İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nəvəmin müalicəsi üçün gətirmişdim"- gömrükdən "marqansovka" keçirərkən saxlanılıb

6820 03.04.2020 22:57 Ölkə A A

Kiçik bizneslə məşğul olan şəxs gömrükdən qadağan olunmuş maddə və nağd pul keçirməkdə ittiham edilərək saxlanılıb.

Musavat.com xəbər verir ki, 1958-ci il təvəllüdlü Əziz Dünyamalıyev Cinayət Məcəlləsinin 206.1-ci (Qaçaqmalçılıq; gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi) və 206.2-ci (...gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın... gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) maddələri ilə ittiham edilib.

Məlum olub ki, Dünyamalıyev gömrükdən keçən zaman üzərində olan 10 min dollardan artıq (nağd 19 min manat dəyərində olan) pulu gömrük əməkdaşlarına bəyan etməyib. Bundan başqa onun maşınına baxış keçirilən zaman ölkəyə gətirilşi qadağan edilmiş 183 qram kalium permanqanat prekursoru ("marqansovka") da aşkar edilərək götürülüb.

Bu ittihamla Əziz Dünyamalıyev Qusar Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza təyin edilib.

Lakin Dünyamalıyev bu hökmdən narazı qalıb. Günahının olmadığını əsas gətirərək barəsində bəraət hökmü çıxarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə üz tutub.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Əziz Dünyamalıyev şikatini belə əsaslandırıb ki, onun üzərində olan nağd pulun ümumi dəyəri 10 min dollar, yəni 17 min manat olub, "marqansovka"nın isə qadağan edilməsindən xəbəri olmayıb.

Əziz Dünyamalıyevin vəkili müdafiə çıxışında bildirib ki, gömrüyü keçən zaman Əziz Dünyamalıyevin üzərində olan xarici valyutanın faktiki dəyəri 17000 manatdan az olub.

"Xarici ölkədən gələn vətəndaş ölkəyə 10 dollara qədər nağd pul gətirə bilər.

Əziz Dünyamalıyevin üzərində ümumilikdə 421 min Rusiya rublu və 3800 dollar məbləğində xarici valyuta olub. Həmin ərəfədə Mərkəzi Bank rus rublunun məzənnəsini 0,021 qəpik müəyyən etdiyi halda gömrük əməkdaşları bunu 0,03 kimi hesablayıb. Bu isə Əziz Dünyamalıyevin üzərində olan xarici valyutanın dəyərini 19 min manata qaldırıb. Halbuki həmin valyutanın dəyəri 17 min manat, yəni həmin zamandakı 10 min dollar dəyərində olub. Bununla da müəyyən olunur ki, Dünyamalıyevin əməlində 206.2-ci maddəsinin tərkibi yaranmır.

Həmçinin Əziz Dünyamalıyev nəvəsinin müalicəsi üçün "marqansovka" gətirib. Lakin həmin maddənin qadağan edildiyini bilməyib. Dünyamalıyevin gəlinin ifadəsi də sübut edir ki, həqiqətən də onun övladının mülisi üçün qeyd edilən dərman lazım olub".

Müdafiəçi bütün bunları nəzərə alaraq Dünyamalıyev barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə Əziz Dünyamalıyevin şiakyətini rədd edib və onun barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

İ.Muradov,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR