İnsanlara hürriyət, millətlərə istiqlal!

100 YAŞLI HƏQİQƏT

953 02.10.2011 09:03 Yazarlar A A
Təbii ki, qırmızı yalanlar seriyasından növbəti birisidir. YAP-ın yubileyi üçün əgər məkan istənilsəydi, indi paytaxtın mərkəzində neçə-neçə möhtəşəm zallar təklif eləmişdi BŞİH. Amma Müsavata yer tapılmır. Bunların məntiqincə, ölkədə birpartiyalı sistem qurulubsa, başqa nüfuzlu partiya, müxalifət mövcud ola bilməz axı.
Artıq Müsavat başqanı İsa Qəmbər meriyanın cavabına cavab verib. Deyib ki, “bu, rejimin bioqrafıyasına növbəti qara ləkə kimi yazılacaq”. Dəqiq proqnozdur.
Ərz etdik, imtina cavabı təbii və gözlənilən idi. BŞİH müxalifətə rədd cavabı vermək üzrə çoxdan püxtələşib. Bir səbəbə yuxarıda toxunuldu. Digər səbəb bu ki, mövcud YAPtokrat rejim həmişə Müsavatdan, onun kölgəsindən qorxub. Sovetlər Birliyi çöksə də, hələ də bunların canından sovet inkarçı ruhu, beyinlərindən isə neo-bolşevik təfəkkürü çıxmayıb.
O üzdən YAP nizamnaməsində ülvi şeylər yazılsa da, iqtidar partiyasının ideoloqları gerçəkdə anti-müsavatçılardır. Milli ideologiyadan uzaq qüvvələrdir, milli deyillər. Azərbaycanın 20 il öncəki müstəqilliyinin bərpası da onların iştirakı olmadan reallaşıb (18 oktyabra soyuq münasibətin kökündə ən əvvəl bu gerçəklik dayanır).
Bu qüvvələr Müsavatı sevə bilməz. O səbəbdən istiqlalımızın banisi Məhəmməd Əminə heykəl qoymağa Bakıda yer tapılmadığı kimi, Müsavatın yubileyinə də məkan “tapa” bilmirlər. Amma şans yaranmışdı ki, hakimiyyət Azərbaycanı müstəqilliyə qovuşduran bir təşkilata, həm də müstəqilliyimizin 20-ci yubiley ilində simvolik bir ehtiram bildirsin, bununla da ölkədə hökm sürən siyasi düşmənçilik ab-havasına azacıq ilıqlıq qatsın, müxalifətə jest etsin.
Bundan da normalı o olardı ki, yubiley tədbirinə yer ayırmaqla bahəm, həbsdəki müsavatçıları, müxalifətçiləri azad eləsin. Böyüklük göstərməyi bacarmadılar. Demək, mitinq məhbusları Müsavatın 100, müstəqilliyin isə 20-ci ilini türmə divarları arasında qarşılayacaqlar...
Əslində Hacıbala müəllimə minnətdarlıq düşür ki, istəsə də, istəməsə də Müsavatın böyüklüyünü, əzəmətini etiraf edib. Bu əzəmət əlbəttə ki, 4 divara, bahalı və mənasız törənlər keçirilən “Lenin saraylarına” sığmaz. YAP-ın dəbdəbəli tədbirləri, orada boğazdan yuxarı səslənən çıxışlar çox tezliklə unudulacaq, tarixin arxivinə veriləcək. Azərbaycanda bunca heykəllər də qalmayacaq. Amma Müsavat, Rəsulzadə irsi qalarıdır, əbədidir.
Çünki Müsavatı quranlar xırda hisslərdən çox-çox yüksəkdə durmuş KİŞİLƏR olub, bunu məşəqqətli həyatları ilə sübut ediblər. Nə yazıq ki, hazırkı hakimiyyət cılız hisslərin əsirinə çevrilib. Nə etməli, böyüklük böyük partiyalara, böyük ürəklərə xas xüsusiyyətdir...
Bu, növbəti bir test idi. Hakimiyyət ondan çıxa bilmədi. Halbuki Azərbaycana istiqlal və üçrəngli bayraq qazandıran tarixi partiyanın 100 illiyi dövlət səviyyəsində qeyd olunmalı idi. Hər halda Müsavat olmasaydı, bu gün nə YAP, nə də indi Müsavata tədbir üçün yer “tapa” bilməyən indiki hakim rejim olardı.
Əlbəttə ki, dünyada əbədi heç nə yoxdur. Günün birində mövcud hakimiyyət də gedəcək, YAP isə kompartiyanın gününə düşəcək - sıralarında 1-2 nəfər qala, ya qalmaya. Amma Müsavat yaşayacaq. Zira, Müsavat bir gün üçün qurulmayıb.
Azərbaycanın gələcyi Müsavatla bağlıdır. Öndərimizin dediyi kimi, bu dövlətin başında duran qüvvənin adı Müsavat olmaya bilər, amma həmin qüvvə mütləq müsavatçılıq ideologiyasına söykənməlidir. Əks halda ölkə, indiki kimi daim problemlər içində olacaq. Azərbaycanın faciəsi müsavatçılıqdan uzaqlaşmaq, xoşbəxtliyi ona tapınmaqdır. Bu həqiqətin 100 yaşı tamamlanır.
Bir çoxlarına hələ də çatmayıb ki, xalqın bətnindən çıxdığı üçün bu partiya millətin canı, qanı ilə bəslənib, böyüyüb. Xalq öz qanından olanı unutmaz. Bu xalq var olduqca, Müsavat da yaşayacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR