İnsanlara hürriyət, millətlərə istiqlal!

Redaktorlardan “Azəriqaz”a təklif: “Qəza baş verən yerləri bizə göstərin”

860 09.08.2019 18:35 Ölkə A A

 

Ceyhun Səfərov: “Jurnalistlərin iştirakı ilə mediaturlar təşkil edəcəyik”

Son vaxtlar ayrı-ayrı qəsəbələrdə əhaliyə təbii qazın verilməsində fasilələrin sayı artıb və bu insanlarda yetərincə qıcıq doğurub. “Azəriqaz” İB-dən bu fasilələrin payız-qış mövsümünə hazırlıqla bağlı aparılan təmir işləri ilə əlaqədar olduğu bildirilsə də, 9-10 saatlıq fasilələr və daha sonra təbii qaz əvəzinə bir neçə dəqiqə xətdən hava gəlməsi abonentlərin etirazına səbəb olub. Qaz xəttindən 15 dəqiqədən artıq bir müddətdə davam edən hava axını həm də sayğacdan müvafiq məbləğdə pulun silinməsi ilə nəticələnir ki, bu da vətəndaşları ziyana salır. Digər tərəfdən bəzi ekspertlər bu fasilələrin məhz “Azəriqaz” İB-nin apardığı təmir işləri ilə bağlı olduğuna şübhə ilə yanaşır, bunun qurumun yol verdiyi itkilərin gizlədilməsi üçün atılan addım olduğunu qeyd edirlər. Bu iddialara “Azəriqaz”-dan verilə biləcək ən yaxşı cavab isə təmir aparılan ərazilərə infotur keçirilməsi ola bilər. Bəs nə üçün qurum jurnalistlərin iştirakı ilə mediatur keçirmir? 

Картинки по запросу “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Səfərov

Sualımızı cavablandıran “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Səfərov bildirdi, təmsil etdiyi qurumda jurnalistlər üçün infotur təşkil edilməsi ilə bağlı hər hansı problem yoxdur: “Qarşıdakı bayram günlərində “Azəriqaz”  tərəfindən heç bir təmir işi aparılmayacaq. Əhali fasiləsiz olaraq təbii qazla təmin olunacaq. Bayram günlərindən sonra isə jurnalistlərin iştirakı ilə birgə infotur təşkil etməyə hazırıq, təmir aparılan yerlərə gedək, çəkiliş edək, işlərin gedib-getməməsi ilə tanış olaq. Mən ilk dəfə sizin vasitənizlə demək istəyirəm ki, mətbuat üçün açığıq. Heç bir problem yoxdur. Mənim planımda ilk növbədə infoturların təşkilidir. Bu da bayramdan sonra baş tutacaq”. 

Məsələ ilə bağlı baş redaktorların da fikirlərini öyrənməyə çalışdıq. 

Картинки по запросу “Teleqraf” holdinqin rəhbəri Aynur Camal

“Teleqraf” holdinqin rəhbəri Aynur Camal “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu infoturlar medianın gözündən pərdə asmaq üçün olmamalıdır: “Biz media olaraq dövlət orqanları ilə əməkdaşlıq etməyə maraqlıyıq, onların təşkil etdiyi infoturlarda da iştirak edirik. Ancaq “Azəriqaz” İB insanları həqiqətən çox incidir. Biz demək olar ki, hər gün əhalidən, ayrı-ayrı insanlardan təbii qazla bağlı şikayətlər eşidirik. İnsanları boş yerə bu qədər incitmək, dövlətdən, iqtidardan narazı salmaq yolverilməzdir. Biz təbii qazı istehsal edən ölkəyik, qonşu ölkələrə qaz satırıq, ancaq öz vətəndaşlarımız bununla bağlı problemlər yaşayır. O baxımdan bu infoturlar təşkil olacaqsa, jurnalistlər burada iştirak etməlidir. Ancaq bir şərtlə ki, bizə bəzək-düzəkli nələrisə göstərməsinlər, medianın gözündən pərdə asmağa çalışmasınlar. Mövcud problemlə bağlı açıq şəkildə müzakirə etmək imkanı yaradacaqlarsa, jurnalistlərin bütün suallarına cavab verəcəklərsə, abonentlərə münasibətlərdə haqlı olduqlarını sübut edə biləcəklərsə və ya haqsız olduqlarını etiraf edəcəklərsə, təbii ki, biz  bu infoturlarda iştirak edəcəyik”. 

Картинки по запросу “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə “Yeni Müsavat”a açıqlamasında fərqli bir fikir səsləndirdi: “Qaz əhaliyə satılan və pul gətirən bir əmtəə olduğuna görə, onun əhaliyə satılmasında “Azəriqaz”ın hər hansı bir problem yaratmaqda maraqlı olduğunu düşünmürəm.  Əgər haradasa problem yaranırsa, deməli, obyektiv əsasları var. Çünki bu smartkartla olan bir sistemdir, insanlar karta müəyyən məbləğ yükləyir və ona uyğun olaraq qaz alırlar. Belə bir vəziyyətdə “Azəriqaz” İB-nin bu insanların qazını kəsməkdə marağı nə ola bilər?! Mən buna ehtimal vermirəm. Qaz kəsildikdə və sonra təkrar verildikdə xətdən hava gəlməsi də bir texniki məsələdir, buna fikir bildirmək istəmirəm. Ancaq əhalinin qazla təminatında fasilə yaranmasında “Azəriqaz” İB-nin maraqlı olduğunu qətiyyən düşünmürəm. Çünki burada həm bu qurum, həm də dövlət pul qazanır. Ancaq ümumilikdə, ölkədə istənilən bir sahə, xüsusən də insanların gündəlik həyatı ilə bağlı sahələr, kommunal xidmətlər, insanların tələbatının ödənilməsi prosesində iştirak edən qurumlar jurnalistlərlə birgə ən azı aylıq nəzarət mexanizmi qurmalıdırlar. Mən bunun tərəfdarıyam”. 

Картинки по запросу “Yeni Müsavat” qəzeti  Azər Ayxan

“Yeni Müsavat” qəzetinin baş redaktorunun I müavini Azər Ayxan da təbii qazın verilməsində yaranan problemlərdən şəxsən əziyyət çəkdiyini bildirdi: “Mənim yaşadığım Xətai rayonu, M.Hadi küçəsində vaxtaşırı qaz verilişi dayandırılır. Bu da məni bir sakin olaraq narahat edir və suallar doğurur. İddialar var ki, bu heç də təmir və qəza ilə əlaqəli deyil. İddialar bundan ibarətdir ki, qazın verilişini bir neçə saat saxlayırlar, xəttə yenidən qaz verildikdə isə bir neçə dəqiqə hava gəlir. Bu hava abonentin sayğacında sərfiyyat kimi göstərilir. “Azəriqaz” bunu nəzərə almalıdır, onminlərlə sayğacı hesablasaq, bunun nə qədər böyük bir vəsait olduğunu görə bilərik. Nə “Azərişıq”,  nə də “Azərsu” ilə bağlı belə problem yaşanmır. Mən hələ görməmişəm ki, bizim yaşadığımız binada səhər saat 8:00-dan axşam saat 18:00-a kimi elektrik və ya su kəsilsin. Suyun alternativi var, binamızın su anbarından belə hallarda nasoslarla su xətlərə vurulur, sakinlər təmin edilir. Ancaq həftənin 1 günü qazı səhərdən axşama kimi kəsmək anormal haldır. Bunun təmir və ya qəza adı altında əhaliyə sırınması doğru deyil. Mən təklif edərdim ki, “Azəriqaz” rəhbərliyi mediatur təşkil etsin. Qəza baş verən gün jurnalistləri həmin yerə aparsınlar və qəzanı göstərsinlər. Görək qəza harada baş verib, təmir harada aparılır. Niyə əhalinin qazla təminatının alternativ yolları düşünülmür?” 

A.Ayxan vurğuladı ki, əslində abonentlər qaz verilişinin dayanmasına görə, “Azəriqaz”ı məhkəməyə verib qalib gələ bilər: “Biz ödənişdə heç bir axsamaya yol vermirik. “Azəriqaz” 1 saat belə abonentə güzəşt etmir, sayğacda pul bitən kimi qaz verilişi dayanır. Bəs qaz verilişində saatlarla fasilə yarandıqda, “Azərqaz” hansı öhdəliyi daşımalıdır? Tələb edirik ki, qaz təminatı daimi olsun. Aprel ayında keçirilən müşavirədə ölkə prezidenti İlham Əliyev “Azəriqaz” rəhbərliyinə çox ciddi iradlar bildirdi. Biz inanırdıq ki, bu tənqiddən sonra qaz təsərrüfatında vəziyyət düzələcək. Ancaq görünən odur ki, bu xeyli zaman alacaq”. 

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR