İnsanlara hürriyət, millətlərə istiqlal!

12 nömrəli marşrut sürücülərinin özbaşnalığı: Nəqliyyat Agentliyi məsələyə əl qoydu - REPORTAJ, FOTOLAR

5559 14.06.2017 19:41 Reportaj A A

“Öz keflərinə uyğun işləyirlər. Camaat yolda qalır, evə gedə bilmir. Bunların heç biri sürücülər üçün maraqlı deyil”.

Musavat.com xəbər verir ki, bu sözləri Xətai rayon sakinləri deyirlər. Məsələ burasındadır ki, 12 nömrəli marşrut xəttinin sürücüləri uzun müddətdir ki, iş saatlarını özləri təyin edirlər.

Nə vaxt istəsələr işə çıxırlar, nə vaxt istəsələr avtobusu qaraja aparıb, işlərini dayandırırlar. Axşam ən yaxşı halda 22:30-a qədər işləyən marşrut avtobuslarına görə, yüzlərlə rayon sakini yollarda qalır.

İşdən gec çıxan sakinlər hər gün taksi ilə evlərinə getməli olurlar. Bu da aylıq azı 100 manat əlavə xərc deməkdir. Bütün marşrut avtobusları gecə saatlarına qədər işləsələr də, sadəcə 12 nömrəli marşrut avtobuslarının sürücüləri öz keflərinə uyğun işləyirlər.

Sürücülərin vaxtından tez xətdən ayrılmalarının səbəbi o saatlarda daha az pul qazanmalarıdır. Çünki gecə saatlarında sərnişin sıxlığı nadir hallarda olur. Bu da sürücülərin cibinə sərf etmir deyə, işi dayandırırlar.

Azər Cavadov adlı rayon sakininin sözlərinə görə, o, 1 ay ərazində 90 manat taksiyə pul xərcləyib: “Hamısı da bu sürücülərə görə... İşdən axşam 10-da çıxıram. Metroya çatmağım, oradan da “Əhmədli” stansiyasına gəlməyim bir az vaxt alır. Saat heç 11 olmur, amma buna baxmayaraq bir dənə də olsun avtobus tapmıram. Bizim küçəyə, yəni Cavanşir küçəsinə ancaq 12 nömrəli marşrut avtobusu gedir. Ona görə də, hər gün axşam taksi ilə evə getməli oluram. Bu da ən ucuzu 3 manat xərc deməkdir. Kimsə kefinə uyğun işləyəcək deyə mən ailə büdcəmə ziyan vurmalı oluram. Aidiyyəti orqanlardan xahiş edirəm ki, bu xətt üzrə işləyən şirkəti tənbeh etsinlər, belə olmaz axı”.

Xatirə Salahova deyir ki, bəzən məcbur qalıb başqa marşrut avtobuslarından istifadə etməli olur. Amma bu da başqa problemlərə yol açır: “Küçənin başına qədər başqa avtobusla gedirəm, yolda düşürəm. Gecə saatları, qaranlıq küçə... Bir qadın üçün bu yolu getmək asan deyil, adam qorxur. Amma avtobus işləsə düz qapımda düşərəm. Dəfələrlə sürücülərə iradımı bildirmişəm. Hər dəfə də üzümə dururlar ki, guya işləyirlər. Sanki 2 ildir, bu yolu gedib-gələn mən deyiləm, başqasıdır”.

Sürücülərlə də danışdıq. Çoxu “Yalan söhbətdir, biz azı axşam 11-ə kimi işləyirik” desə də, həqiqəti etiraf edən də oldu: “Qardaş, o saatlarda avtobus dolmur. 10-15 nəfər adam olur. Buna görə də, bizə sərf etmir. Ondansa evimizə getmək daha sərfəlidir”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayıs Ağayevlə əlaqə saxladıq. Agentliyin sözçüsü problemin həll ediləcəyinə söz verdi: “Hər bir marşrut xətti üzrə işləyən daşıyıcıların borcu odur ki, həmin ərazi üzrə sərnişinlərə yüksək xidmət göstərsinlər. Biz bu məsələni araşdıracağıq. Əgər həqiqətən də daşıyıcı üzərinə düşən öhdəliyi yerinə yetirmirsə, biz bununla bağlı tədbir görəcəyik. Hər bir daşıyıcı bilməlidir ki, onun biznes maraqları ilə yanaşı sosial məsuliyyəti də var. Onlar bu məsuliyyətlərini anlayıb, buna uyğun işləməlidirlər. Əgər bunu bacarmırlarsa Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin xətt işini daha yaxşı görən başqa daşıyıcıya veriləcək”.

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR