İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan əsirlərlə bağlı nə qərar verəcək?

1234 19.09.2019 21:23 Siyasət A A

Kəlbəcərli girovların məsələsi ATƏT-in zirvə toplantısında qaldırılacaq


Azərbaycan Respublikası tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistan tərəfi işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri-Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olmadığı barədə açıqlamalar verib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırılıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tərəfi bu dəfə daha konkret mesajlar vermiş oldu, konkret hansı ermənilərlə azərbaycanlı girovların dəyişdirilməsinə Azərbaycanın hazır olduğu bəyan edildi:

“Bilirsiniz ki, ötən ilin noyabr ayında da Dövlət Komissiyası əsir və girovların hamının hamıya prinsipi ilə dəyişdirilməsi ilə bağlı Ermənistana müraciət eləmişdi. Təəssüf ki, Ermənistan bu çağırışa müsbət yanaşmadı. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il aprelin 30-da rəsmi İrəvana çağırış edərək hamının-hamıya prinsiöi ilə dəyişdirilməsinə razı olmasını gözlədiklərini dilə gətirmişdi. Bundan sonra müəyyən bir dəyişmə baş tutdu. İyunun 28-də Elvin İbrahimovla Zaven Karapetyan dəyişdirildi. Lakin bu proses bundan sonra yenə passiv fazaya daxil oldu. Məhz 12 avqustda Araik Kazaryanın təmas xəttini keçərək Azərbaycan tərəfinə könüllü əsir düşməsindən sonra Ermənistan cəmiyyətində bu məsələ bir daha aktuallaşdı. Lakin Ermənistan dövlət qurumları bir-birinə zidd açıqlamalar verməyə başladılar. Bu da Ermənistanda mövcud ictimai siyasi durumun bərbad vəziyyətdə olması, dövlət və hökumət qurumları arasında koordinasiyanın olmaması ilə bağlı idi. Nikol Paşinyan təkcə əsirlərin dəyişdirilməsi məsələsində deyil, öz ölkəsinin daxili məsələlərində də hesabları düzgün hesablaya bilmir. Bir məsələlərdə olduğu kimi əsirlər məsələsində də düzgün qərar vermək gücündə deyil. Ölkədəki hazırkı gərgin vəziyyətdə Paşinyan əsir və girovların dəyişdirilməsi ilə bağlı yekun qərar verə bilmir. Buna baxmayaraq Azərbaycan tərəfi öz qərarında qətidir və mövqeyindən gei çəkilmir. Gələn həftənin 1-ci günündən etibarən, 23-27 Sentyabr tarixlərində Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Zirvə Toplantısında iştirak edəcəyik. Azərbaycanlı girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev, onların erməni hərbi diversantlarla dəyişdirilməsi prosesi, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları və təxribat yönümlü davranışları, habelə Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları barədə çıxışlarım olacaq. Həmin toplantıda biz rəsmi əsir və girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsi barədə mövqeyini bir daha iştirakçılara çatdıracağıq. Ümid edirik ki, bu məsələdə yenidən canlanma yaranacaq və əsir və girovların dəyişdirilməsi məsələsi nəhayət müsbət həllini tapacaq”.

Məsələyə münasibət bildirən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə bildirdi ki, ermənilər hər dəfə “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi təklifindən boyun qaçırır və sonra da bu cür həyasızcasına açıqlamalar verirlər:

“Azərbaycan tərəfi haqlı olaraq yenidən öz mövqeyini rəsmi olaraq bəyan etdi. Bildiyiniz kimi bir müddət öncə Rusiya və Ukrayna arasında da əsir və girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsi prosesi baş tutdu və bu təqdirəlayiq bir addım oldu. Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında razılıq əldə olunar və əsirlər hamının-hamıya prinsipi ilə dəyişər. Ancaq Ermənistan Azərbaycanın təkliflərini və çağırışlarını qulaqardına verərək hətta həyasızcasına belə bir açıqlama verərək deyir ki, Azərbaycan tərəfi bizə təklif etməyib”.

K.Əsgərov həmçinin qeyd etdi ki, artıq iki ilə yaxındır Beynəlxalq Qırmızı Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkdiklərini bildirsə də, atasından onlara nə məktub, nə şəkil təqdim edilmir: “Bizdən məktub götürüblər, lakin ondan bizə heç bir məlumat verilmir. Beynəlxalq Qırmızı Xaç Komitəsində verilən məlumata görə, atam bizə məktub yazmaq istəmir. Onlar ailənin narahatlığını nəzərə almırlar. Onların şifahi verdikləri məlumat bizi qane etmir. Atamın səhhətinə görə çox narahatam. Bununla bağlı artıq 4 ildir ki, Avropa İnsan Haqları Məhkəməsinə də müraciət etmişik. Avropa İnsan Haqları Məhkəməsi işi icraata götürüb, şikayət üzrə kommunikasiya başa çatıb. Təəssüf ki, məhkəmə işə baxmaq istəmir. Səbəb isə Azərbaycana qarşı Avropa ölkələrinin ikili standartlarla yanaşmasıdır. Biz müraciətimizdə Kəlbəcər rayonundan olduğumuzu, işğaldan sonra məcburi köçkün kimi Şəmkir rayonunda məskunlaşdığımızı da qeyd etmişik, hətta atamın Kəlbəcəri ziyarət etmə səbəbinin doğmalarımızın qəbirlərini ziyarət etmək olduğunu da bildirmişik. Avropa İnsan Haqları Məhkəməsi atama verilən işgəncələrə göz yumur, nə işə baxmaq, nə də ədalətli qərar çıxarmaq istəyir. Bu gün beynəlxalq təşkilat olan ATƏT, BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti sıfır dərəcəsindədir. Əgər onların normal fəaliyyəti olsa, atam çoxdan ailəsinə qovuşmuşdu”.

Ermənistan hökuməti əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycandakı erməni əsirlərlə dəyişdirilməsi ilə bağlı qarşı tərəfin təklifini müzakirə edir. Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan açıqlama yayıb. Karapetyanın sözlərinə görə, bu barədə Baş nazir Nikol Paşinyanla şəxsən danışmasa da, məsələnin müzakirə olunduğundan xəbərdardır: “Məsələnin həssaslığını nəzərə alaraq, yekun qərar verildikdən sonra elan edəcəyik”

Etibar SEYİDAĞA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR