Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışına görə saxlanılan şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ruslan Axundovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Məhkəmənin hökmü ilə narkotik vasitələrin satışında və istifadəsində ittiham olunan Ruslan Axundov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səbail rayon sakini Ruslan Axundov saxlanılıb. Şəxsi axtarış aparılan zamanı onun üzərindən 4 qram, yaşadığı evdən isə 7 kq 60 qram heroin və 3 kq 260 qram metamfetamin aşkar olunaraq götürülüb.
İlkin Muradov
Musavat.com






