İnsanlara hürriyət, millətlərə istiqlal!

1200 nəfərlik çayxanada çay dəstgahı – 1lirə 50 quruş...

3189 29.08.2016 14:49 Reportaj A A
Yəqin ki, hər kəs səfər etdiyi şəhərlərlə yaşadığı şəhəri müqayisə edir. Biri yazır, yüzü yazmır, amma hamı vətənə qayıtdıqdan sonra dost-tanışlarına bu barədə danışır.

İlk dəfə olduğun şəhərdə müşahidələr aparmaq, sonradan danışmaq və ya yazmaq üçün təəssüratlar toplamaq gerçəkdən də maraqlı məşğuliyyətdir. Ən azı, başqalarından nəyi öyrənməli olduğumuzu, nəyin bizdə daha yaxşı olduğunu, hansı vərdişimizi tərgitməyimizin vacibliyini bilirsən.

Bu yazıda mən nə Alanya haqqında vikipediya məlumatlarından istifadə edəcəyəm, nə də bir neçə ay Alanyadan yazmış əməkdaşımız Elşad Paşasoyun yazdıqlarını təkrarlayacağam.

Gözəl və modern bir Avropa şəhəri

Mən Alanyanın bu qədər gözəl bir şəhər olduğunu təsəvvür etmirdim. Türkiyənin gözəl şəhərlərindən söhbət düşəndə hər kəsin dilində İstanbul, Ankara, İzmir, Bursa, Kapadokya, Bodrum, Bursa, Antalya və başqa şəhərlər olur, Alanyanın adı siyahıda keçmir.
Fəqət yaşıl dağlarla mavi dənizin arasında yerləşən bu 300 min nəfər sakini olan şəhər səliqə-sahmanına, müasirliyinə, sakinlərinin sayına və mədəni səviyyəsinə görə çoxdan adi bir rayon mərkəzi deyil, Avropanın öndə gedən, dünyaca məşhur şəhərləri ilə yarışacaq durumdadır. 

Şəhərə girən yolların hamarlığına, şəhərdən çıxan iki kilometrlik tunelə, ciddi şəkildə dizayn edilmiş, şəhərsalma qayda-qanunlarına uyğun tikilmiş küçələrə, yaraşıqlı binalara, şəhərin mərkəzində dolaşan insanlara baxırsan, Alanyanın bir Avropa şəhəri olduğu qənaətinə gəlirsən.

Kontrast var, konflikt yox

Hərçənd şəhərdə hicablı xanımlarla yanaşı qısa ətək, şort-mayka geymiş qadınların, eləcə də kişilərin çoxluğu ilk baxışda kontrast yarada bilər, ancaq bu cür təzadlı mənzərələri artıq Avropanın mərkəzi şəhərlərində də görmək olar.

Əsas odur ki, Alanyada heç kəsə geyiminə görə irad tutan, “bu cür geyinmək filan şeyə (dinə, mentalitetə) ziddir” deyən yoxdur. Bu üzdən açıq geyinməyi sevən əcnəbilər özlərini Alanyada evlərindəki kimi hiss edirlər və Türkiyədə tez-tez baş verən teraktlara, çaxnaşmalara baxmayaraq, bu ölkəyə, onun tətil məkanlarına gəlməkdən çəkinmirlər.

Gecələrin adamlarının şəhəri

Alanyalılar az qala kütləvi şəkildə gecə həyat yaşayırlar. Xüsusilə yay aylarında gündüzlər çox isti olduğundan on minlərlə insan evlərindən axşam saatlarında çıxır və sübhədək əylənir, alış-veriş edir. 

Bəli, məhz alış-veriş edirlər. Çünki Alanyada bütün ticarət, xidmət, iaşə müəssisələri gecə saat 12-dən başlamış səhər saat 4-5-ə qədər fəaliyyətdə olur. Gecə saat 1-də küçələrdə elə bir hərəkətlililk, qələbəlik olur ki, sanasan, gündüz saat 6-dır və camaat işdən çıxıb evə, ərzaq mağazalarına, toya-nişana tələsirlər. 

Bizə bələdçilik edən alanyalı qardaşımız Kamil Çiçəyin sözlərinə görə, əvvəllər, məsələn, ötən il bu zamanlar Alanyada mağazalar və iaşə müəssisələri 724 rejimində işləyir, heç vaxt qapanmazmışlar. “Təyyarə olayı” ilə bağlı turistlərin sayının bir qədər azalmasına görə bunlar da 3-4 saatlıq fasilə götürməli olublar. 

Turistlər üçün cənnət guşəsi

Alanya küçələrində və bulvarında əcnəbi turistlər o qədər çoxdur ki, yerli sakinlərin azlıqda olduğunu düşünmək olar. Deyilənə görə, bu şəhər il on iki ay belədir. Alanyanın turistləri qışda da əskilmir. Onlar şəhərə böyük paralar qazandırırlar, orta sinif insanlarını ayaqda tuturlar. Əcnəbi turistlər olmasa, Alanya sakinləri böyük sıxıntı çəkərlər. O üzdəndir ki, başqa turistik şəhərlər kimi, hətta onlardan yaxşı mənada fərqli olaraq Alanyada yerli sakinlər turistlərlə çox mehribandırlar, qılıqlıdırlar. Dükan sahibləri alış-veriş etdikləri əcnəbilərlə o qədər qılıqlı və diqqətli davranır ki, onlar qiymət çənə-boğazı etməyi belə unudurlar. Kamil bəy deyir ki, alanyalı əsnaflar hətta iki il öncə alış-veriş etdiyi əcnəbini yadda saxlaya və iki ildən sonra gördüyündə “ooo, Hans, xoş gördük, iki il öncə alış-veriş etmişdik, yengə nasıldır”, deyə və həmin əcnəbinin könlünü fəth edə bilər.

Bir millət, iki çayxana

Qəzetçilərin mükafatlandırılması mərasimindən saat 12 radələrində çıxdıqdan sonra Alanya bulvarında bir çayxanada oturduq. Çayxana dedikdə gözünüzün önünə açıq havada yerləşən 10-15 masalıq bir məkan gələcək. Alanyadakı bu çayxanada isə 300 (üç yüz) masa vardı. Masalar dörd, altı və daha çox adamın əyləşə biləcəyi dururmdaydı və gecə yarısı olmasına baxmayaraq, demək olar ki, masaların tam əksəriyyəti tutulu idi. Bu bir arada çay içən, söhbət edən, nərd oynayan 1200-dən artıq insan deməkdir. Çayxananın bir tərəfində quraşdırılmış böyük monitorda əsasən gənc insanlar Türkiyə superliqasında oynanılan matça baxırdılar. Bu çayxanada qadın-kişi ayrı-seçkiliyi yoxdur, masalarda yüzlərlə gənc, orta və yaşlı qadın da vardı və onların heç də hamısını kişilər müşayiət etmirdi. Və ən ümdəsi, kimsə bu qadınları süzmür, onlara söz atmırdı. Hər kəs öz dostlar dairəsində öz söhbəti ilə məşğul idi.

Çayın qiymətinə gəlincə, bu Türkiyənin hər yerində olduğu kimidir – stəkanı 1 lirə 50 quruş. İki nəfər 6 lirəyə (bizim pulla 3 manat) bir-iki saat boyunca çay içə və dincələ bilər. Burada sizə 15-30 manatlıq çay dəstgahı, növbənöv mürəbbələr, şokoladlar, çaynik təklif etməyəcəklər. Çaylar müştərilərə armudu stəkanda satılır və gənc qarsonlar masa-masa dolaşaraq sifarişləri alır, çayları (və iki parça qəndi) məcməyilərdə gətirib müştərilərə verirlər. Çay mövzusu ilə bağlı bizdəki vəziyyətin necə olduğu ilə maraqlanan yerli dostumuza deyirəm ki, bizdə vəziyyət belədir. Necədirsə, elə təsvir edirəm. Adam şaşırır, “öylə şey olurmu” deyir. 

Gerçəkdən də olmaz. Alanyada gecə saatlarında açıq havada istirahət edən on minlərlə insanı görəndən sonra anlayırsan ki, Bakıda adi çayı insanlara bu qədər baha satan iaşə işçiləri əslində öz bizneslərini baltalayırlar. Onların verdiyi çay artıq varlı təbəqənin özünə rəva gördüyü bir nemət halına gəlir, sadə xalqın yararlana biləcəyi qida və istirahət növü olmaqdan çıxır. 

Alanyada isə bu problemi çözüblər, şəhərin mərkəzi hissəsində hər yüz addımdan bir bu cür iaşə obyektləridir, insanlar kütləvi şəkildə dincəlirlər, çayxana işlədənlər isə çoxlu pul qazanırlar. 

Bizdə gecə-gündüz turizmi inkişaf etdirməkdən danışanlar sadə bir həqiqəti anlasınlar ki, əcnəbiləri ölkəyə cəlb etməyin ən etibarlı yolu onları aldatmağa, soymağa cəhd etməmək, qiymətləri süni şəkildə şişirtməməkdir. Xidmət yüksək, qiymətlər ucuz, işçilər qılıqlı olanda əcnəbilər bir getdikləri yerə beş dəfə gedir, hətta köçüb o yerlərə sakin olurlar. Alanya ona görə Avropa şəhərlərinə oxşayır ki, tən yarısı gerçəkdən avropalılardır.

Yaxtaları dəli dalğalardan qoruyanlar

Alanya bulvarı olduqca geniş və uzundur. Burada hər addımda bişmiş qarğıdalı satılan köşklərə rast gəlmək olar. Dəniz sahilində yüzlərlə lövbər salmış, türkün sözü, dəmir atmış yaxtalar, kiçik qayıqlar və böyük gəmilər görürsən. Alanyalı dənizçilər yaxtaların durduğu buxtanı dambalarla elə düzəldib formalaşdırıblar ki, mövsümi dəniz dalğaları, xüsusilə də lodos adlanan böyük və dəli dalğalar onları vurub sahilə atmasın. Payız-qış aylarında Ağ dənizdə böyük dalğalar, hətta kiçik tornado burulğanları olur.

Sonda bir şeyi əminliklə deyə bilərəm ki, insan oğlu istənilən yeri cənnət guşəsinə çevirə bilər. Yetər ki, vicdanla, məsuliyyətlə çalışsın və fəaliyyətində hər zaman xalqın mənafeyini güdsün. Alanyadakı məmurlar uzun illər öncədən bu cür çalışıblar və ortaya Alanya kimi gözəl bir əsər qoyublar. 

Xalid Kazımlı
Musavat.com
Alanya

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR