Müsavat Partiyası başqanının həbsdə olan müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu martın 11-də “İsmayıllı işi” məhkəməsində son söz deyib. T.Yaqublunun son sözünü hissə-hissə təqdim edirik.
* * * *
AZADLIQ
Bu yolun axırında –
susuz, yuxusuz bir çöl,
nə cadar-cadar olmuş
səhranın yovşan qoxusu,
nə qaratikanları
keşik çəkən çölün
şanapipik nəğməsi.
Yarpaqlarını tökmüş
dar ağacları ulayar,
ulayar
qana susamış yalquzaq kimi.
Düşəcəyin mənzil –
dəmir barmaqlıqlar arasında paslanmış
quş nəfəsi,
isinəcəyi bir qanı qaçmış məhbusun
güclə gedib-gələn
yazıq nəfəsi.
Bilirsənmi – orada qapı arasında
sındırılan barmaqların,
burada ayaqların altda
xırçıldayan qarın səsinə bənzər
"Azadlıq" kəlməsi.
İçəridə – siqaret dumanı,
pəncərəyə bənzər
balaca çirkli gözlük
tamam his.
Qapıda vecsiz, duyğusuz,
evdən gələn birgünlük yeyəcəyinə,
çəkdiyin ucuz siqaretə göz dikən
piylənmiş polis.
İşə bax – dünyanın belə bir vaxtında
"bu da sənə azadlıq" deyib
bir kütbeyin zorladığı haram kürsüdən
yazacaq həbs fərmanını.
Əlində – İstəsə canavar kimi içər
hamımızın qanını.
...Səhərin gəlişini nədən duydun,
Bildim – qapına dəyən təpikdən.
Haydı, qalx, gözətçi görməmiş
yığışdır gecə yandırdığın şamları.
Bir azdan gətirəcəklər üzünə duracaq
yalançı namərd adamları…
Koroğludan soruşurlar ki, səni başa düşmək olmur, belindəki qılınc nədir, döşündəki saz nə? Koroğlu deyir ki, qananı sazla başa salıram, qanmayanı qılıncla. Bu rüsvayçı, heç cür məhkəmə adlandırıla bilinməyən proses zamanı sizləri sazla başa salmağa çox çalışdıq, amma heç nə alınmadı, indi növbə qılıncındır, özü də Misri qılıncın. Son sözümün əvvəlində saxta cinayət işini ifşa edəcəm, sonda isə işin siyasi yönü haqda danışacam. Əvvəlcə ittiham aktı haqqında bir-neçə kəlmə demək istəyirəm. Onu 12 oktyabr 2013–cü il tarixində baş prokurorun birinci müavini Rüstəm Usubov imzalayıb. Oxuduqca bu əcaib sənəd adamı heyrətə gətirir. İnanmaq olmur, 128 səhifəlik ittiham aktını öz doğma türkcəmizdə normal oxumağı, danışmağı və yazmağı bacaran adam yazıb. Tam məsuliyyətlə deyirəm, əgər bu sənədi İsmayıllı hadisələrindən bixəbər olan dünyanın ən güclü hüquqşünasının qabağına qoysan, ondan bir şey anlaya bilməz.
Təqsirləndirilən şəxslər, vəkillər və eləcə də hakimlər sadəcə olaraq cəmiyyətdən, KİV-lərdən aldıqları informasiyalar hesabına başa düşürlər ki, 18 nəfəri İsmayıllıda iğtişaş törətməkdə suçlayırlar. Məhkəmənin əvvəlində təklif etmişdim ki, ittiham aktını Nəsimi adına Dilçilik İnstitutuna ekspertizaya göndərək, əgər dilçi alimlər ondan bir şey başa düşsələr, çarəsiz qalıb onu bir sənəd kimi qəbul edərik.
İttiham aktının adamı heyrətə gətirən ikinci cəhəti ondan ibarətdir ki, bunlara istintaqın hazırladığı 26 cildlik saxta sənədlərlə, şərlə, böhtanla, yalanla, saxtakarlıqla və fantaziya ilə dolu cinayət işi kifayət etməyib. Həmin cinayət işində adamı güllələmək üçün yetərincə yalanlar olsa da, ittiham aktına da əlavə yalanlar dürtüblər. Məsələn bu aktın 8-ci səhifəsində yazılanlara görə 23.01.2013 tarixində İsmayıllı şəhərində baş verənləri də İlqar Məmmədovla mən təşkil etmişik. Halbuki cinayət işində bizim İsmayıllıya 24.01.2013 tarixində gəldiyimiz və 23.01.2013 hadisələri ilə heç bir əlaqəmiz olmadığını yazmağa qanacaqları çatmışdı. Cinayət işində göstərilir ki, hadisələr zamanı vətəndaşların əmlakına dəyən ziyan 474,0 min manat təşkil edib və bunların hamısı 23.01.2013 tarixində baş verib.
Elə həmin 8-ci səhifədə yazılır ki, guya ki, həmin əmlak 24.01.2013 tarixində məhv edilib. Yenə də həmin bədnam 8-ci səhifədə yazılır ki, guya istintaq zamanı mən təqsirimi etiraf etmişəm. Halbuki belə bir şey olmayıb və istintaq materiallarında da bu, aydın görünür. Səhifə 20-də yazılır ki, guya mən istintaq prosesi zamanı 24.01.2013 tarixində mən İsmayıllı şəhərində olduğumu etiraf etmişəm. Hətta çoban da bilir ki, “etiraf etmək” başqalarından gizlətdiyin, demək istəmədiyin, aşkarlanması sənə sərf etməyən məlumatın, əməlin boyuna alınmasıdır. Məgər mən həmin tarixdə İsmayıllıya getdiyimi kimdənsə gizlətmişdim? İsmayıllı səfərim haqda KİV-lərə məlumat vermişəmsə, özüm bu haqda mətbuatda, internet sosial şəbəkələrində çıxış etmişəmsə və şahid kimi dindirilərkən bu haqda ətraflı danışmışamsa, sonradan bunu necə etiraf edə bilərdim?
İttiham aktının ciddi bir sənədə oxşaması üçün onu səfeh cümlələrlə doldurmuş Respublika Prokurorluğunun idarə rəisi Eldar Əhmədov əvvəlcə gərək özünün anormal düşüncəyə malik olduğunu etiraf edəydi, nəinki ora “ T.Yaqublu 24.01.2013 tarixində İsmayıllı şəhərinə getdiyini etiraf etdi” cümləsini dürtüşdürəydi. Orada həm də yazılır ki, guya mən İsmayıllıda iğtişaşların baş verdiyi meydanda olduğumu da etiraf etmişəm. Mən Xirosimada olmuşam, məgər bu o deməkdir ki, atom bombası atılanda orada olmuşam? Bəli, həmin tarixdə İsmayıllıya gəlmişəm, ancaq mən gələndə şəhərdə tam sakitlik idi. Cəmi 10 dəqiqədən sonra həmin meydandan məni polis şöbəsinə aparıblar. 21-ci səhifədə yazılır ki, guya mən İlqar Məmmədovu tanıdığımı demişəm. Elə yazılıb ki, guya ki, şəxsi tanışlığımız olub. Mən Barak Obamanı da tanıyıram, amma bu o demək deyil ki, onu əyani, şəxsən tanıyıram. Bilə-bilə qəsdən elə yazıblar. Halbuki onu qiyabi, mətbuatdan tanıdığımı və ya ümumiyyətlə tanımadığımı yazmalı idilər. 21-ci səhifədə yazılır ki, guya mən belə bir ifadə işlətmişəm: “Bundan sonra hər hansı aksiya keçirildiyini görməmişəm”.
|
“Niyə Nizami Ələkbərovdan bu boyda mülkü, bahalı avtomobilləri nəylə aldığını soruşmurlar?” |
Elə yazıblar ki, guya ondan əvvəlki aksiyaları görmüşəm, ancaq sonrakıları görməmişəm. 52-ci səhifədə isə yazılır ki, guya İsmayıllı RPŞ-nin rəis müavini Şöhrət Kərimov mənim qanuna zidd əməllər törətdiyimi təsdiqləyib. Halbuki 26 cildlik cinayət işinin heç bir yerində Ş. Kərimov mənim və İlqar Məmmədovun adını çəkmir, ona da belə suallar verilmir. Səhifə 72-də göstərilir ki, 24.01.2013 tarixində əmlak dağıdılıb və talan edilib, ancaq cinayət işində belə bir şey yoxdur. 77-ci səhifədə yazılır ki, T.Yaqublunun Facebook səhifəsindəki qeydləri törətdiyi əməllərini təsdiq edir. Burada lap gül vurublar. Səhifə açıq olub, onu minlərlə adam oxuyub, səhv etmirəmsə indi də durur. İnsan daha hansı keyfiyyətlərə malik olmalıdır ki, bu qədər absurda getsin, bu qədər həyasızlıq etsin. Facebookda yazdıqlarımda elə şeylər yazılmayıb, deyilənlər ağ yalandır. 77-ci səhifədə belə bir cümlə də yazılıb ki, T.Yaqublunun telefon zənglərinin izahlı qaiməsinin təhlil edilməsi zamanı, onun 24.01.2013 tarixində İsmayıllıya getdiyi təsdiq olunub. Yenə də bayaqkı söhbətdir. Həmin qaiməyə baxış 07 iyun 2013 tarixində keçirilib. Məgər həmin tarixə qədər istintaq mənim 24.01.2013 tarixində İsmayıllıya getdiyimi müəyyənləşdirə bilməmişdi? Bu rəzalət bir daha sübut edir ki, belə şeyləri yazıb doldurmaqla və münasib ifadələri işlətməklə guya istintaq getdiyini və bu istintaqın hansısa qaranlıq mətləblərin üstünü açdığı görüntüsünü yaratmağa çalışıblar.
112-ci səhifədə belə bir ifadə var: “İttiham sübutları ilə kifayət qədər təqsirləndirilirəm”. Halbuki təkcə telefon danışıqlarımın qaiməsini araşdırarkən birmənalı şəkildə sübut olunur ki, mənə qarşı irəli sürülmüş ittihamın heç bir əsası yoxdur. Hələ mən başqa sübut və alibiləri demirəm. 113-cü səhifədəki ifadəyə baxaq: “Yanlış “üsyan” təfəkkürü ilə ölkədə süni gərginlik yaratmaq məqsədilə” və s. Bu hoqqa haradan çıxdı? Nə ilə sübut edirlər ki, mən bütün ölkədə gərginlik, özü də süni gərginlik yaratmaq istəyirəmmiş? Axı istintaq bu yöndə heç bir araşdırma aparmayıb, yalançı şahidlər və sübutlar toplamayıb. İsmayıllı hadisələrinin üsyan adlandırılmasına gəldikdə isə mənim təfəkkürümdə yox, məhz Eldar Əhmədovla Rüstəm Usubovun təfəkküründə problem var. İsmayıllıda məgər kirvə qonaqlığı və ya xınayaxdı baş vermişdi? Bir həmin gecə sosial şəbəkələrdə on minlərlə adamın, ertəsi günü KİV-lərin həmin hadisələri necə adlandırmasına baxın heç olmasa. Bir də ki, hadisəni və ya prosesi kimin necə adlandırmasının məsələyə nə dəxli?
Sən sübut et ki, onu mən təşkil etmişəm və ya iştirak etmişəm. Məsələn, mən ölkədə baş alıb gedən korrupsiyanı cinayət sayıram, Səyavuş Novruzov isə xalqa xidmət sayır. Mən seçki saxtakarlığının dövlətçiliyin əsaslarını sarsıtdığını deyirəm, Səyavuş Novruzov isə deyir ki, bu, dövlətçiliyin möhkəmləndirilməsidir. Mən deyirəm ki, ölkədə müstəqil məhkəmə və istintaq yoxdur, onlar hakimiyyətin əlində rəqiblərinə qarşı istifadə etdiyi cəza aparatıdır. Səyavuş Novruzov isə deyir ki, hətta Amerikada da bizdəki kimi ədalətli, müstəqil məhkəmə və istintaq yoxdur. O, elə düşünür, mən belə, yəni fərqli düşünmək cinayətdir ki?
İsmayıllı Şirvanın tacıdır. Dahi şirvanlı Seyid Əzim Şirvani deyirdi:
Nəfsi-əmmarə edər təğrib xəlqi zillətə,
Meyli-üsyan etməz idi kimsə, şeytan olmasa!
İlham Əliyev özü İsmayıllı hadisələrindən danışarkən dedi ki, məmurlar, onların övladları qudurğanlıq ediblər. 23.01.2013 hadisələri də məmur qudurğanlığına üsyan idi. Camaat boğaza yığılır, görürlər ki, hakimiyyət nəinki məmur qudurğanlığının qarşısını almır, əksinə ona rəvac verir, müdafiə edir və stimullaşdırır. Bir gün də səbir kasası daşanda bu cür olaylar baş verir. Məgər İsmayıllıda bir nəfər yox idi ki, onu icra başçısı qoyaydılar, mütləq kənardan, özü də nazir qardaşını təyin etmək lazım idi? Əslən İsmayıllıdan olan icra başçısının da rüşvətxor olacağı şübhəsizdir. Amma o, heç olmasa həmyerlilərini təhqir etməzdi. İstintaq hadisənin əsl səbəbini araşdırmayıb. Necə olur ki, uydurma ittihamla həbs olunmuş NİDA-nın gənc üzvünün evindən götürülmüş 5-10 manatın mənbəyini canfəşanlıqla təftiş edirlər, amma Nizami Ələkbərovdan bu boyda mülkü, bahalı avtomobilləri, skuterləri və s. hansı pulla aldığını soruşmurlar? Halbuki, yaxşı bilirlər, yanan əmlak keçmiş icra başçısının oğurluq və rüşvətxorluqla əldə etdiyi varidatın gülməli dərəcədə cüzi hissəsidir. Buradakı mafiya nümayəndələrinə sual edirəm. Əgər Nizami Ələkbərovun evindən kreslo, stul və s. əvəzinə avtomatlar, pulemyotlar, qumbaralar götürülsəydi, həyətində avtomobillər əvəzinə tanklar, PDM-lər, DDM-lər, kilolarla narkotik və s. yandırılsaydı, ondan bunları haradan aldığı soruşulacaqdımı? Belə çıxır ki, soruşmayacaqdılar. Əgər soruşacaqdılarsa, cüzi maaşla bu qədər mal-dövləti haradan aldığını niyə soruşmayıblar?
(Davamı var )