Əliməmməd Nuriyev: “Son illərdə hakimlərin peşəkarlığının artırılması, ədalətli qərarların qəbulu üçün ciddi fəaliyyət aparılır”
Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb. O cümlədən korrupsiya, hüquq pozuntularına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib.
Bu barədə musavat.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Məhkəmə sistemindəki bu islahatlar müsbət dəyərləndirilir. Eyni zamanda bu islahatların davamlı olacağı qeyd edilir.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, məhkəmə-hüquq islahatları davam etməkdədir: “Bu islahatların həyata keçirilməsində Məhkəmə-Hüquq Şurasının çox əhəmiyyətli rolu var. Hakimlərin seçilib yerləşdirilməsi birbaşa onların səlahiyyətlərinə daxildir. Hakimlərlə bağlı korrupsiya və digər məsələlər də Məhkəmə-Hüquq Şurasının səlahiyyətindədir. Onların qəbul etdiyi qərarlara diqqət yetirsək görərik ki, etdikləri qanun pozuntularına, rüşvət aldıqlarına yaxud buna vasitəçi olduqlarına görə bir çox hakimlər vəzifələrindən uzaqlaşdırılıblar. Süründürməçilik, qanunsuz qərarların qəbulu ilə bağlı bu sistemdən kənarlaşdırılanlar da var. Belə islahatlar hakimlərin peşəkarlığına birbaşa təsir edən amillərdən biridir. Bildiyiniz kimi, bir neçə ildən bir hakimlərin qiymətləndirilməsi prosesi həyata keçirilir. Son illərdə hakimlərin peşəkarlığının artırılması, ədalətli qərarların qəbulu üçün ciddi fəaliyyət aparılır. Hakimlər üçün treninqlər də təşkil edilir. Test və müsahibə mərhələsindən keçib hakim olan şəxslər üçün təlimlər keçirilir. Bu təlimlər də Ədliyyə Nazirliyinin Hüquq Akademiyası tərəfindən aparılır. Ora peşəkar hakimlər cəlb olunur.

Avropa Məhkəməsinin hakimləri olacaq hakim korpusu üçün təlimlər keçirlər. Bütün bunlar Məhkəmə-Hüquq Şurasının həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Mütəmadi olaraq Məhkəmə-Hüquq Şurası hakimlərin monitorinqini aparır. Bu da hakimlərə peşəkarlığını artırmağa, qiymətləndirmələrinə yeni-yeni imkanlar verir. Onların fəaliyyətlərində nöqsanlar aşkar olunursa, həmin nöqsanların aradan qaldırılmasına və o hakimlərin məsuliyyətə cəlb olunmalarına bu monitorinqlər ciddi təsir edir. Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə nazirimiz Fikrət Məmmədovun sözlərinə görə, yüzdən artıq hakim vəzifədən kənarlaşdırılıb, bəzi hakimlərin fəaliyyətinə korrupsiya pozuntularına görə xitam verilib. Yuxarı instansiyalarda hakim olanların aşağı instansiyalara dəyişdirilməsi halları da olub.
Bir çox hakimlərin fəaliyyətlərində qüsurların qalması hələ də davam edir. Məhkəmə sisteminin müstəqilliyi çox vacibdir. Bu müstəqilliyin təmin olunması üçün də ədalətli qərarların qəbulu, ölkədə sosial ədalətin təmin edilməsi olduqca vacibdir. Məhkəmə hakimiyyəti hakimiyyətin qollarından biridir. Digər hakimiyyət qollarının səhvlərinin aşkar edilməsi məhz məhkəmə hakimiyyətinin səlahiyyətləri çərçivəsindədir. İşlərə baxarkən qanunazidd hərəkətlər üzə çıxan kimi buna müvafiq addımlar atırlar. Bu baxımdan məhkəmə hakimiyyətinin məsuliyyəti daha böyükdür. Mübahisələrin sonuncu həlli məhkəmə hakimiyyətidir. Son illərdə bu hakimiyyət ciddi tənqid obyektlərindən biri olub. Məhkəmə-Hüquq Şurasının son illərdə apardığı fəaliyyət məhkəmə hakimiyyətinin müstəqil olmasına, ədalətsiz qərarlarına qəbul edilməməsinə, məhkəmə sisteminin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə ciddi töhfələr verib. Bütün bunlar elə həyata keçirilir ki, məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gəlməsin. Sadəcə, son qərarlar baş verən bəzi qanun pozuntuları, ədalətsizlik qərarların qəbulu və digər bu kimi məsələlərlə bağlıdır. Bunların da hər biri hakimlərin işlərinə müdaxilə olunmadan həyata keçirilib”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






