İnsanlara hürriyət, millətlərə istiqlal!

Səkkiz kəşfiyyatçımızın qəhrəmanlıq salnaməsi - Xocavənd əməliyyatı FOTO

3995 12.04.2022 10:20 Reportaj A A

Dünya hərb tarixini silkələyən hərbçilərimiz 1997-ci ildə Hadrutda misli görünməmiş xüsusi tapşırıq yerinə yetirib - təfərrüat

Onlar bizim xüsusi təyinatlı kəşfiyyatçılarımız olub. İllər öncə verilən xüsusi tapşırığı yerinə yetirərkən şəhidlik zirvəzinə ucalıblar. Cəbhənin 40 kilometr dərinliyinə sızıb Xocavənddə, Hadrutda olduqca əhəmiyyətli kəşfiyyat tapşırığını uğurla yerinə yetiriblər.

Geri dönərkən düşmənlə üz-üzə gəliblər və elə bir qəhrəmanlığa imza atıblar ki, hətta qəddar düşmənlərimiz olan ermənilər belə onlara qibtə edib.

Hərb tariximizə, dünya savaş tarixinə adlarını qızıl hərflərlə əbədi həkk etdirən qəhrəman oğullarımızı tanıyaq: Leytenantlar Elxan Ataxan oğlu Ağayev və Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuşlar Anar Üzeyir oğlu Rzayev, Dinar İbrahim oğlu Mustafayev, Aqşin Əli oğlu Həsənov, Nizami Səfi oğlu Ələkbərov və Fariz Şamil oğlu Cavadov və Aqil Əhmədov.

Onlar 1997-ci il aprelində xüsusi tapşırıqla Xocavəndə - düşmənin arxa cəbhəsinə göndəriliblər. Qrup düşmənlə təmas xəttindən təxminən 30-40 kilometr irəli keçərək, o günlərdə erməni işğalında olan Hadrut ətrafında, təpədən dırnağa qədər silahlanmış ermənilərin “burnunun altında” tapşırığı uğurla yerinə yetirir. Çox vacib bir əməliyyatı gerçəkləşdirməyi bacaran igid oğullarımız geri qayıdarkən düşmənlə üz-üzə gəlir.

Bu zaman kəşfiyyat qrupu döyüşə girir. Qeyri-bərabər döyüş, 3 günlük mühasirə qrup üzvü Aqil Əhmədovun ağır yaralanması ilə nəticələnir. Düşmən nəyin bahasına olursa-olsun, kəşfiyyatçılarımızı əsir almağa çalışır. Amma bacarmırlar. Kəşfiyyatçılarımız bir-birinin ardınca düzənlənən düşmən mühasirələrini yarmağı bacarırlar. Düşmənin mühasirəsində müxtəlif manevrlər edərək döyüşüb təslim olmurlar. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vururlar. Mühasirə həlqəsi get-gedə daralır, düşmən xeyli canlı qüvvə, texnika itirir.  Mühasirə tam daraldıqda isə kəşfiyyatçılarımıza sağ qalmaq zəmanəti ilə təslim olmaq təklif olunur. Düşmənin təklifinə tükənməkdə olan güllələrlə cavab verirlər. Həmin zaman qrup üzvləri döyüş yoldaşları Aqil Əhmədovun aldığı yaradan keçindiyini düşünürlər.

Düşmən hücumlarının ardı-arası kəsilmədiyi bir vaxtda, sursatları tükənən kəşfiyyatçılarımız düşməni belə riqqətə gətirən, qibtə etməyə məcbur edən qərar verir. Əllərindəki gülləsi tükənmiş silahları yerə atıb ətrafına dövrə vururlar. Son qumbaranı silahların üstünə atıb özlərini məhv edirlər. Düşmən hərbçiləri nə baş verdiyini anlayanda artıq kəşfiyyatçılarımızın addımı dillərində əzbər olur. Onları döyüşçü kimi dəfn edirlər. Əyninə yeni hərbi forma geyinən çağırışçılarına Azərbaycan kəşfiyyatçılarının qəhrəmanlıqlarını danışıb, ibrət götürmələrini təlqin edirlər...

Qrupun yeganə sağ qalan üzvü

Huşsuz vəziyyətdə aşkarlanan Aqil Əhmədov ilkin olaraq Hadruta, oradan isə Xankəndinə aparılır. Bir müddət sonra məhkəmə qarşısına çıxarılaraq barəsində güllələnmə cəzası təyin edilir. 33 aylıq danışıqlardan sonra Aqil Əhmədovu düşmənin bir neçə əsir hərbçisi ilə dəyişmək mümkün olur. Düşmənə hərb dərsi keçən şəhid kəşfiyyatçılarımızın nəşi isə 6 ay davam edən çətin keçən danışıqlardan sonra geri alınıb. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan kəşfiyyatçılarımız 2-ci Fəxri Xiyabanda dəfn olunublar.

20d433a9-e584-42e6-8b91-cb88c0ec9625.jpg (385 KB)

Komandir kəşfiyyatçılarını unutmur

İllərdir ki, ailələri, şəhid kəşfiyyatçıların komandiri olmuş Xətai Baxışov aprelin 10-da 2-ci Fəxri Xiyabana baş çəkib onların məzarlarını ziyarət edirlər. 2022-ci il, aprelin 10-u tarixi də istisna olmadı. Valideynlər, şəhid kəşfiyyatçılarımızın yaxınları, komandirləri, istefada olan polkovnik Xətai Baxışov cəsur, igid oğullarımızın məzarları başında onları yad etdilər və oradan şəhidlik zirvəsinə ucaldıqları məkana yola düşdülər. 

Zəfər Qalamızın 50 kilometrliyində əbədi yanar məşəlimiz

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərzilərimiz sırasında həmin o kənd - Xocəvəndin Yuxarı Güzlək kəndi də var. Füzulidən keçməklə Zəfər yolu ilə üzü Şuşaya istiqamət götürdük. 8 kəşfiyyatçımızın düşmənə meydan oxuduğu, qəlblərimizdə əbədi yanan məşəlin məskəni olan bu kənd Zəfər Qalamızın 50 kilometrliyindədir. Ailələr kəşfiyyatçılarımızın qanı axan bu müqəddəs torpağı ziyarət edib, xatirələrini yad etdilər.

f292c21c-c7ae-4246-a7de-44e584b783d6.jpg (236 KB)

Kəşfiyyatçı Vüqarın oğlu Vüqar deyir ki...

Ziyarətçilər arasında Vüqar Rzaxan oğlu Yarəhmədovun oğlu, 25 yaşlı Vüqar Yarəhmədov da var. Vüqar atasının şəhadətə yüksəlməsindən 6 ay sonra dünyaya gəlib. Atasının uca xatirəsi olaraq oğluna adını veriblər.  Döyüşçü ruhlu Vüqar atasının qisasının qiyamətə qalmadığına şükür edir. Deyir ki, 44 günlük Vətən müharibəsi günlərində döyüşlərə qatılmaq üçün ilk müraciət edənlərdən olub:

“Atam və döyüş yoldaşlarının şəhadətindən 25 il keçir. Onların igidlikləri, qəhrəmanlıqları dastanlara sığmaz. 44 günlük Vətən müharibəsindən sonra özümüzdə bir rahatlıq tapdıq. Uşaqlıqdan  bu yerlərin arzusu, xəyalı ilə yaşayıb, böyümüşəm. Artıq 2-ci dəfədir ki, bura, müqəddəs torpaqlara gəlirəm. Həyatda ən böyük qorxum o idi ki, həyatdan gedərəm, bu torpaqları ziyarət nəsibim olmaz. Şükürlər olsun ki, Ali Baş Komandanın əmri, Allahın izni, əsgər və zabitlərimizin əzmi, iradəsi ilə torpaqlarımızı düşməndən təmizlədik”.

Şəhid kəşfiyyatçı oğlu: “Bu gün bizim içimiz rahat, başımız dikdir”

Vüqar Yarəhmədov atasının yolunu əziz tutur. Deyir ki, özünü anlayandan atasının qəhrəmanlığı haqda düşünüb:  “Uşaq olandan atamın məzarını ziyarət edib, qucaqlayıb, öpüb bağrıma basmışam. Həmişə atamın xatirəsini qəlbimdə gəzdirmişəm. Bu gün bizim içimiz rahat, başımız dikdir. Şəhidlərimizin də ruhları şaddır. Bir daha bu torpaqlara düşmən ayağı dəyə bilməz. Ən azından Vətən uğrunda atalarımızın apardığı mübarizənin nəticəsi oldu”.

Sequence 01.00_01_24_10.Still004.jpg (941 KB)

Şəhid kəşfiyyatçı, xüsusi təyinatlı Anar Həsənovun anası 25 illik arzularının çin olmasına sevindiyini gizlətmir: “Düzdür, övladlarımızın ziyarət yerləri, məzarları var. Ancaq həmişə arzulamışıq ki, övladlarımızın qanları tökülən yerdə, son dəfə nəfəs aldıqları bu məkanda olaq, ziyarət edək. Çox şükür. Allah Prezidentimizi, Ordumuzu var eləsin, qorusun. Nəsib oldu, biz bu yerlərə gələ bildik. Ötən ilin iyununda bura ilk dəfə gələ bildik. O zaman yol-iz yox idi. İndi isə rahat yol da var. 25 il bu yerlərin arzusu ilə yaşamışıq. Burada nəsə qeyri-adi bir tapıntımızın olacağına inanmışıq. Burada övladlarımız şəhidlik zirvəzinə ucalıblar, bizləri də o uca zirvəyə qaldırıblar...

Artıq bizlər bura ürəklə gəlirik. Qorxmadan, çəkinmədən gəlirik. Mən bu yerlərdə, Qarabağ torpaqlarında şəhidlik zirvəsini fəth edən oğullarımızla fəxr edirəm. Onları öz övladımdan ayırmıram. Çox şükür ki, bu gün 7 oğulun qardaşı Anar həyatdadır. Vüqarın oğlu Vüqar bizim övladımızdır. Polkovnik Xətai Baxışov ötən 25 ildə bizim yanımızda olub. Döyüş yoldaşları var, bayramlarda, xoş günlərdə çətin günlərdə bizi unutmayıblar".

Şəhid anası Xocavəndin Yuxarı Güzlək kəndində övladlarına abidə ucaldılmasını arzulayır: “Burada da bir ziyarət yerimiz olmasını istəyirik, arzulayırıq. Onsuz da Qarabağ torpağının hər qarışı bizə əziz, müqəddəsdir. Burada bitən hər ot, hər ağac şəhidlərimizin qanı ilə suvarılıb. Bayrağımız canlarından keçən oğullarımızın əzmi, ruhu ilə ucalıb. Biz sülh və əmin-amanlıq tərəfdarıyıq”.

Kəşfiyyatçı Aqil Əhmədov şəhid döyüş yoldaşlarını bir an belə unutmadığını deyir: “1997-ci ilin aprelində bizə, 8 nəfərlik xüsusi təyinatlılardan ibarət qrupa düşmən arxasına keçib tapşırıqları yerinə yetirmək əmri verildi. Yola çıxdıq, döyüş tapşırığını yerinə yetirdik. Əməliyyatın 3-cü günü düşmən bizi gördü. Döyüş başladı. Bizi mühasirəyə salıb əsir götürmək istəyirdilər. Həmin döyüşdə mən ağır yaralandım. Bir də Xankəndində olanda özümə gəldim. Başa düşdüm ki, əsir götürülmüşəm. Orada ermənilər mənə dedilər ki, ”oni sami sebya podorvali"(onlar özlərini partladıb öldürüblər - E.M.)””

Sequence 01.00_00_21_10.Still002.jpg (768 KB)

Erməni gülləsi ürəyində, ümidi isə dövlətimizdə

Aqil Əhmədov bu gün də bədənində həmin döyüşdən nişanə - güllə daşımaqdadır. Onun səhhətində ciddi problemlər var. İsraildə müalicə zərurəti kəskin şəkil alıb.  Aqil Əhmədov səhhəti ilə bağlı danışmağa həvəsli deyil. Komandiri Xətai Əhmədov isə əksinə, bu məsələnin tez bir zamanda həll olunmasının vacib olduğunu deyir: “”Yaşat" Fondu Aqillə maraqlanır. Ümid edirik ki, tez bir zamanda onun müayinə və müalicəsi üçün tədbirlər görüləcək. Deputat Adil Əliyevin köməkliyi ilə Aqil ötən illərdə Rusiyada, sonradan isə Türkiyədə həkimlər tərəfindən müayinə olunub. Həkimlər cərrahi əməliyyat zərurətinin olduğunu deyirlər. Lakin əməliyyat riskli olduğundan və həkimlər zəmanət vermədiklərindən Aqilin əməliyyata götürülməsinə razı olmadıq. İsraildə isə Aqil risksiz əməliyyat oluna bilər. İstəyirik ki, dövlətimizin dəstəyi ilə Aqil tez bir zamanda belə bir əməliyyata götürülsün".

Xətai Baxışov tabeliyində olmuş kəşfiyyat qrupunun qəhrəmanlığını belə xatırlayır:

“25 il əvvəl xüsusi təyinatlı kəşfiyyatçılarımız Hadrut ətrafında, düşmənin arxasına keçməklə onlara verilən tapşırığı uğurla yerinə yetirmişdilər. Əldə etdikləri qiymətli məlumatları ötürdükdən, tapşırığın yerinə yetirilməsini məruzə edəndən sonra geri dönərkən düşmən tərəfindən aşkar edilmişdilər. Bundan sonra 3 gün, 3 gecə mühasirədən çıxmağa çalışıblar. Bir neçə dəfə mühasirədən çıxa biliblər. Xeyli düşmən hərbçisini, texnikasını məhv ediblər. Düşmən kəşfiyyatçılarımızı diri ələ keçirməyə çalışıb. Aqil Əhmədov həmin döyüşlərdə ağır yaralanıb. 7 kəşfiyyatçımız isə burada, Xocavəndin Yuxarı Güzlək kəndində, bu dərədə mühasirədən çıxa bilməyəcəklərini başa düşüblər. Sursatları tükənmiş kəşfiyyatçılarımız dünya hərb tarixində yeganə hadisəyə imza atıblar. Kollektiv şəkildə özlərini partladaraq düşmənin təslim olmaq tələbini yerinə yetirməyiblər”.

Sequence 01.00_08_50_00.Still014.jpg (1001 KB)

Xətai Baxışov deyir ki, kəşfiyyatçılarımızın bu addımı düşmənlərimizdə belə onlara hörmət hissi yaradıb: “Ermənilər 7 kəşfiyyatçımızı elə burada, bu bulağın yaxınlığında qəhrəman kimi dəfn ediblər. Sonradan isə onların məzarları önündə andiçmə mərasimləri keçiriblər. Kəşfiyyatçılarımızın qəhrəmanlığını əsgərlərinə nümunə göstəriblər. Mərhum prezident Heydər Əliyev o zaman bundan xəbər tutandan sonra 7 kəşfiyyatçımızı ölümlərindən sonra ”Azərbaycan bayrağı" ordeni ilə təltif etdi. Aqili isə ermənilərdən 1 il 11 aydan sonra geri ala bildik. Həmin vaxt artıq Ermənistan məhkəməsi Aqilin barəsində ölüm hökmü çıxarmışdı. 1 il 11 ay Aqil hər gün ölüm hökmünün icra ediləcəyini gözləyib. Bu gün də ürəyində düşmən gülləsi gəzdirir. Ermənilərin bədəninə qoyduqları tibbi “şlanq” da bu gün bədənindədir. Biz çalışırıq ki, o, İsraildə müalicəyə göndərilsin".

Azər Cavadov 7 qəhrəmanımızdan biri, şəhid Fariz Cavadovun qardaşıdır. 2-ci qrup Qarabağ əlilidir. Deyir ki, Qarabağ torpaqlarının əzəli sahibləri olan bizlərin bu müqəddəs torpaqlara qayıtmasında qardaşının və onun döyüş yoldaşlarının da payı var:

“Fariz Füzuli, mən isə Murovdağ istiqamətində xidmət etmişik. Elə olurdu ki, aylarla bir-birimizi görmürdük. Həmin ilin martında təsadüfən onu da, məni də bir neçə günlüyə məzuniyyətə buraxmışdılar. Farizlə görüşdük. Amma kəşfiyyatçı olduğunu, kəşfiyyata getdiyini demədi. Mən Fariz də daxil olmaqla, burada vətənə canları fəda edən qardaşlarımızın ruhu qarşısında baş əyirəm. Bura o zaman cəbhə bölgəsindən çox uzaq bir məsafədə idi. Yeni çəkilmiş asfalt yolla biz bura 2 saatdan artıq vaxt sərf etməklə gəldik. Farizgil isə bura dağların arası ilə piyada gəlib döyüş tapşırığını yerinə yetiriblər. Bir neçə gün yol gəlib düşmənin arxasına keçib kəşfiyyat aparıblar. Əldə etdikləri məlumatları ötürməyi də bacarıblar. Onlar bizim gerçək qəhrəmanlarımızdır”.

Elşən MƏMMƏDƏLIYEV,
Elçin ƏKBƏR
Bakı-Xocəvənd-Bakı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR