Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan deyəsən təzə bazara “köhnə nırx qoymaq” istəyir. “Armenpress”ə müsahibəsində o, artıq tarixdə qalan “Dağlıq Qarabağ konflikti” ilə bağlı bizə nə az, nə çox – 4 şərt (!!) irəli sürüb. Onlardan biri və birincisi nə olsa yaxşıdır: Bakı Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqqını tanımalıdır.
Bəh-bəh! Ayvazyanın avazı lap barıt qoxuyur...
Dağıl, a dünya. Adətən qalib tərəf məğlub qarşısında şərtlər qoyur. Özü də ağır şərtlər. Daha beləsini – məğlubun qalib ölkə ilə şərtlərlə danışması kimi misilsiz həyasızlığı görməmişdik. Bunu da “qədim və nadir nüsxə” millət olan ermənilərin yeni baş diplomatından eşitdik.
Görünür, adam onu təzəcə vəzifəyə qoyan müdiri Nikol Paşinyanın noyabrın 10-da öz ölkəsi adına imza atdığı təslimçi üçtərəfli sazişin mətnindən bixəbərdir. Ya da özünü avamlığa vurur. Əks halda bilərdi ki, status məsələsi çoxdan cəhənnəmə vasil olub və müqəddəratı təyinetmə söhbətini də ermənilər bundan sonra yalnız yuxularında görə bilərlər. Röya görmək isə ziyanlı deyil. Yuxunuz şirin olsun!..
Avazyan unudubsa, bunu da onun yadına salaq ki, Nikol Paşinyan və sələfləri də belə bayatıları oxumağı çox sevərdilər. Anma onların dönəmində bizim 7 rayon və Dağlıq Qarabağ işğal altında idi. İndi isə ərazi bütövlüyümüz təmin edilib – bir ovuc erməninin Xankəndində qalıb yaşaması nəzərə alınmazsa.
Elə Ayvazyanın öz rəisi Paşinyan: sentyabrın 27-dək o da “yuxarıdan gedir”, bizə 7 şərt (!) irəli sürürdü. Onlardan biri və birincisi eynən, həmənki idi. Sonrası hamıya bəllidir. İndi əgər Nikolun 7 şərti zibil qutusuna atıldısa, onun naziri nə siyasi əllaməlik edir görəsən?
Ümumiyyətlə, bu, nə biçim xalq ya? Dərs götülmədimi yəni? Bunca canlı və milyardlarla dollarla ölçülən maddi-texniki itkilər, işğalçı ordunun darmadağın edilməsi, Ermənistanın başı üstdə qoyulması və iqtisadiyyatının quyunun dibinə düşməsi ibrət olmadımı bunlara?! Yenə cəzalanmaqmı istəyirlər?
Əlbəttə ki, erməni başbilənləri çoxdan lazimi dərsi götürərdilər, əgər bu xalqı öz əlində maşa, oyuncaq kimi oynadan bəzi qlobal güclər, “ilana zəhər verən kərtənkələlər” olmasaydı. Fransa kimi ifritə dövlətlər ona yalançı vədlər verməsəydi. Fransa parlamenti heç bir hüquqi qüvvəsi olmayan kağız parçaları ilə separatçı-daşnakları qızışdırmasaydı.
Bişəkk, məğlub ölkə, erməni faşizmi ən əvvəl belə şeylərdən ayaq alır. Alacaq da...
Ancaq mənfur qonşular bir şeyi unutmasınlar. İndi Azərbaycan Ordusu haradasa uzaqlarda deyil, Xankəndinin qulağının dibində - cəmi bir neçə kilometrlikdədir. Həmişə də orada olacaq. Rusiya sülhməramlıları da əbədi deyil. Bizim icazəmizlə ərazimizdədir. Gedin, üçtərəfli sənədi yaxşı-yaxşı oxuyun...
Odur ki, ara Ara Ayvazyan, göydən yerə en! Yoxsa biz endirərik. Necəsini bilirsən...






