Ölkədə son 15 ildə heç vaxt olmadığı qədər ziyalı mövqeyinə ehtiyac duyulur. Cəmiyyət keçirdiyi ağır günlərində fikir adamlarına, işıqlı insanlarına söykənməlidir. Amma Azərbaycanda bir ziyalı sözü “defisiti” müşahidə edilir.
Bunun bir günahını da vaxtilə xalq qarşısında hörməti - izzəti olan həmin ziyalıların bir qrupunun sözünün çəkidən düşməsində, zaman-zaman çıxışları ilə rəğbətin itirilməsində axtarmaq lazımdır. Eyni zamanda kütlənin ziyalı anlayışına münasibətində dəyişiklik var. Toplum sanki ona kiminsə öyüd-nəsihət verməsini, qabağına çıxmasını eşitmək, görmək istəmir. Xüsusən sosial şəbəkə seqmentində, yeni gənc nəslin yanaşmasında ziyalıların çıxdaş edildiyini söyləyə bilərik. Halbuki istər gözəgörünməz düşmən koronavirusla mübarizədə, istərsə görünən düşmən erməni ilə müharibədə xalqın ziyalı sözü eşitməsi zəruridir.
Ən azı Bakıda keçirilən orduya dəstək yürüşündə işıqlı simaların önə çıxması labüd idi. Necə ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki proseslərdə ziyalılar lokomotiv idilər, kütləni arxasınca daşıyırdılar.
Belə çıxır ki, Azərbaycanda sözü mötəbər olan ziyalılar azalıb. Hər dəfə millət bir çətinliklə üzləşəndə deyilir ki, bəs ziyalılar haradadır? Bunu 1988-ci ildə də deyirdilər. O zaman var idi. İndi biz ziyalıları öz hücrələrinə çəkilmiş görürük. Xalq yazıçısı Anar da bu məsələyə toxunub: “Belə anlarda da, həmişə də ziyalı sözünə ehtiyac var. Təki sözümüzü eşidən olsun. Xalqa sözüm odur ki, heç bir təxribata uymasınlar, bir olsunlar. Bu gün ən vacib olan şey birlikdir”.

Xalq şairi, deputat Sabir Rüstəmxanlı isə bildirib ki, əgər gecə belə bir hadisənin baş tutacağını bilsəydi, sözünün eşidilib-eşidilməməsini nəzərə almadan, oraya gedərdi, camaatın qarşısını almağa çalışardı:
“Amma məsələnin gecə saat 4-dək uzanacağını, o cür təxribatın baş tutacağını heç kim nəzərə almırdı”.
Bu gerçəklikləri yazıçı Anar və S.Rüstəmxanlı da dilə gətirirlər. Axı niyə xalq hərəkatının ilk dövründə olduğu kimi ziyalı sözünü eşidən yoxdur? Ziyalı özünü hörmətdən salıb, yoxsa sözün özü hörmətdən düşüb?

Aqil Abbas: “Həmin gecə ora Şeyx də getsəydi...”
Yazıçı-deputat Aqil Abbas ziyalının hörmətdən düşməsi fikri ilə qətiyyən razılaşmır. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Bakıda keçirilən sözügedən yürüş ekspromt idi: “Xalqın ziyalısı var. Amma bu gün sosial şəbəkələrdəki trol ordusu ziyalılar haqda o qədər təhqirlər yazıbar ki, xalqın gözündən salıblar. Məni demədiyim sözə görə nə qədər aşağılayırdılar, söyürdülər. Azərbaycanda Anardan çox sevilən yazıçı yox idi. Əgər həmin gecə ora getsəydi, çıxış etməyə imkan verməzdilər, təxribatçılar onu daş-qalaq edərdilər. Yadınıza gəlirsə, o dövrdə Ziya Bünyadova fit çalırdılar. Yəni o boyda akademikə fit çalanlar var idi”.
A.Abbas qeyd etdi ki, əgər planlaşdırılmış mitinq olsaydı gedib çıxış etmək olardı: “Hər şey spontan baş verdi, xalqın dövlətə və orduya dəstək yürüşü idi. Amma sonradan təxribatçılar öyrədilərək ora göndərildi. Sən şəhid generala, orduya görə yürüşə qatılmısansa, Milli Məclisi niyə dağıdırsan? Ona görə də ölkənin sevilən yazıçısı, şairi, bəstəkarı var, ziyalıları hörmətdən düşməyib. Sadəcə, həmin vaxt ora Şeyxülislam da getmiş olsaydı, o təxribatçılar nüfuzlu adama da danışmağa imkan verməzdilər”.

Seyran Səxavət: “Ziyalı meydana çıxsa da, sözü eşidilmir”
Yazıçı Seyran Səxavətin “Yeni Müsavat”a bildirdiyinə görə, o vaxt meydana İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə kimi qəbildən ziyalılar çıxırdılar: “İndi o cür ziyalılar da yoxdur, miqyas kiçilib. Müxalifətin də ”quyruğu qapı arasında" qalanda bağırır ki, ziyalı haradadır? Müxalifət heç vaxt ziyalı ilə işləyə bilməyib, “yuxarılar” daha yaxşı işləyiblər. İndi də o qədər murdar oyunlar gedir, belə məqamda ziyalılar arxada, şikəst kimi axsaya-axsaya gəlirlər. Açığı, mən bu dərəcədə eybəcərliklərdən iyrənmişəm. Hər tərəfdə nə qədər şərəfsizlik görmək olar".
S.Səxavətin fikrincə, bu cür iyrənc vəziyyətdə ziyalı ortaya çıxa bilməz: “Hətta ziyalı meydana çıxsa da, sözü eşidilmir. İstər iqtidar, istər müxalifət olsun, hamının qulağında ağıreşitmə problemi var. Ona görə az-çox ziyalımız var, əgər sözlərini eşitmək istəyirlərsə, efirə çağırsınlar. Bəzi arvadlar kimi qeybət, küsmək, söyüş yox, döyüş bizə lazımdır. Erməninin nazı ilə nə qədər oynamaq olar?”

Qulu Məhərrəmli: “Sayılan ziyalılar var, amma lazımi yerlərdə deyillər”
Tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmlinin sözlərinə görə, istənilən cəmiyyətin keyfiyyət göstəricisi hansı ziyalı kateqoriyasına malik olmasıdır: “Bu mənada Azərbaycanda yaxşı ziyalılar var və həmişə olub. Amma dediklərinizdə həqiqət də var ki, bu gün 80-cı illərin sonundakı ziyalı təbəqəsi səviyyəsində, keyfiyyətində aydınlarımız azdır. Bu da səbəbsiz deyil, bilərəkdən hörmətli adamlara qarşı kampaniyalar aparılıb, cəmiyyətin gözündən salınıb. Bununla belə, sayılan-seçilən ziyalılar var, lakin lazım olan yerlərdə deyillər”.
Q.Məhərrəmli son hadisələrə gəlincə, hesab edir ki, kütlənin qarşısına çıxacaq ziyalı problemi dilə gətirilir, tez-tez yazılır: “Bunu cəmiyyətin defisiti kimi qiymət vermək olmaz. Həmişə ziyalı var. Amma o dövrdə ziyalı düşüncəsi cəmiyyətin içərisində damcı-damcı yetişdirilirdi, xalqın arasında sözü eşidilirdi, müstəqillik illərində isə ziyalı seqmenti həmin funksiyanı daşıya bilmədi. Ona görə müəyyən mənada o defisit var demək olar. Digər tərəfdən, dəyər olaraq kimləri ortaya çıxarırıq? Media, televiziya hansı adamları üzə çıxarır? Ziyalı o halda yetişir, populyarlaşır ki, ona zərurət olur. Bizdə problemli məsələyə çevrilib. Amma sözünü lazımi məqamda deyən ziyalılar yenə var. Sadəcə, onun həzm olunması problemi də var”.
Qabil Hüseynli
Politoloq Qabil Hüseynlinin dediyinə görə, bütün dövrlərdə həm siyasi, həm mədəni, həm elmi avanqard ziyalılar olub. Onun fikrincə, ziyalısız xalq kütlədir və öz hədəflərini görə bilməyən insan yığınıdır: “Bu gün yaranmış mənzərəyə görə ziyalıları tənqid etmək olar. Onlar ya fəal deyillər, ya da ortaya mövqe qoymağa çəkinirlər. Amma unutmaq olmaz ki, millətimiz üçün ciddi bir sınaq dövrü yaşayırıq”.
Q.Hüseynli hesab edir ki, ziyalı olaraq vəzifələrini dərk edir: “Mənə etibar edilmiş sahədə çalışıram ki, vəzifəmin öhdəsindən layiqli gəlim. Ancaq bunu yetərli saymıram. Çünki ziyalı xalqın tədbirlərində də iştirak etməlidir. O baxımdan politoloq kimi baş verən hadisələrlə bağlı təhlillər, töhfə verməyə çalışıram, Tovuz istiqamətində gedən prosesləri xalqa çatdırmağa, cəmiyyət üzvünün qarşısında duran vəzifələri izah etməyə çalışırıq. Mətbuatda, efirdə çıxışlarım olub, millətin hansı mövqedə dayanmalı olduğunu ictimaiyyətə çatdırıram”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”






