İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitebskli “Mussolini” – “Batka” ləqəbli Lukaşenkonu “Duçe”nin aqibəti gözləyir

4128 20.03.2022 19:35 Yazarlar A A

Ona öz ölkəsində Alyaksandar Rıqoroviç və “Batka” deyirlər, amma bütün dünya onu soyadı ilə tanıyır – Lukaşenko. Bu adam 1994-cü ildən bəri Belarusun prezidentdir, artıq 28 ildir.

Rıqoroviçin milliyyətcə belarus, yaxud ukraynalı olması mübahisəli mövzudur. 1924-cü ildə doğulmuş, 2015-ci ildə vəfat etmiş anasının – Yekaterina Trofimovnanı kimliyi bilinsə də, atası Rıqorun və ya Qriqorinin kimliyi bilinmir. Diktatorun atasının haqqında bir kəlmə də informasiya yoxdur. Lukaşenkonun vikipediya məlumatlarında atasının kimliyi qrafasında bircə kəlmə yazılıb – neizvestno (naməlum).

Amma 1954-cü ildə Vitebsk vilayətiinin Orşan rayonunun Kopıs kəndində doğulmuş bu uşaqdakı fərasətə baxın ki, sağıcı anasının himayəsində atasız böyüsə də, gəlib Belarus kimi Avropa ölkəsində prezident seçilib və bir dəfə seçiləndən sonra artıq onu o vəzifədən qoparmaq mümkün olmayıb. İl yarım öncə Rıqoroviç həmin vəzifəyə 6-cı dəfə seçilib. “Seçilib” deyərkən, bu Avropa diktatorunun dövlət başçısı vəzifəsini növbəti dəfə qəsb etməsi nəzərdə tutulur.

21.jpg (19 KB)

 Əsgər Lukaşeno

Hakimiyyət hərisliyi, hikkəsi, qəddarlığı, insanları manipulyasiya etməsi baxımından yanaşanda Alyaksandar Rıqoroviçi İtaliya diktatoru Benito Mussolini ilə müqayisə etmək olar. Onları bir-birinə bənzədən çox cəhətlər var (təbii ki, fərqləndirən şeylər də kifayət qədərdir).

3.jpg (83 KB)

                                            Zabit Mussolini

Onların hər ikisi hakimiyyətə seçki yolu ilə gəlmiş, amma tezliklə seçkiyə-filana məhəl qoymayan diktatora çevrilmiş şəxsdir. Mussolini hakimiyyətə 1922-ci ildə, 40 yaşının içindəykən gəlib, 1954-cü il təvəllüdlü Lukaşenko da hakimiyyətə o yaşda gəlib -1994-cü ildə.

5.jpg (116 KB)

                                                  Kommunist deputat Lukaşenko

Mussolini siyasətə faşist ideologiyası ilə atılıb, Lukaşenko faşizmin astar üzü olan kommunizm (əslində gizli rus millətçiliyi) ideologiyası ilə atılıb, sonradan SSRİ-nin dağılması, Kommunist partiyasının qadağan olunmasıyla bağlı qılaf dəyişdirib, 1991-92-ci illərdə “Kommunistlər demokratiya uğrunda” adlı qondarma partiyanın üzvü olub.

Benito-Mussolini_cr_cr_cr.jpg (118 KB)

                                                      Faşist "duçe" Mussolini

Onların hər ikisi ölkəsində siyasi ləqəb daşıyıcısıdır. İtaliya faşistlərinin başçısı olduğu üçün Mussolinini “Duçe” (rəhbər) adlandırıblar, Lukaşenkonun ləqəbi isə “Batka”dır. “Batka” da başçı deməkdir, əsasən “kənd ağsaqqalı” mənası verir. Bu da ona görədir ki, Rıqoroviç prezident seçilməzdən öncə sovqoz direktoru olub. Sovxoz direktorluğundan birbaşa ölkə prezidenti vəzifəsinə gələn ilk adam yəqin ki, Lukaşenkodur.

6.jpg (151 KB)

                                            Lukaşenkonun prezident kimi and içməsi

Həm Mussolininin, həm də Lukaşenkonun necə hakimiyyət hərisi olduğu göz qabağındadır. Birinci 21 il ərzində dövlət başçısı olub, ikinci onun rekordunu daha 7 il təzələyib, artıq 28 ildir dövlət başındadır və hansısa fors-major (dövlət çevrilişi, sui-qəsd, qəfil ölüm) hadisə baş verməsə, bu göstərici 30-u aşacaq, 40-a doğru irəliləyəcək.

888.JPG (41 KB)

                                  Özünü imperator sayan Mussolini  

Mussolini olduqca sərt, qəddar, amansız rəhbər olub, rəqiblərini, eləcə də karyerasına, siyasətinə mane ola biləcək hər kəsi qanuni və ya qanunsuz şəkildə güllələtdirib, türməyələ saldırıb, repressiyaya məruz qoyub.

Lukaşenko da bu məsələdə eyni xarakterdədir. 21-ci əsr olmasına, ölkəsinin insan haqlarına, siyasi azadlıqlara böyük dəyər verən Avropada yerləşməsinə baxmayaraq, o, siyasi rəqiblərini repressiya etməkdən, aradan götürməkdən çəkinməyib. Vaxtilə Lukaşenkoya qarşı çıxan 5 adam uzun illərdir yoxa çıxıb. Onların öldürülərək hansısa meşədə basdırıldığı və ya hansısa göydələnin özülünə gömüldüyü güman olunur, ancaq ortada cəsəd olmadığı üçün heç bir dəlil-sübut da yoxdur. Motiv və şübhəli şəxs var, amma bu istiqamətdə təhqiqat aparan yoxdur. Bu təhqiqat yalnız Lukaşenkonun iqtidardan getməsindən sonra baş tuta bilər. O isə heç vəchlə tutduğu postdan getmək fikrində deyil.

9.jpg (45 KB)

                                        Mussolini və Klara Petaççi

Mussolini özünü nə qədər ölkəsinin rifahına, gələcəyinə həsr etmiş biri kimi göstərsə də, şəxsi kef-damağından, eyş-işrətindən qalmayan, məşuqələrini corab kimi dəyişən biri olub. Lukaşenko da birinci arvadını kənddə buraxıb şəhərə gələndən sonra özünü gözəl qadınların qayğısından məhrum etməyib.

76.jpg (9 KB)

                                                Lukaşenko və ....

Onları birləşdirən ən ümdə məqam isə böyük və aqressiv dövlətin vassalı olmalarıdır. Mussolini özündən 11 il sonra hakimiyyətə gələn Hitlerin qulbeçəsi olub. O, özünü Hitlerdən daha artıq faşist saysa da, faşizmə ondan əvvəl “könül verdiyi”ni iddia etsə də, qüdrətli Almaniyanın gücü qarşısında qalaraq ikinci rolla razılaşıb, Hitlerin əlaltısına çevrilib, ona yarınmağa çalışıb.

11.jpg (84 KB)

                                                    Mussolini və Hitler

Lukaşenko da hakimiyyətə Putindən 6 əvvəl gəlsə də, yaş və təcrübə etibarıyla özünü ondan üstün saysa da, hətta SSRİ-nin bərpası ideyasına Putindən daha əvvəl, uzun illər öncə “könül versə” də, Rusiyanın siyasi və hərbi gücünün qarşısnda boyun bükür, nəinki 2-ci rola razılaşır, hətta özünü Putinin mətbuat katibi statusuna endirməyə hazır görünür.

22.jpg (7 KB)

                                                    Lukaşenko və Putin

Müstəqil Belarusun rəhbəri o adamdır ki, 1991-ci ilin noyabrında, bütün keçmiş SSRİ respublikaları öz hərbi qüvvələrini və pul vahidini təsis etmək barədə qərarlar qəbul edəndə, məhz o, Alyaksandar Rıqoroviç Lukaşenko Belarusun silahlı qüvvələr yaratması və pul vahidi təsis etməsinin əleyhinə səs verib. Belovejsk sazişinə əsasən SSRİ-nin mövcudluğuna son qoyan sənədin parlamentdə ratifikasiyası zamanı o, yeganə deputat olub ki, sənədin əleyhinə səs verib, Belarusun müstəqil dövlət olmasını istəməyib.

Ancaq özü 28 ildir ki, həmin müstəqil Belarusun dəyişməz rəhbəridir. 2008-ci ildə Lukaşenko SSRİ-nin süqutundan danışarkən bu hadisəni 20-ci əsrin ən böyük geosiyasi fəlakəti adlandırıb. Burada artıq onun Putinə yarınması xətti sezilir. Çünki o vaxt artıq Kremldə “SSRİ xiffəti” güclənmişdi və bu xüsusda qımıldanmalar baş qaldırmışdı, Kopıs kəndinin qazlarından daha ayıq olan Lukaşenko küləyin haradan əsdiyini bilirdi.

33.jpg (295 KB)

                            2020-ci ilin avqustu, Minskdə izdihamlı anti-Lukaşenko mitinqi

Bu yarınmasına baxmayaraq, açıq-aşkar sezilir ki, onu Kremldə sevmirlər, sadəcə, kreslosundan dördəlli yapışmış bu adamla bacarmırlar, onun yerinə daha amansız, daha sözəbaxan, daha Kremlpərəst birini tapa bilmirlər. Elə olmasaydı, 2020-ci ilin yayında seçkiləri saxtalaşdırmış və Belarus xalqının böyük etiraz dalğası qarşısında qalaraq “batmaq” üzrə olan Lukaşenkoya Kreml son anda dəstək verməzdi. Putin məhz lap axırda, hakimiyyətə qərbyönmlü siyasilərin gəlmək üzrə olduğunu görərək, əlacsız şəkildə Rıqoroviçi xilas etdi.

Bir neçə il əvvəl onların arasında “qazpulu” borcu üstündə ciddi konflikt olmuşdu. Lukaşenkonun hansısa “qələt”inə görə (güman ki, Avropanın qarşısındakı reveranslar səbəbindən) Rusiya növbəti dəfə təzyiq rıçağına əl atmış, Belarusun qazını kəsmiş, 24 saatın içində borcunun ödənməsini tələb etmişdi. Lukaşenkonun Azərbaycandan başqa təcili borc üçün üstünə gedəcəyi bir ünvan qalmamışdı. O zaman Azərbaycan rəhbərliyi Belarusa borc pul verərək onu vəziyyətdən çıxardı. Qeyd edək ki, hələ 2010-cu ildə də bənzər hadisə olub – o zaman Lukaşenko rəsmi Bakıdan 200 milyon dollar borc alıb. Bundan bir az sonra Rusiya özü, artıq ağlı başına gəlmiş “Batka”ya təzədən 700 milyon dollar borc verdi. O qısnama nəydi, bu səxavət nəydi?

44.jpg (156 KB)

İndi belə bir adam heç sevmədiyi halda özünü Putinin əlaltısı kimi aparır, Kremlin hərbi avantürasına uyaraq digər slavyan qardaşına cəbhə açır, Kiyevin işğal olunması üçün rus ordusuna yardım göstərir, Ukraynayla, bütün Avropayla düşmənçilik edir.

Bu üzdəndir ki, Rusiyanın məruz qaldığı sanksiyaların bir xeylisi Belarusa da tətbiq olunur. Lukaşenko özü isə hələ bundan əvvəl, 2020-ci ildə hakimiyyəti zorla qəsb etdiyinə görə Avropa dövlətlərinin sanksiyasına məruz qalıb. Heç kəs onu legitim Belarus prezidenti saymır, ünvanına təbrik göndərmir, sammitlərə dəvət etmir. Ancaq bu, Rıqoroviçin vecinə deyil, ona uzun sürən şəxsi hakimiyyəti, daha sonra onu öz bioloji və siyasi varisinə ötürmək üçün əlverişli şərait lazımdır.

55.jpg (127 KB)

                                     Sevgilisi Klara ilə birlikdə ayağından asılmış Mussolini

Bu məsələdə o, Mussolinidən daha ötədir. “Duçe”ni 1943-cü ildə, 60 yaşındaykən devirib, 1945-ci ildə, 62 yaşında güllələdilərsə və meyidini ayağından asdılarsa, 67 yaşlı “Batka”nın aqibətinin necə olacağını hələ bilmək olmaz. Gözləmək lazımdır, əl-əlbət nəsə olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR