İnsanlara hürriyət, millətlərə istiqlal!

“Orsk” markalı soyuducu

1290 11.04.2024 21:40 Yazarlar A A

Qədim türk ellərinin məskəni olan Ural dağlarındakı eyni adlı çay daşıb, Orsk və Orenburq şəhərlərini basıb. Rusiya fövqəladə hallar idarəsinin başçıları köçürməkdə çətinlik çəkdikləri xalqa belə izahat verirdilər: “Siçanlar su bəndində oyuq açıb, ona görə sel yaranıb”.

Orsk şəhərini su basması videolarını izləyəndə mənim yaddaşımda sanki ildırım çaxdı və uşaqlığım yadıma düşdü. O zamanlar bizim evdə “Orsk” markalı soyuducu vardı. Sovetlərin ən kütləvi soyuducu markalarından imiş (təbii, bu informasiyanı indi, internetdən tapmışam). Bəzən ildə milyon dənə düzəldiblər. Ya da ümumi istehsal belə olub – bunun dəqiqləşdirməyə açığı, həvəsim olmadı. Məqsədimiz heç bu deyil. Sadəcə, Orsk şəhərinin ətraf küçələriylə sel suları yavaş-yavaş sürünəndə mənə elə gəldi 1980-ci illərdir, Qarabağdakı evimizdə döşəmədə oynayıram və “Orsk” markalı həmin soyuducunun altından axan suyun yayılmasına baxıram. Qəribədir, deyilmi?

Məndə belə assosiativ, bir-birini tərpədib oyadan düşüncələr tez-tez olur. Məsələn, bu yaxında Google Earth proqramında Çin xəritəsinə baxanda orda Aksu adlı yer gördüm. Bir anda mənə elə gəldi ki, bu qırmızımtıl dağlar Azərbaycandakı Ağsu aşırımıdır. Hansısa dostla ordan keçirik, indicə avtomobili saxladıb bir çay içəcəyik. Sonra duman samovarın tüstüsünə qarışıb göyə qalxacaq. Otlardan, meşədəki yarpaqlardan buğ çıxacaq. Uçurumun kənarında durub üfüqə uzanan dərələrə, düzlərə baxacağıq.

Çindəki Aksu dağlarının enişində də “Pirhəsənli” kəndi var, orda uyğur şair “Sabir Sarvan”ın qəbri var. Buna şübhəm yoxdur.

“Orsk” Sovetlərin düzəltdiyi babat məişət əşyalarından sayılırdı, hər halda qohum-qonşu evlərində gördüyüm başqa soyuducular kimi işləyəndə guruldamır, titrəyişi aynabəndimizi silkələmirdi. Hətta dəqiq yadımdadır, onun qapısı üzərində, adının yazıldığı lövhəciyin yanında SSRİ-nin məşhur keyfiyyət nişanı – pentaqramma, beşbucaqlı içində “SSSR” hərfləri və ulduza bənzər fiqur təsvir edilmişdi. Bu nişanı o vaxtlar guya ən yaxşı məhsullara vururdular. Amma soyuducumuzun altından hərdən su axırdı. Bir də buz yeri çox donurdu, buzları əllə təmizləmək lazım gəlirdi.

Sonra müharibə başladı, evimiz darmadağın oldu. O qarmaqarışıq dövrlərdə Bakıda tələbə idim və soyuducumuzun taleyi mənim üçün qaranlıq qalmışdır. Böyük ehtimalla ermənilər talan eləyib. Ya da İrana aparıb satıblar. Həmin illərdə Qarabağdan oğurlanan mal-mülkün İrandan çıxması haqda çoxlu söhbətlər, rəvayətlər danışardılar. Biri yadımda qalıb, deyirdilər ki, kimsə İrana gedəndə bazarda öz həyət darvazasını görüb. (Bəlkə də şkaf idi – bunu isə dəqiq xatırlamıram və əslində heç bir mənası yoxdur). Ola bilər bizim soyuducunu da indi Təbrizdə kimsə işlədir. Sağlıqla işlətsin.

Orsk sakinləri selin əlində əsir-yesir qalanda Ukrayna camaatının da onlara xatırlatmaları vardı. Deyirdilər siz ötən illərdə raketlə vurub Ukraynadakı Kaxovka SES-in su anbarını dağıdanda, böyük ərazi su altında qalanda, bizim acı taleyimizə gülürdünüz, indi əcəb olur.

Əlbəttə, heç kəsin fəlakətinə, bədbəxtliyinə sevinmək olmaz. Heç tale, qismət, günah, karma kimi anlayışlara da inanmıram, bunlar hamısı insanların uydurduğu təskinlikdir. Populyar “Kəpənək effekti” nəzəriyyəsinə görə, indi Orskda Ural çayını daşdıran da bəlkə 40 il qabaq Qarabağda bir soyuducunun altından axan sular idi.

Prinsipcə, su həmin sudur. Sular dövr edir, təbiətdə milyon illərdir ordan vurub, burdan çıxır. Sadəcə, belə şeyləri düşünmək xoş gəlir insana.

Ki, heç nə unudulmayacaq və heç nə yaddan çıxmayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR