verəcək: “Artıq dünyanın bu durumdan xəbəri var. Çünki Urmu gölünün quruması mahiyyət baxımından bir beynəlxalq problemdir. Əgər Urmu gölü qurusa, əkin yerləri şoranlığa çevriləcək və hətta mal-davar otlaqları məhv olacaq. Bunun nəticəsində Güney Azərbaycanda yeyinti məhsulları, o cümlədən, buğda, yeralma, mal-davar ətinin istehsalı mümkün olmayacaq. Bu da öz yerində dünya bazarında yeyinti məhsullarının üstündə kəmiyyət və keyfiyyət baxımından mənfi təsir qoyacaq. O biri tərəfdən də milyonlarla azərbaycanlı mühacirətə məcbur olacaq. Bunların əksəriyyəti İranın digər yerlərinə köçməli olacaqlar. Amma bəziləri də qonşu ölkələrə köçüb və bəziləri çalışacaqlar Avropa, Kanada, Avstraliya və Amerikaya mühacirət edəcəklər. Bir yerdə ki, milyonlarla insan mühacirətə məcbur olurlar, bu faciə ilə bağlı Birləşmiş Millətlər Təşkilatı məsuliyyət daşıyır, gərək ki, onlara yardımçı ola. Elə bu səbəblərə görədir ki, Urmu gölünün quruması dünya mediasının diqqət mərkəzində və hətta bəzi yüksək səviyyəli siyasətçilər bu mövzu ilə bağlı reaksiya nişan verirlər. Misal üçün, Almaniyada Yaşıllar Partiyasının başqanı Urmu gölü ilə bağlı reaksiya vermişdir və İran rejiminə xəbərdarlıq etmişdi ki, bu gölün qurumasının qarşısı alınsın. Bir məqama da diqqəti çəkmək istərdim ki, bu duz təkcə Güney Azərbaycan ərazisini zəhərləməyəcək, eyni zamanda Şimali Azərbaycan, İranın fars məntəqələrinə və Türkiyəyə də vurub çatacaq”.
Həbslər davam edir
Orucluq ayında iftar süfrəsi zamanı tutulmuş 4 azərbaycanlı siyasi və mədəni fəal Şərqi Azərbaycan üzrə ETTELAAT-ın təcridxanasından Təbrizin mərkəzi zindanına təhvil verilib. Bunun mənası odur ki, həmin 4 şəxsin ibtidai istintaq prosesi başa çatıb və onları məhkəməyə hazırlayırlar. Cəmşid Zareyi, Tağı Sələhşur, Mehdi Həmidi Şəfiq və Vahid Şeyxbəyli orucluq zamanı Mustafa Əvəzpurun evində iftar açarkən tutulub və ETTELAAT-a aparılıb. İran qanunlarına görə zindana göndərilən 4 fəal ya qısa zamanda mühakimə olunacaq, ya da girov müqabilində azadlığa buraxılacaq, sonra məhkəməyə çağırılacaq.
Maraqlıdır ki, son dövrlər azərbaycanlı mədəni və siyasi fəalları müdafiə edən vəkillərin bir çoxu ya həbsə alınıb, ya da ölkədən qaçmağa məcbur olub. Məsələn, vəkil Musa Bərzin Xəlifəli həbsdədir, onlarla azərbaycanlı fəalı müdafiə etmiş Nağı Mahmudi ölkəni tərk edib, Abbas Camali isə fəaliyyətini dayandırıb.
Qeyd edək ki, iftar mərasimində tutulanlar: Əziz Purvəli, Musa Bərzin Xəlifəli, Mahmıd Fəzli, Həsən Ərk, Mustafa Əvəzpur, Murtəza Əvəzpur, Yusuf Sələhşur, Taği Sələhşur, Əhməd Əlizadə, Yasir Salmani Rizayi, Əhməd Riyazi Mubarəki, Abdulla Sadiqi, Mehdi Nuri, Yaqub Kərimi, Məhəmməd Əlimuradi, Əli Sirnak, Əli İymani Qaraməliki, Qadir Novruzi, Məhəmməd Əmiri, Cəlil Ələmdari Miylani, Yaqub Ramazani, Məhəmməd Mahmudi, Əkbər Purihüseyn, Yaqub Kərimi, Fərzad Məhdəvi İsfəncani, Mehdi Muhaciri, Cəmşid Zareyi, Mehdi Həmidi Şəfiq və Vəhis Şeyxbəylidir.
Tutulanların bir hissəsi qısa vaxtda İnqilab Məhkəməsində mühakimə edilib və 24 ay həbs cəzası verilib. Tutulanların bir hissəsi Şərqi Azərbaycan ETTELAAT-da həbslərinin qanunsuz olduğuna etiraz olaraq artıq 20 gündür aclıq edir. Aclıq edənlərin bir çoxu həbsxana xəstəxanasına köçürülüb.
Bu gün Azərbaycanın milli, mədəni və iqtisadi kimi hüquqları uğrunda fəaliyyət göstərən bir çox soydaşımız, İran zindanlarında ağır işgəncələr altında məhbus həyatı yaşamaqdadırlar. Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal cənab Səid Mətinpur doğum gününü zindanda qeyd edib. Milli Hərəkat fəalları tərəfindən yayılan bəyanatda millət və vətən uğrunda fəaliyyət göstərib, təzyiq və işgəncələrə məruz qalan insanların dəyərindən söz açılıb. Səid bəy Mətinpurun getdiyi yol qiymətləndirilib və bir simvol kimi yad edilib. Bəyanatda bildirilib ki, Səid bəyin doğum günü - 20 sentyabr Güney Azərbaycan siyasi məhbusların günü kimi qeyd olunsun və hər il bu gün siyasi məhbuslar günü kimi ağırlansın.
İran və Güney Azərbaycanda təhsil ocaqlarının açılışı dönəmində, Tehran divarları Milli Hərəkat fəalları tərəfindən şüarlarla bəzədilib. Tehran-Şəhriyar caddəsi ətrafında yerləşən Səidabad, Məhdiyyə, Nəsirabad və sair kimi şəhərciklərin divarlarında bir çox milli şüarlar görünüb. Yazılan şüarlar arasında “Türk dilində mədrəsə”, “Haray. Haray mən türkəm”, “Yaşasın Azərbaycan” olub.
Zəncan camaatı ayaqda!
Zəncanda Urmu gölü ilə bağlı kütləvi etiraz yürüşünün keçiriləcəyi xəbərindən sonra bu şəhərdə bir çox milli-mədəni fəal tutuqlanıb. GünAz.TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, S.Mətinpurun doğum günü mərasimindən sonra tutuqlanan Mehrdad Kərəmi, Camal Rzayi və Xəlil Qulamiyə ağır işgəncələr verilib. İşgəncələr elə bir həddə olub ki, görənləri və onların ailəsini şoka salıb.
Məlumata görə, adı çəkilən milli-mədəni fəallar dünən Zəncanın İnqilab Məhkəməsinə aparılıb və bir müddət sonra naməlum istiqamətə göndərilib. Zəncanda Urmiya gölü ilə bağlı növbəti kütləvi etiraz aksiyası gözlənilir. Etiraz günü yaxınlaşdıqca azərbaycanlı fəallara qarşı təzyiqlərdə artır. Məlumata görə, iki gün öncə həbs olunan Mehdad Kərəmi, Camal Rzayi və Xəlil Qulaminin evlərində, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən axtarış aparılıb. Məmurlar azərbaycanlı fəallara aid kitab, əlyazmalar, kompüter və başqa şəxsi əşyaları özləri ilə aparıblar. Həmçinin ETTELAAT tərəfindən Davud Xudakərəmiyə zəng edilib və ondan Urmiya gölü ilə bağlı çağırışlar və imzatoplama kampaniyası ilə əlaqədar ETTELAAT idarəsinə gəlməsi tələb olunub. Məlumata görə, Xudakərəmi bu qanunsuz çağırışa məhəl qoymayıb. Məmurlar isə onun ata evində axtarış aparıb və onu yaxalamaq istəyiblər. Xəbər verilir ki, ancaq Xudakərəmini ələ keçirmək mümkün olmayıb.
Qeyd edək ki, zəncanlı fəallar bir neçə gündür ETTELAAT tərəfindən telefon vasitəsi ilə təhdid edilir və idarəyə çağırılırlar.
Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq keçirilən aksiyalara görə 11 gün əvvəl tutulan azərbaycanlı fəal Mehdi Üsuli isə azadlığa buraxılıb. “Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşları sentyabrın 12-də Ərdəbil Azad İslam Universitetinin tibb fakültəsinin tələbəsi Mehdi Üsulini küçədə tutub bilinməz istiqamətə aparmışdılar. Ərdəbilli fəalın konkret nədə günahlandırıldığı və onun hansı şərtlərlə azadlığa buraxılması haqda məlumat yayılmayıb.
Cavid TURAN






