İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüstəm İbrahimbəyovun kəndindən reportaj

5664 21.07.2013 09:55 Ölkə A A
Muğanlı kəndinə səfərimizin məqsədi hazırda Azərbaycan siyasətinin mərkəzi fiquruna çevrilmiş, Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi, görkəmli kinorejissor Rüstəm İbrahimbəyovun ata yurdunda olmaq, kənd sakinlərinin onun haqqında fikirlərini dinləmək idi.
Bu kənddə tanıdığımız olmadığından bizə bələdçilik üçün Müsavat partiyasının Şamaxı rayon təşkilatının sədri Yasəf Ağazadədən bizə yardımçı olmasını xahiş etdik.
Kəndə çatdıqda Rüstəm İbrahimbəyovun ata yurdunu tapmaq üçün yerli sakinlərə müraciət etdik. Kənd camaatı bizə istiqamət verdi. Təmirsiz, daşlı-kəsəkli yollarla bir neçə yüz metr getdikdən sonra sadəliyi ilə seçilən bir mərtəbəli evi tapdıq.
Qapını üzümüzə sadə, nurani, orta yaşlı bir kişi açdı. Tanışlıqdan sonra məlum oldu ki, Həsən Hacıyev ad-soyadlı bu şəxs İbrahimbəyovun Muğanlı kəndində yerləşən təsərrüfatına rəhbərlik etməklə bərabər, həm də Rüstəm bəyin evinə göz-qulaq olur.
Həsən bəy bizi evə dəvət etdi. “Sizi dinləməyə hazıram” deyib söhbətə başlamamız üçün pauza verdi.

- Rüstəm İbrahimbəyov haqqında Muğanlı kənd sakini kimi, nə deyə bilərsiz?

- Rüstəm bəylə biz 12 ildən çoxdur ki tanışıq və dostluğumuz var. İldə bir dəfə kəndə baş çəkir. Gələndə də burda qalır. Qayğıkeşliyi və sadəliyi ilə hörmət qazanıb. Yaxından hər birimizlə maraqlanır. Xeyriyyə işləri ilə məşğul olur. 2008 ildə məni Həcc ziyarətinə göndərib.

- Bildiyiniz kimi, R.İbrahimbəyov Milli Şuranın vahid namizədi seçilib. İstərdik yaxından tanıyan bir insan kimi onu xarakterizə edəsiniz.

- Rüstəm bəy ziyalı, yüksək intellektə malik insandır. Bildiyimiz kimi, Azərbaycanda yeganə rejissordur ki, “Oskar” mükafatına layiq görülüb.
Həsən kişi dedi ki, R.İbrahimbəyov əslən Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsindəndir: “1902 ci ildə Şamaxıda zəlzələ olanda İbrahimbəyovlar Bakıya köçüb”.
Həsən bəydən soruşduq ki, Rüstəm İbrahimbəyov Ziyalılar Forumuna rəhbərlik etdikdən, Milli Şuranın vahid namizədi seçildikdən sonra yerli hakimiyyət orqanlarının təzyiqləri ilə üzləşibmi? O, son illər İbrahimbəyovun siyasi mövqeyinə görə hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldığını bildirməklə yanaşı, dedi ki, bu təzyiqlər Muğanlıya da gəlib çıxıb. Həsən dayı bildirdi ki, Muğanlı kəndində bir müddət əvvəl torpaq sürüşməsi baş vermişdir. Və nəticədə onlarla ev qəza vəziyyətinə düşmüşdür. Bu evlərdən biri də R.İbrahimbəyova məxsus olan ev imiş: “Yerli bələdiyyə orqanlarına və icra nümayəndəliyinə evin bir hissəsinin qəzalı vəziyyətə düşdüyünü qeydiyyata almaları üçün müraciət etdikdə onlar bizim bu müraciətimizə biganə yanaşdılar və evi qeydiyyata almadılar”.
Sadə və eyni zamanda səliqəli bağ evinin həyətyanı sahəsini gəzdik. Çox da böyük olmayan üzüm bağı diqqətimiz çəkdi. Həyətdə başı zəncirli çoban itindən başqa bir neçə it də vardı. Amma onlar sərbəst gəzirdilər, zəncirdə deyildilər. Həsən dayıdan soruşduq ki, bu qədər iti niyə həyətdə saxlayır: “Onlar sahibsiz itlərdir. Bizim həyətdə sığınacaq tapıblar, biz də qovmuruq, yemək verib burda saxlayırıq”.
R.İbrahimbəyovun təsərrüfat işlərinə rəhbərlik edən Həsən dayı deyir ki, Rüstəm bəy Azərbaycandan kənarda yaşadığından burdakı işləri ona tapşırıb: “Əvvəl üzümçülük bağları 15 hektar idi. 30-a yaxın fəhləmiz vardı. Əsasən Mərəndi və Mədrəsə sortlu üzümlər yetişdirirdik. Mini şərab zavodumuz olub. Məhsulun satışı aşağı olduğundan təxminən 3 ilə yaxındır ki, fəaliyyəti dayandırdıq. Hazırda 3-4 hektara kimi bağımız qalıb”.
R.İbrahimbəyovun kənd sakinləri ilə münasibətinin necə olmasıyla da maraqlanırıq. Həmsöhbətimiz deyir ki, Rüstəm bəy camaata daim diqqətlə yanaşır: “Üç nasos vasitəsi ilə 12 evə su paylamışıq, kəndin yolların bərpa eləmişik, həm mənə, həm işçilərinə həmişə xoş münasibət bəsləyir. Hər gəlişində həyətimizdə sakinlərlə görüş keçirir”.

“Qapımız hər birinizin üzünə açıqdır, çünki alnımız açıqdır”

Hacı Həsən bu arada hakimiyyət telekanallarından da şikayət elədi: “Gizlin gəlib çəkiliş edirlər. Açıq müraciət edib özümüzdən olanı soruşub düzgün işıqlandırmırlar”.
Həsən bəydən xahiş etdik ki, bizi R.İbrahimbəyovun Muğanlı kəndində olan üzüm sahələrinə aparsın. O, məmnuniyyətlə razılıq verdi. Və biz üzüm sahələrinə yollandıq.
Rüstəm İbrahimbəyovun evindən 3-4 kim aralıda, dağ yamacında yerləşən üzüm sahələrini gəzdik. Bu sahələr Muğanlı kəndində yerləşən Paşayevlərə məxsus üzüm sahələrindən öz balacalığı və əkilmiş üzümlərin sortu ilə fərqlənirdi. Üzüm sahəsində işləyən kəndlidən soruşduqda məlum oldu ki, Paşayevlərin bağındakı üzüm tənəkləri Fransadan gətirilib. Hər tənək (çiling) üçün 5 ABŞ dolları ödənildiyini də bu kəndlidən öyrəndik.
Üzüm bağlarını gəzən vaxt sahədən qayıdan bir kəndli ilə qarşılaşdıq. Bu kəndlidən öz yerlisi, Rüstəm bəy haqqında fikirlərini bilmək istədik: “Rüstəm bəyi hər bir kəndli ilk öncə xalq yazıçısı kimi tanıyır. Çox alicənab və qayğıkeş insandır. Bayramlarda diqqətini bizdən əsirgəmir. Qurban, Novruz bayramlarında kəndin imkansız ailələrinə dəfələrlə kömək əlini uzadıb, yardım edib”.
Təəssüflər ki, Azərbaycanın bu kiçik dağ kəndində də hakimiyyət tərəfindən bu insanlara basqı olduğu hiss edilirdi. Bir neçə kənd sakini bizimlə danışmağa ehtiyat etdi. Bu ehtiyatın səbəblərini araşdırdıqda məlum oldu ki, kənd sakinlərinə R.İbrahimbəyov haqqında fikir bildirməmək tapşırılıb və qorxudulublar.
Artıq axşam düşürdü, biz bu gözəl Muğanlı kəndinin tərk edib Bakıya qayıtmalı idik. Gülərüzlü, mehriban Hacı Həsən dayıya, bizə bələdçilik edən Yasəf bəyə dərin minnətdarlığımızı bildirərək, eşitdiklərimizdən, gördüklərimizdən məmnun halda dağlar qoynunda yerləşən Muğanlı kəndini tərk elədik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR