İnsanlara hürriyət, millətlərə istiqlal!

1200 nəfərin həyatına son qoyan yanğın – Kreml bu faciəni ictimaiyyətdən gizli saxlayıb  

4455 17.08.2022 16:41 Yaxın tarix A A

 

Sovet hökuməti qurulduqdan sonra iqtisadiyyatın inkişafı ilə bağlı tədbirlər proqramında SSRİ-nin ayrı-ayrı bölgələrində fəhlə qəsəbələrinin yaradılması və bu qəsəbələrdə istehsal müəssisələrinin fəaliyyət göstərməsi xüsusi yer tutub. Belə qəsəbələrdən biri də  Ryazan vilayətinin ərazisində yaradılıb və qəsəbəyə Kurşa-2 adı verilib.

Artıq 1930-cu ilin əvvəllərində Kurşa-2 qəsəbəsində əhalinin sayı  1000 nəfəri keçib. Qəsəbədə iri taxta emalı müəssisələri fəaliyyət göstərib. Daimi məskunlaşanlarla yanaşı qəsəbəyə mövsümi işləyənlər də gəlib.

Moskvada Kurşa-2 qəsəbəsinin gələcək inkişafına böyük ümidlərlə baxıblar. Büdcədən mədəniyyət evi, kinoteatr, xəstəxana, uşaq bağçası, məktəb, poçt və digər obyektlərin tikintisinə lazımi qədər vəsait ayrılıb. Qəsəbə sakinləri isə əsasən taxta evlərdə yaşayıblar.

Qəsəbədəki taxta emalı müəssisələrinin istehsal həcmi hər il artıb. Müəssisələrin fasiləsiz işi üçün ayrı-ayrı bölgələrin meşə təsərrüfatı idarələri Kurşa-2-ni  xammalla tam təmin ediblər, bu məqsədlə qəsəbədə yeni anbarlar tikilib.

Kurşa-2 fəhlə qəsəbəsi çoxları üçün qazanc yeri olub. Digər qəsəbələrdən fərqli olaraq burada işçilər daha yüksək əmək haqqı alıblar, işə qəbul olunan kimi evlə təmin ediliblər. Məhz Kurşa-2-də komsomolçu gənclər arasında ailə həyatı quranlar da az olmayıb və belə ailələr öz gələcəklərini bu qəsəbə ilə bağlayıblar, öz xoşbəxtliklərini bu qəsəbədə tapıblar. Amma bu xoşbəxtlik çox da uzun sürməyib. 1936-cı ilin avqust ayında baş verən hadisə bu qəsəbəni sakinləri ilə birgə yer üzündən silib.

Həmin ilin avqust ayının 2-dən 3-nə keçən gecə qəsəbə ilə bitişik olan Çarus kəndində baş verən yanğın küləyin istiqaməti üzrə Kurşa-2-yə keçib. Havanın olduqca isti olması və küləyin istiqaməti nəticəsində qəsəbədə güclü yanğın başlayıb. Taxta yaşayış evləri, taxta ilə dolu anbarlar, taxta emalı müəssisələrindəki xammal yanğının daha güclənməsinə səbəb olub.

Həmin gün hazır taxtaların daşınması üçün boş vaqonlardan ibarət qatar  qəsəbə yaxınlığındakı yük stansiyasına gəlib. Yanğının daha geniş miqyas almasını görən maşinist qəsəbə rəhbərliyinə qadınları, yaşlıları və uşaqları qatarla təxliyə etmək təklifini verib. Qəsəbə partiya təşkilatının katibi isə bu təklifi qəbul etməyib, əvvəlcə dövlət əmlakını yanğından xilas etməyin vacib olduğunu bildirib.

Beləliklə, qəsəbə sakinləri anbarlarda və sexlərdəki xammalları və hazır materialları vaqonlara yükləməyə başlayıblar. Vaqonlara yığılmış taxtaların üstündə isə adamlar özlərinə çətinliklə yer ediblər.

Qatar  qəsəbədən çıxıb. Qəsəbədən üç kilometr aralıqda yerləşən körpüyə çatanda maşinist qatarı saxlamağa məcbur olub. Belə ki, alov körpünü də sıradan çıxarıb. Qatar həm körpü istiqamətindən, həm də arxa və yan tərəflərdən alovun mühasirəsində qalıb. Vaqonlarda olan adamların hamısı dəqiqələr ərzində yanaraq ölüblər.

Qəsəbədə qalanlar da özlərini xilas edə bilməyiblər. Yanğın təxminən 1200 nəfərə yaxın qəsəbə sakininin həyatına son qoyub. Qəsəbədə olan bütün evlər və obyektlər külə dönüb. Yalnız 20-30 nəfər Kurşa-2-dən sağ çıxa bilib. Onlardan biri də Anna Arxipova olub ki, sonralar o, mətbuata verdiyi müsahibələrdə həmin faciəli günü belə xatırlayıb:

“Baş verənləri sözlə ifadə etmək çətindir. İsti, quru və küləkli hava yanğını elə şiddətləndirmişdi ki, alov bir göz qırpımında evlərdən evlərə keçirdi. İnsanlar təşviş içərisində idilər. Çoxları evlərdən fərqinə varmadan hara gəldi tullanırdılar, birbaşa alovun içinə düşənlər də olurdu. Faktiki olaraq hərəkət etməyə, üz tutmağa yer yox idi, hər tərəf alov içində idi. Qəsəbə sakinlərinin bir hissəsi taxtalar yüklənmiş vaqonlarda özlərinə yer etdilər, amma onların ağlına da gəlmirdi ki, qarşıda bu qatarı nə gözləyir. Mən də həmin vaqonların birində idim. Alov vaqonlara keçəndə tullandım, bu məqamda yanan iri bir şalban ayaqlarıma düşdü, ancaq mən özümü itirmədən kanala tullandım. Hər yer yanıb kül olana qədər suyun içində qaldım. Hər iki ayağım yanmışdı, uzun illərin müalicəsindən sonra normal gəzməyə başladım. Gözlərimin önündə bütün doğmalarım yanıb külə döndülər. Bu, əsl faciə idi...”

Həmin günün səhəri SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Mixail Kalinin başda olmaqla xüsusi komissiya hadisə yerinə gediblər. Kalinin mənzərəni seyr etdikdən sonra hadisəyə münasibət bildirib:

“Bizim buraya gəlməyimizin heç bir mənası yoxdur. Çünki burada zərrə qədər olsun belə həyat işartısı qalmayıb...”

Avqustun 16-da Mərkəzi Komitənin plenumunda Kurşa-2 qəsəbəsində baş vermiş yanğın müzakirə olunub. Qərara alınıb ki, Xalq Komissarları Soveti qəsəbənin bərpa edilməsi üçün xüsusi qərar hazırlasın. Həmin qərar yazılsa da, yalnız kağızın üstündə qalıb. Moskva Kurşa-2-nin bərpasını mümkünsüz sayıb.

Maraqlı məqamlardan biri də odur ki, 1200 nəfərin həyatına son qoyan yanğınla bağlı ictimaiyyətə məlumat verilməyib, qəzetlərdə faciəli hadisə haqqında bir cümlə də yazılmayıb.

Çox-çox sonralar, 2011-ci ildə qəsəbənin girişində faciə zamanı ölənlərin xatirəsinə memorial kompleks yaradılıb. Qəsəbəyə gedən yollar rahat olmasa da, yer üzündən silinmiş bu məkanı ziyarət edənlərin, turistlərin sayı hər il artır.

Qeyd edək ki, Kurşa-2 qəsəbəsindəki yanğın SSRİ tarixində ən dəhşətli yanğınlarda biri sayılır.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR