İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Qərbə “heç-heçə” təklif edildi - Ukrayna müharibəsi bitir?

1230 27.04.2024 08:17 Ölkə A A

“Sülh müqaviləsi imzalansa, bu, Kiyevin xeyrinə olar, çünki...”

ABŞ Konqresi bu həftə nəhayət, Ukraynaya 61 milyard dollarlıq yarım paketini təsdiqlədi. Eyni zamanda, Rusiyanın dondurulmuş 6 milyardlıq aktivlərini Kiyevə vermək haqda da qərar çıxardı. 

İndi hamını ən çox düşündürən sual budur: böyük Amerika dəstəyi Ukrayna üçün nə deməkdir, bu, müharibənin sonunu və ya ədalətli sülhü yaxınlaşdıra biləcəkmi?

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı Rusiya ilə Ukrayna arasında müharibə kimi mühüm məsələyə də toxunub. Dövlət başçısı bildirib ki, o, Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini bilmir, kim bilirsə, bəlkə də Nobel Sülh Mükafatına namizəd göstərilə bilər. 

“Bütün bunların necə bitəcəyini heç kimin bildiyini düşünmürəm. Bəlkə belə demək daha yaxşıdır: bu nə vaxt bitə bilər? Çünki gec-tez müharibələr başa çatır. Təcrübəmizə əsaslanaraq öz fikrimi deyə bilərəm. Yəqin ki, bilməyiniz maraqlı olar ki, 1994-cü ilin mayında atəşkəs imzalanandan sonra müharibə dərhal dayanmadı. Rusiya və Ukrayna müharibənin aktiv fazasına son qoymağa razılaşsa, oxşar şey ola bilər. Amma bu, müharibənin bitməsinə zəmanət vermir”.

Belarus prezidenti Aleksandr Lukaşenko isə savaşın bitməsi üçün Qərbə və Rusiyaya “heç-heçə” təklif edib. 

Sitat: “Bu gün Ukraynaya sülh lazımdır. İndi dinc danışıqlar üçün ən əlverişli vəziyyət yaranıb. Biz İstanbul razılaşmalarından başlaya bilərik. Bütün hərbi qulluqçular, Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri, siyasətçilər və dövlət başçıları artıq açıq şəkildə deyirlər ki, Putinin qələbəsinə yol vermək olmaz. Əgər bunun mümkün olmadığını israr edirsinizsə, o zaman danışıqlar zamanıdır. Bu mərhələdə heç-heçə oynayın”.

niyameddin.jpeg (88 KB)

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, bu yardım yetərli deyil: “ABŞ-ın Ukraynaya 61 milyard yardım ayırması Ukraynanın müharibədə qələbəsini və ərazi bütövlüyünü bərpa etməsini təmin etməyəcək. Bu, birmənalı belədir. Bu yardım Ukraynanın kapitulyasiyasının qarşısını almaq, onu müharibəni bir müddət də davam etdirməsinə inandırmaq, ruhlandırmaq üçündür, yardımın həcmi və ayrılan vəsaitin qarşılığında göndəriləcək silah-sursat qələbə üçün yetərli deyil. Ukraynanın qələbəsi üçün ABŞ arsenalında olan ən müasir silahları, ikinci dünya müharibəsində SSRİ-yə verdiyi kimi, Ukraynaya verməlidir. Həm də Ukraynanın istədiyi miqdarda. Hələ mən ikinci cəbhənin açılmasını demirəm. Hələlik görünən odur ki, kollektiv Qərb hansısa mərhələdə Ukraynanı ciddi güzəştlərə məcbur edəcək. Ukraynada çoxları artıq bunu anlayır. Və dəfələrlə Ukrayna rəsmiləri bəyan edib ki, NATO-nun Rusiyaya güzəştə getməsi təklifini qəbul etməyəcək. Cənab Prezident İlham Əliyev tamamilə doğru qeyd edir ki, Rusiya- Ukrayna müharibəsinin necə bitəcəyini heç kim bilmir. Müharibə baş verirsə, qısa müddətdə bitmir. Bunun üçün zaman tələb olunur. Ancaq müharibənin ağır nəticələrinin aradan qaldırılmasına ehtiyac yaranır. Hətta atəşkəs olunandan sonra da tam şəkildə də əməl olunmur. Bu gün həqiqətən də ən çox sülh Ukraynaya lazımdır. Xalq zəlilin gününə qoyulub. Dünyanın ən çox qaçqını, 19 milyon insan qaçqın düşüb. Yüz əlli min insan həyatını itirib, şikəst olub, 200 min kv.km ərazi minalanıb, bu gün müharibə dayansa Ukraynanın infrastrukturunun bərpası üçün 4 trilyon dollar vəsait lazım olacaq, kim verəcək bu vəsaiti? Nə qədər tez müharibə dayansa, Ukrayna üçün böyük qazanc deməkdir. Bu mənada Aleksandr Lukaşenko haqlıdır. Dinc danışıqlar yolu ilə müharibəni saxlamalıdılar. Doğru qərarlar qəbul olunmalıdır. Ayrılan 61 milyard dolları Ukrayna silah-sursata deyil, Ukraynanın bərpasına yönəltməlidir”.

Jurnalist Səxavət Məmməd həbs edildi — FOTOLAR

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd Rusiya sənayesinin durmadan inkişaf etdiyini söylədi, Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi elə bir həddə gəlib ki, Qərb də ediləcək yardımların nəticə verəcəyini düşünmür: “ Ukrayna yardımlar üçün çağırışlar edir, Qərb düşünür, Rusiya isə sahədə dayanmaq bilmir, hər keçən gün hücum tempini, raket zərbələrinin sayını artırır. Rusiya ilə bağlı bütün proqnozlar səhv çıxdı. Qərb mediası yazırdı ki, Rusiyanın raketləri bitmək üzrədir, Rusiya iqtisadiyyatı dayana bilməyəcək, Rusiya ordusundan kütləvi qaçışlar olacaq. Reallıqda isə hər şeyin tam əksini gördük. Rusiya bütün silah sənayesini işə salmağı bacardı. Artıq silah sənayesi elə bir həddə gəlib çatıb ki, aya 20 tank istehsal edirlər. Hazırda Ukrayna ərazisinə idarə olunan FAB-1500 bombaları atırlar. Bu bombaların çəkisi 1,5 tondur. Məlum olur ki, ruslar FAB-3000 bombalarının da kütləvi istehsalına başlayıblar. Rusiya döyüşə gedənlərə elə maaş verir ki, nəinki döyüşdən yayınanlar var, əksinə döyüşə can atanlar daha çoxdur. Müharibədə elə bir vəziyyət yaranıb ki, qısa zamanda rusları dayandıra bilməsələr, hansısa razılıq əldə olunmasa, Rusiya işğal etdiyi ərazilərin sahəsini genişləndirəcək. Ruslar hücumlarını davam etdirsə də, onlar üçün əsas hücum iyun ayında başlayacaq. Ukrayna tərəfi ancaq və ancaq müdafiə oluna bilər. NATO baş katibi belə bildirdi ki, Ukraynaya F-16-lar verilsə belə, döyüşün gedişinə təsir etməyəcək. Ona görə də, indiki məqamda müharibəni dayandırmaq variantı üzərində iş aparılır. Rusiya Ukraynanın böyük bir hissəsini işğal edib. Hesab edirəm ki, Rusiya ilə sülh müqaviləsi imzalansa, bu Ukraynanın xeyrinə olar, çünki bir qədər də müharibə uzansa, kapitulyasiyaya da gedə bilərlər. Ukraynanın bu vəziyyətə düşməsinin səbəbkarı Qərb oldu. Çünki onlar ya Rusiyanın potensialını düzgün hesablamadı, ya da özləri bunda maraqlı oldu. Zamanında Ukraynaya silahlar, hava hücumundan müdafiə sistemləri, raketlər verilsə idi, bəlkə də müharibə bu həddə gəlib çatmazdı”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlunun fikrincə, Qərbin Putin planı baş tutmadı: “Qərb yardımlarının Ukrayna cəbhəsində vəziyyəti köklü şəkildə dəyişəcəyini zənn eləmirəm. Bu ən yaxşı halda müharibəni bir qədər də uzatmağa xidmət edəcək. Çünki Ukrayna sürətlə zəifləyir, enerji və digər həyati əhəmiyyətli infrastrukturu məhv edilir. Yəni ruslar tədricən Ukraynanı yormağa çalışırlar. Yəni cəbhədə müharibəni dayandırmaq üçün xüsusi bir vəziyyət yoxdur. Rusiya daxilində də müharibənin hər hansı təsiri və ya hakimiyyət daxilində parçalanma yoxdur. Məsələn, mümkün idi ki, cəbhədə uğursuzluqlar hakimiyyət daxilində və ictimai rəydə savaşı dayandırmaq çağırışını artırardı və nəticədə müəyyən bir dövrdən sonra hakimiyyət müharibəni dayandırmağa gedərdi. Yeri gəlmişkən, müharibənin ilk aylarında bu element var idi, İstanbul razılaşması faktiki olaraq Rusiya hakimiyyətinin geri çəkilməsi idi. Ancaq o zaman Qərb buna razı olmadı, indi isə Rusiya artıq buna getmək istəmir. Görünür, Qərb Putini rüsvayçı məğlubiyyətə sürükləmək istəyirdi, amma olmadı. İndi isə vəziyyət fərqlidir. Dediyim kimi, yardımlar sadəcə müharibəni uzatmağa xidmət edəcək. Açığı mən o qədər əmin deyiləm ki, Rusiya Lukaşenkonun dediyi ”heç-heçə"yə razı olacaq, ya da bu heç-heçənin formatı necə olacaq?"

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR