İnsanlara hürriyət, millətlərə istiqlal!

“13 yaşlı qızımın biədəb təsvir edilməsi məni incidir” - Şəhid Larisanın atası “20 Yanvar” filmindən danışdı, FOTOLAR

20624 28.01.2016 14:45 Müsahibə A A

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin rejissorluq etdiyi “Qanlı Yanvar” filmi 20 yanvar ərəfəsində ANS-də yayımlandıqdan sonra ölkədə böyük ajiotaj yaradıb. Ötən il təmtəraqlı şəkildə təqdim edilən və daha sonra xarici ölkələrdə nümayiş olunan ekran işindəki ciddi qüsurlar tamaşaçıları qəzəbləndirib. 

Bəzi tənqidçilərin fikrincə, filmdə cərəyan edən hadisələr həqiqətdən uzaqdır. Ekran işində “20 Yanvar” hadisələrində şəhid olmuş 13 yaşlı Larisa qeyri-rəsmi münasibətdən hamilə qalmış və ruslar tərəfindən zorlanmış gənc xanım olaraq, göstərilib. 

Hətta filmdə qadınların siqaret çəkmələri, söyüş söymələri, cavanların hadisə öncəsi kef məclisi qurmaları və silahlı təsvir olunmaları insanları özündən çıxardıb. “20 Yanvar” şəhidi olan Larisanın atası Fərman Məmmədov da  filmdə qızının namusuna toxunulduğunu və şəhidə layiq olmayan obrazda canlandırıldığını bildirərək, öz narazılığını ictimaiyyətə çatdırıb. 

Məlumat üçün bildirək ki, bir milyon manata başa gələn “Qanlı Yanvar” filmində hadisələr bir azərbaycanlı ailəsinin - Nərimanovların timsalında göstərilir. İki qardaş - KGB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat-inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıblar. 



Dramın mərkəzində, onları boya-başa çatdıran ana - Xədicə xanım dayanıb. Ekran işində dünya şöhrətli amerikalı aktyor Leyn Devis, türk aktrisa Nəbahət Çəhrə, rus aktyor Yuri Baleev, Azər Aydəmir, Faiq Mirzəyev, Mina Seyid və Mina Sovetski rol alıblar.

Səsləndirilən iradları nəzərə alaraq, Larisa Məmmədovanın ailəsi ilə görüşmək üçün evlərinə yollandıq. Bizi qapıda şəhidin atası Fərman Məmmədov qarşıladı. Masa ətrafına keçib, söhbətə 13 yaşlı cəsur Larisa haqda danışaraq, başlayırıq: “Larisa tək mənim yox, bu xalqın övladıdır. Onun haqqında danışmaq illər keçsə də, mənim üçün ağırdır. 13 yaşı vardı, məktəbə gedirdi, dərslərini yaxşı oxuyurdu,  müəllimləri onu nümunə göstərirdilər, gözəl rəsmlər çəkirdi, toxuma qabiliyyəti vardı. Pianinosunu hələ də evdə saxlamışıq. İnsanlar elə bilirlər ki, Larisa rus olub. Mən azərbaycanlıyam, həyat yoldaşım ukraynalıdır. Bizim ailə rus deyil. İnsanların bu barədə məlumatının olmasını istəyirəm”.


 
- Bilirəm ki, bu haqda danışmaq  sizin üçün çətindir. Lakin həmin gün Larisanın yanında siz olmusunuz. O günü necə xatırlayırsınız? 

- Xalq ayağa qalxıb, meydana çıxmışdı. O ərəfədə anasına deyirdi ki, “peraşki” bişir paylayaq. O, insanlara qarşı çox mərhəmətli idi. O vaxt mən avtodəstənin rəisi işləyirdim, avtobuslara nəzarət edirdim. Hadisə baş verən gecə insanlar çöllərə tökülmüşdü. İşi təhvil verəndən sonra insanları pulsuz daşıyırdıq. Larisa ağlayıb deyirdi ki, camaatın hamısı çöldədir, o da onların yanına getmək istəyir. Həyat yoldaşım Larisanın mənimlə getməsini istəmirdi. Larisa ayağımdan tutub dedi ki, o da insanların yanında olmaq istəyir. Uşaq olsa da, hər şeyi dərk edirdi. Mən də onu özümlə apardım. Avtobusda əyləşmişdik. İnsanlar danışırdılar ki, rus əsgərləri zavoda girib, oranı dağıdır. Hadisəni eşidən insanlar da avtobusa mindilər ki, zavoda getsinlər. Zavoda çatmamış rus əsgərləri avtobusa atəş açdılar. Təkər partladığı üçün avtobusu oradan çıxara bilmədik. Əsgərlər avtobusa minib, hamımıza atəş açdılar, məni də aşağı düşürdülər. Güllə Larisaya da dəymişdi, o yerində keçinmişdi, mənim isə bundan xəbərim yox idi. Sonra əsgərlər onu qucaqlarına alıb, apardılar. Yaralı olduğum üçün 1 saylı Klinik Xəstəxanaya yerləşdirildim, orada dedilər ki, Larisa şəhid olub. 



- Film haqqında nə deyə bilərsiniz? Filmin ssenarisi həqiqətə nə dərəcədə yaxındır? 

- Filmə baxanlar bizə bildirdilər ki, Larisa tam fərqli obrazda təqdim edilib. Oğlum da bir hissəsinə baxıb. Deyir ki, filmə baxmağa ürəyi gəlməyib. Gənc, “20 Yanvar” hadisələrindən xəbərsiz insanlarda o film yanlış fikirlər formalaşdıracaq. Zəmanə  dəyişir. Oğlum sosial şəbəkədə Larisanın fotosunu paylaşmışdı, bəziləri yazırdılar ki, filmdəki qız bacınız Larisadır? 13 yaşlı uşağı filmdə gənc, qeyri-rəsmi nikahdan hamilə qalmış qız obrazında necə təsəvvür edə bilərlər? Bu film tək məni yox, Azərbaycan xalqını təhqir edir. Filmdə qadınlar siqaret çəkirlər, söyüş söyürlər, qeyri-rəsmi münasibətdə olurlar. Bizim Azərbaycan qadınlarımız belə deyil. Vahid Mustafayev onların namusuna niyə toxunur? “20 Yanvar” hadisələrində insanlar silahsız olaraq, düşmən qarşısına çıxıblar, vətənin azadlığı uğrunda həlak olublar.  Lakin ekran işində küçələrə tökülən camaat silahlı, yeyib-içib, meyxana deyən, söyüş söyən, əhli-kef olaraq, təsvir olunub. Tarixi film çəkmək istəyən insan hadisələri yanlış istiqamətə yönəltməz. Həqiqəti çəkər ki, baş vermiş faciədən bütün dünya xəbərdar olsun. Film balaca balamın adına ləkədir, qızıma qarşı edilən haqsızlığa dözə bilmirəm.


 
- Film çəkilərkən sizə müraciət edilibmi? Fikrinizi alıblarmı?

- “20 Yanvar” haqqında film çəkmək niyyəti olan insan əvvəlcə hadisənin şahidləri ilə görüşməli idi. Bizim dilimizdən hadisələri dinləməli, məsləhətlər almalıydı. Mənə heç kim deməyib ki, “20 Yanvar” haqqında film çəkirik, sənin qızın da orada canlandırılacaq. Mən bilsəydim ki, 13 yaşlı qızımızı bu cür biədəb təsvir edəcəklər heç vaxt razılıq verməzdim.
 
Əgər, Vahid Mustafayev müharibədən, döyüşdən film çəkmək istəyirdisə, çəkərdi. “20 Yanvar” hadisələrini, mənim qızımı buraya qatmazdı. Bəlkə də film olaraq, ekran işi maraqlıdır, gözəldir. Amma o filmin “20 Yanvar” hadisələrinə heç bir aidiyyatı yoxdur. Biz Çingiz Mustafayev haqqında belə bir film çəksəydik, necə olardı? Biz demirik ki, film çəkməsin. Həqiqəti çəksin. Biz də dəstək olardıq,  istiqamət verərdik. Filmi çəkəndə nə düşünürdü? Bu filmdən sonra onun əlini sıxacaqdıq ki, Sağ ol, bizi biabır etmisən?



- Vahid Mustafayevlə görüşmüsünüzmü?

- Xeyr. Bu qədər narazılıqlar olsa da, o, bizimlə əlaqə saxlamayıb. Biz də onlara müraciət etməmişik. Vahid Mustafayev deyə bilər ki, filmdəki Larisa mənim qızım deyil. Onda bəs, kimdir? “20 Yanvar” hadisələrində başqa hansı Larisa şəhid olub? Əgər, başqa xanımı nəzərdə tuturdusa, adını fərqli qoyardı. Gələcək nəsillər sabah filmə baxanda mənim qızımın filmdəki Larisa olmadığını haradan biləcəklər? Larisa avtobusda şəhid olub, o, zorlanmayıb.



- İzləyənlərin əksəriyyəti filmi bəyənmədi. Əsas da Larisaya aid olan hissəyə və tarixin dəyişdirilməsinə etiraz etdilər. Əksəriyyət sizin məhkəməyə müraciət edəcəyinizi düşünür. Müraciət edəcəksinizmi?

- Bu müsahibələrdən sonra da bir reaksiya olmasa, məhkəməyə müraciət edəcəyik. Hələlik vəkillə danışıqlar aparırıq. Bəziləri deyirlər ki, biz filmi bəhanə edərək, nələrisə tələb edirik. Bu, doğru  deyil. Bizə maddi heç nə lazım deyil. Bizə mənəvi ziyan dəyib, onu da pulla ödəmək olmaz. Tələbimiz odur ki, Vahid Mustafayev xalqdan üzr istəsin və filmdən biədəb hissələr çıxarılsın. İnanırıq ki, Vahid Mustafayev tələbimizi yerinə yetirməsə də, dövlətimiz o film barədə tədbir görəcək. Çünki dövlət daim yüksək səviyyədə bizə qayğı göstərir, müxtəlif  sahələrdə güzəştlər olunur. Prezidentimiz bizə təqaüd ayırıb. Ailəmizə qarşı  göstərilən diqqətdən çox razıyıq. Bizim mədəniyyətimizi prezidentimiz xaricdə tanıdır. Bizi xarici ölkələrdə yaxşı tərəfdən tanıyırlar. Vahidi bu filmə görə xaricdə alqışlaya bilərlər. Amma onlar gerçəkdə Azərbaycanda nə baş verdiyini bilməyəcəklər. Mən həm şəhid ailəsiyəm, həm də “20 Yanvar” əliliyəm. Buna görə mənə maşın da verilib. Qarabağda da döyüşmüşəm. Xalqın qeyrətini çəkmək, müstəqilliyimizi əldə etmək üçün döyüşə getmişəm. İndi mənim ailəmin, xalqımın adını ləkələmələrinə dözə bilmirəm. 

Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR