İnsanlara hürriyət, millətlərə istiqlal!

100-dən çox xarici vətəndaşı ölkəyə turist kimi gətirən hindistanlıların cinayət işi: Onlar biznes qurmaq istəyiblər

920 04.09.2018 19:25 Kriminal A A

Hindistan vətəndaşlarını işlə təmin etmək adı altında aldadılaraq, Azərbaycana gətirən əcnəbilər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qanunsuz miqrasiyanın təşkilində təqsirləndirilən Mohammad Sakir, Alimuddin Shaikh, SK Allarakha və Pa­kistan İslam Respublikasının vətəndaşı Sajid Frazın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Hindistan vətəndaşı Mohamed Shakir 12 oktyabr 2017-ci ildən Bakı şəhərinə gəlib.

Sonra xarici ölkələrdə işləmək niyyətində olan Hindistan vətəndaşlarının pulunu ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri arasında vəzifə bölgüsü aparılıb, gəlirin bölüşdürülməsi müəyyəönləşdirilib, göstərişlərə və tapşırıqlara rəhbərlik edib.

Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətlər vasitəsilə Azərbaycan Neft Sənayesi müəssisələrində yüksək əmək haqqı vəd edilən iş yerlərinə işçi axtarılması, həmçinin ali tədris müəssisələrində təhsil almaq imkanları barədə təbliğat işləri aparıblar. Hindistan vətəndaşlarının konsaltinq şirkətlərə ödədikləri 1200-4600 dollar məbləğində pulların bir hissəsi Mohammed Shakirin bank hesabına köçürüldükdən sonra elektron turist vizası və aviobiletlərlə təmin olunaraq həmin şəxslərin Bakıya gəlməsi təşkil olunub.

Hava limanında zərərçəkmişləri dəstənin digər üzvləri qarşılayıblar və Sabunçu rayonunun Maştağa, Ramana və Balaxanı qəsəbələrindəki fərdi yaşayış evlərinə aparıblar.

Elan olunmuş ittihamla Muhamməd Şakir özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş şəxsləri tanımır. O, Azərbaycanda turizm şirkəti açmaq, biznes qurmaq istədiyini deyib. Alimuddin Shaikh və Allakarkha da özlərini təqsirli bilməyiblər. Allakarkha söyləyib ki, Miqrasiya Xidmətində onu aldadıblar və yalan ifadə yazıblar.

Onların hər biri Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 318-ci (qanunsuz miqrasiya təşkili) maddələri ilə ittiham edilirlər. İş üzrə 100-ə yaxın zərərçəkmişin olduğu bildirilir. Onların əksəriyyəti Hindistandadır. Bəziləri isə saxlanılıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hindistan vətəndaşı saxlanılıb. Araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycana gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkar edilib.

Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq, Azərbaycana gətirilməsinin Hindistan vətəndaşı, 1965-ci il təvəllüdlü, Mohammad Sakirin öz həmvətənləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mukimkhan və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil etdiyi məlum olub.

Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycana 2018-ci ilin yanvar ayında işgüzar səfər məqsədi ilə gəldiyi və Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanı üzrə qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar 1994-cü il təvəllüdlü P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə 2017-ci ilin noyabrında daxil olduğu, Azərbaycan Texniki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq müvəqqəti yaşama icazəsi vəsiqəsi aldığı, 1985-ci il təvəllüdlü Sajid Frazın Azərbaycan vətəndaşı ilə nikah əsasında 2018-ci il ta­rixədək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR