İnsanlara hürriyət, millətlərə istiqlal!

1 dəqiqə deyib keçməyin– dünyanın 60 saniyəsində nələr baş verir?  

1586 30.12.2023 13:15 Maraqlı A A

Fərqli məkanlarda, fərqli insanlarla ünsiyyət zamanı tez-tez işlətdiyimiz bir ifadə var - “Bir dəqiqə gözlə”. Səbəb müxtəlif ola bilər, ləng tərpənməyimiz, nəyi isə yaddan çıxarmağımız və s. Əslində, bu bir dəqiqə məsələsini çox da ciddiyə almırıq, kimisə bir dəqiqə gözlətməyimizin, bu kiçik zaman kəsiyini boşuna sərf etməyimizin fərqinə varmırıq. Yəqin ki, bu da bir dəqiqənin hökmündən xəbərsiz olduğumuzdan irəli gəlir.

Maraqlıdır, boşuna buraxdığımız, kimisə gözlətdiyimiz bir dəqiqədə dünyada nələr baş verir?

Bir dəqiqə ərzində dünyada 265 uşaq doğulur, onlardan 114-ü yoxsul və səfalət içində yaşayan ailələrdə dünyaya gəlirlər. Yeni doğulan bu körpələrdən təxminən 15-i anadangəlmə qüsurlu olurlar.

Bir dəqiqə ərzində dünyada 112 nəfər dünyasını dəyişir. Bu 112 nəfərdən 2-nin ölümünə avtoqəzalar səbəb olur.

Nikbin notlarla ötüşən dəqiqələr də az deyil. Dünyada bir dəqiqə ərzində 119 cütlük nikaha girərək gələcək xoşbəxt həyatları haqqında düşünürlər.

shop_1579511208.jpg (91 KB)

60 saniyə ərzində yeni mənzil sevinci yaşayanların sayı da yetərincədir. Belə ki, bir dəqiqə ərzində dünyada 148 nəfər yeni mənzilə sahib olur.

Maddi durumundan, sosial rifahından, dolanışığından asılı olmayaraq insanlar həzz dəqiqələrini də unutmurlar. Bir dəqiqədə 86 min nəfər sekslə məşğul olur.

Qayğılarını unutmaq üçün alkoqola üstünlük verənlərin sayı da böyükdür. Belə ki, bir dəqiqədə dünya əhalisini təxminən 1 faizi sərxoş vəziyyətdə olur.

Rahatlığını çay içməklə tapanların sayı isə 840 nəfərdir. Dünyada bir dəqiqədə 840 fincan çay içilir.

Bir dəqiqənin statistikasında insanların internetə bağlılığı daha qabarıq üzə çıxır. Belə ki, bir dəqiqədə elektron poçtla 206 milyon məktub göndərilir, “Facebook”a 246 min şəkil qoyulur, 60 saniyə ərzində “You Tube”a 72 saatlıq videomateriallar yüklənir.

Dünyanın axar zamanında problemli dəqiqələr də çoxdur. İş axtaranların sayı bir dəqiqədə 210 milyon nəfərə çatır.

Hər 60 saniyədə dünyada 34 nəfərdə xərçəng xəstəliyinin diaqnozu öz təsdiqini tapır.

Təbiət də bir dəqiqə ərzində bizi çox sınaqlara çəkir. Hər 60 saniyədə dünyada 5 dəfə zəlzələ baş verir, 360 dəfə şimşək çaxır. Bu şıltaqlığa baxmayaraq bir dəqiqədə havaya 61 təyyarə qalxır.

Təzadlı, sevincli, kədərli dəqiqələr arasında bir dəqiqə də var ki, o, daha həssas, daha duyğuludur: Bir dəqiqəlik sükut.

maxresdefault.jpg (93 KB)

Sükutla anım mərasimi ilk dəfə 13 fevral 1912-ci ildə Portuqaliyada qeyd olunub və bu sükut bir dəqiqə deyil 10 dəqiqə müəyyənləşdirilib. Portuqaliya Senatı 10 dəqiqəlik sükutu üç gün əvvəl - fevralın 10-da vəfat etmiş Braziliyanın xarici işlər naziri Joze Mariya da Silva Paranyosa həsr edib.

Bu hadisədən sonra sükutla anım mərasiminin ənənəyə çevrilməsini 1919-cu ilin may ayında avstraliyalı jurnalist Edvard Xani təşəbbüs kimi irəli sürüb. O, “The Times” qəzetində Birinci Dünya müharibəsində həlak olanların xatirəsinin 5 dəqiqəlik sükutla yad edilməsini təklif edib. Jurnalistin təklifi qəbul olunub. Amma sükut dəqiqələri 5 dəqiqədən 2 dəqiqəyə endirilib.

Daha sonra bir sıra ölkələrdə müharibələr, təbii fəlakətlər zamanı həlak olanlara, vəfat etmiş dövlət başçılarına ehtiram əlaməti olaraq sükut dəqiqəsi keçirilib və bu 1 dəqiqə müəyyənləşdirib.

SSRİ-də bir dəqiqəlik sükut ənənəsi Leonid Brejnevin hakimiyyəti dövründə başlayıb. Qələbənin 20 illiyində, 1965-ci ilin mayın 8-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə hər ilin mayın 9-da Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

image_750x_6513e28b1f6c3.jpg (180 KB)

Azərbaycanda hər il fevralın 26-da saat 17-00-da Xocalı soyqırımı qurbanlarının, yanvarın 20-də isə saat 12-00-da Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı gün, sentyabrın 27-i Azərbaycanda  “Anım Günü” kimi qeyd edilir. Məhz həmin gündə də ölkəmizdə keçirilən ayrı-ayrı tədbirlərdə şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunur.

Bütövlükdə dünyada sükut ənənəsi məqbul sayılır. Yəqin ona görə ki, həmin sükut dəqiqəsində insanlar dünyanın bütün səs-küyündən ayrılaraq milli birliyini,
həmrəyliyini daha dərindən dərk edir. Bu gün Azərbaycanda olduğu kimi...

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR