İnsanlara hürriyət, millətlərə istiqlal!

1.2 MİLYON DOLLARA HƏŞƏRAT ALAN OLİQARX KİMDİR?

7406 11.11.2011 09:36 Gündəm A A

Öncə oliqarxlar haqqında deyilmiş ən məşhur ifadə... Onların beyni iqtisadiyyat elminin üzərində qurulub, əllərindəki maddi qaynaqlar isə sonsuzdur. Buna görə də dillərində “və ya” yox, “və” bağlayıcısı daha çox işlənir. Məsələn, “Ferrari” və ya “Mercedes” arasında seçim etməyə məcbur deyillər. Hər ikisini, hətta onlardan da artığını ala bilirlər və alırlar. Və dünya çox vaxt onların bu var-dövlət həvəsini lağa qoyur. Necə?
Xüsusən də rusiyalı oliqarxlar dünya mediasının hədəfində olur. “The Wall Street Journal”ın yazdığına görə, rusiyalı oliqarxlar dünyanı qalmaqalları və öz “görməmişlikləri” ilə çaşdırır. Məsələn, məşhur milyarder Aleksandr Lebedevin özü kimi maqnat Sergey Polonskini  tok-şouda döyüb. Senator və biznesmen Süleyman Kərimovun isə 1 milyon dollar dəyərindəki “Ferrari”ni  ağaca vurmasından qəzəblənib onu öz əlləri ilə yandırması... Roman Abramoviç isə Antib sahilində öz yaxtasına yer tapa bilməyib. Yeganə yeri uzunluğu 265 fut olan başqa bir yaxta tutduğundan Abramoviç şikayət edib. Bildirib ki, onun yaxtasının uzunluğu 530 fut olduğu üçün onun buna daha çox haqqı çatır.
Var-dövləti və şöhrəti ilə digərlərindən geri qalmayan Mixail Proxorov isə bir qrup fahişə ilə bir partidə həbs olunmuşdu. Qəzetin yazdığına görə, olaydan danışan Proxorov bunu “oliqarx həyat tərzinin bir hissəsi” adlandırıb.
“Washinqton Post” qəzeti isə yazıb ki, rusiyalı oliqarxların əksəriyyəti SSRİ-nin dağılması ərəfəsində komsomol ambisiyalı insanları olub və onları vəzifə pilləsinə hoppanmağa yardım edən sovet sistemi olub.
Hazırda rusiyalı oliqarxlar daha çox İngiltərə, konkret olaraq paytaxt Londonda yaşayırlar. Hətta İngiltərədə çap olunan  “Londonqrad. Rusiyadan pullarla” adlı kitabda da bu məqam xüsusi vurğulanıb. Müəlliflərin diqqətini isə daha çox Rusiyadan gələn ən varlılar - Berezovski, Abramoviç və Deripaski çəkib. Dünyanın bir çox oliqarxlarının, xüsusən də Rusiyadan gələnlərin Londonu tərcih etməsinə səbəb isə bu ölkədəki sakitlik, əmin-amanlıqdır. Bundan başqa, Londonda varlılar üçün dünyanın heç bir yerində mümkün olmayan lüks şəraitlər var. Biznes-junqlilər, istirahət mərkəzləri, qolf yarışmaları. Bir sözlə, pulu küçəyə səpələmək üçün saysız-hesabsız şərtlər.
Londonda yaşayan biznesmenlər Əlişir Usmanov və Roman Abramoviç Böyük Britaniyanın ən varlı üç adamı siyahısına girib. Belə ki, dəyəri 20 milyard dollar olan London futbol klubu “Arsenal” artıq Əlişir Usmanova aiddir.  “Çelsi” idman klubunun rəhbəri Roman Abramoviç isə onu almaq üçün 16.4 milyard dollarından keçib.

Avropa ruslardan qorxur

Amma Rusiya hökuməti üçün oliqarxların şıltaqlıqları, dünya mediasının dilinə düşməsi heç də arzuolunan deyildi. Buna görə də Putin bu “şıltaq, amma varlı oğlanların” ipini çəkməyə qərar verdi. İndi Rusiyada belə qayda var: Əgər Putinin hakimiyyəti altında işləmək istəyirsənsə, özünü sakit aparmalı, siyasətdən və ictimaiyyətdən maksimum uzaq dayanmalısan. Əks halda, Rusiyanın xarici və daxili imici zədələnə bilər.
Bu “kəmər” siyasətindən sonra isə rusiyalı oliqarxlar Avropa və Amerikada tikinti şirkətləri, avtozavodlar, futbol klubları almağa davam ediblər. Amma Qərb ölkələri qanunvericiliklərində müəyyən dəyişikliklər ediblər ki, ruslar bütün Avropanı satın almasınlar. Amerika hökuməti də qeyri millətdən olan oliqarxların biznes əlaqələrini araşdırıb. Nəticədə məlum olub ki, başda Deripask olmaqla rusiyalı oliqarxların Amerika sənayesini, iqtisadiyyatını ələ keçirmə planları var.
Maraqlıdır, bəs bu qədər pulu, var-dövləti olan oliqarxların xobbiləri nədir? Doğrudanmı, onlar bütün həyatlarını ən bahalı maşınları, evləri almaq, ən gözəl qadınları ələ keçirməyə həsr ediblər? “Forbes” jurnalının yazdığına görə, hərdən bu oliqarxların möcüzəvi xobbiləri qeydə alınır.
Başlayaq Rokfeller klanının təmsilçisi Devid Rokfellerdən. Bu adam həşərat kolleksioneridir. Ona görə də hansısa səfərə gedəndə oliqarx özü ilə konteyner aparır ki, əcaib həşərat görəndə onu mütləq götürsün. Rokfeller indidən öz kolleksiyasını Harvard Universitetinin zoologiya institutuna miras qoyacağını açıqlayıb. Son məlumatlara görə, oliqarx öz həşərat biznesi üçün bu günə qədər 1.2 milyon dollar xərcləyib. “Bank of Amerika” nın ən böyük səhm sahibi olan bankir Klemmi Daykson Spenqler isə qədim mexaniki saatlar kolleksioneridir. Onun kolleksiyasının dəyəri 2 milyon dollar dəyərindədir.
Digər milyarder Qordon Qetti isə neft biznesini sırf ona görə atıb ki, vaxtını və gücünü opera yazmağa həsr etsin. Futbol klubu sahibi olan olİqarx Jeyms Ayrsi isə musiqi alətlərinin kolleksiyasına sahibdir. O, daha çox məşhur ulduzların çaldığı musiqi alətlərini yığıb ki, buna da 795 min dollara yaxın pul xərclədiyi bildirilir.
Amerikan milyarderlər arasında marka, dəmir pul kolleksiyalarına sahibİ olanlar da var. Amma boş çöldə yük maşını sürmək, yüksək dağdan hoppanmaq, sualtı üzgüçülüklə məşğul olanlar da az deyil. Bunların arasında Henri Meyqnesin adını xüsusilə çəkmək olar.
Oliqarxların ən diqqətçəkən cəhəti isə yaşam tərzlərindəki brendə, markaya, lüksə üstünlük verməsidir. Məsələn, onlar üçün xüsusi çimərliklər, gecə klubları, restoranlar var. “Yeni Müsavat” qəzeti dəfələrlə dünyanın ən bahalı yeməkləri, geyimləri barədə yazıb. Qeyd edək ki dəyəri min dollarlarla ölçülən bir boşqab yemək və ya milyon dollarlıq çantalar məhz oliqarxlar, onların ailə üzvləri üçün nəzərdə tutulmuş məkanlarda satışa çıxarılır. At klubları, fitnes mərkəzləri... barədə isə heç danışmağa dəyməz. Çünki bu klublara üzvlük məhdud kateqoriya üçün nəzərdə tutulub. Oliqarxlardan və onların ailə üzvlərindən başqa heç kimin ora girmə haqqı yoxdur.
Bahalı mal-mülk, lüks maşınlar... barədə yuxarıda az-çox yazdıq. Amma maraqlıdır ki, artıq oliqarxlar üçün yerdə ada, ayda torpaq sahəsi almaq da adiləşib. Məsələn, Dubayda Palmiya Adasını yaradan Nakhel Qrupunun yaratdığı Dünya Adaları hər həftə oliqarxlara 100 min dollar ziyan vurur. Aralarında Viktoriya Bekhem, Bred Pitt və Ancelina Colinin də olduğu ada sahiblərinin mülkləri iqtisadi kriz ucbatından öz dəyərini itirib. Təkcə onu deyək ki, proyektdə 4 otaqlı bir villanın qiyməti 4 milyon dollardır. Hər adada isə 10 mülk var...
Bəs o “əjdahadan” bizdə varsa, onlar necə yaşayır? Bu günə qədər WikiLeaks  saytı və yerli mətbuat sözügedən mövzuda dəfələrlə yazıb. İspaniyanın “El Pais” qəzeti tərəfindən yayılan sənədə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsi Azərbaycanda ikinci ən zəngin ailədir. “Heydərovlar ailəsinin özəl ”Airbus 319" təyyarəsi var, lakin onun iki oğlu-Tale və Nicat da hər biri özlərinə dəyəri 20 milyon dollar olan “Gulfstream” təyyarəsi alıblar. Onların sərvətlərinin mənbəyi barədə soruşanda Heydərovlar deyir ki, bu sərvətlər malik olduqları böyük biznes imperiyasından-qablaşdırıcı firmalardan, tikinti materialları istehsal edən zavodlardan, kimyəvi məhsulların istehsalından, tekstil məmulatlarının, kompakt-disklərin, videodisklərin, süd məhsullarının, dəri məmulatlarının satışından və digər sahələrdən qaynaqlanır. Heydərovlar həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı, fortepiano satışı, araq və şərab məhsullarının istehsalı və satışı, sığorta fəaliyyəti və digər bizneslərlə də məşğuldur. Nar şirəsi və qara kürü istehsalında da Heydərovlar inhisar haqlarına malikdir".
Bundan başqa, azərbaycanlı oliqarxlar arasında delfin, şir saxlayanların, xarici ölkələrdəki banklarda hesab açanların da sayı az deyil. Amma onların heç biri yuxarıda yazdığımız əcnəbi milyarderlərlə müqayisəyə gələcək səviyyəyə çatmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR