İnsanlara hürriyət, millətlərə istiqlal!

“Koçak Gold”un vəkili məhkəmə bildirişini aldı, qarşı tərəfə vermədi – qalmaqal

1565 10.09.2019 19:22 Gündəm A A

 

Yasamal Rayon Məhkəməsində hakim Ayaz Məmmədovun icraatında Azərbaycanda qaçaqmalçılığa görə təmsilçiləri həbs olunan “Koçak Gold Kuyumçuluk DIŞ Ticaret A.Ş” şirkətinin iddiası var. 

Şirkət cavabdeh olaraq “Yeni Musavat” qəzeti, Natiq Rauf oğlu Ələsgərovu və Siyavuş Feyruz oğlunu göstərdiyi iddiası ilə işgüzar nüfuzunun müdafiəsini tələb edir. İddiaçının vəkili Asəf Məmmədovdur. İş üzrə hazırlıq iclasında iştirak edən şirkətin vəkili cavabdehlərə məhkəmə bildirişinin çatdırılması öhdəliyini üzərinə götürüb. Lakin cavabdeh kimi göstərilən Natiq Ələsgərova məhkəmə bildirişi çatdırılmayıb. 

Natiq Ələsgərov müsavat.com-a açıqlamasında deyib ki, qarşı tərəfin vəkilinin hərəkətləri qanunsuzdur və o, həmin qanunsuzluq nəticəsində ona dəyən ziyanı qarşı tərəfdən tələb edəcək: “Qanunvericilikdə mülki hüquq münasibətlərində vəkil ilə müqavilə bağlamaq səlahiyyəti aydın göstərilir. Müqavilə hüquqlarının pozulduğunu iddia edən şəxs tərəfindən imza edilə bilər. Lakın işdən də görünür ki, vəkil Asəf Məmmədovla müştəri – yəni iddiaçı arasındakı vəkil xidməti haqqında müqaviləni şirkətin rəsmisi, səlahiyyətli şəxsi imza etməyib. Bu da azmış ki, xidmət haqqı Türkiyə Cumhurriyətindən Vəkil Bürosunun Bank hesabına köçürlməyib. 

Təəssüflər olsun ki, qanunsuzluqlar bununla bitmir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3119/2019 saylı iş üzrə “Koçak Gold” şirkətinin nümayəndəsi və vəkili mənə çatdırılmalı olan 24.04.2019-cu il tarixli məhkəmə bildirişini təqdim etmək üçün alıb. Bu barədə sənədə də imza atıb. Lakın həmin bildirişi bilərəkdən mənə təqdim etməyib. Nə də ki, poçt vasitəsi ilə göndərməyib”.

N.Ələsgərov deyir ki, vəkilin bu hərəkətindən Vəkillər Kollegiyasına şikayət ünvanlayıb: “Vəkil Asəf Məmmədovun bu hərəkəti nəticəsində qarşılıqlı iddia ərizəm məhkəmə tərəfindən qəbul edilməyib. Məhkəmə qarşılıqlı iddia ərizəsinin vaxtında verilmədiyini əsas gətirərək iddiamı qəbul etməkdən imtina edib. Vəkilin qanunsuzluğu nəticəsində ədalətli mühakimə olunmaq hüququmdan məhrum edilmişəm. Vəkil Asəf Məmmədovun hərəkətlərindən Vəkillər Kollegiyasına müvafiq müraciət edilib və ümid edirəm ki, göstərilənlər ilə bağlı tədbirlər görüləcək. Hazırda “Koçak Gold” şirkətinə qarşı iddia qaldırmaq üçün vəkil Asəf Məmmədovun hərəkətləri - məhkəmə bildirişinin mənə təqdim etməməyi və ya poçt vasitəsi ilə göndərməməsi nəticəsində Türkiyə Cümhurriyətində iddia qaldırmaq üçün toplam vəkil xidmət haqqı 15 min lirə, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu, yol xərci tələb edilir. Vəkilin vurduğu maddi ziyan göz qabağındadır”.

Yada salaq ki, Türkiyənin məşhur “Koçak Gold” şirkətinə qarşı 2011-ci ilin noyabrında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri əməliyyat keçirib. Şirkətin nümayəndəsi Hamit Pehlivan Ahmeti Bakıda, “20 Yanvar” metro stansiyası yaxınlığında saxlayıblar. Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Sonradan 1 kiloqramı dövlət nəfinə müsadirə edilən qızılın 39 kiloqramının izi MTN-in binasında itib. Bu cinayət işi üzrə zərərçəkənlərin sayı 20-yə qədərdir. Maraqlıdır ki, 2015-ci ildə MTN-dəki “təmizləmə” əməliyyatından sonra da bu cinayət araşdırılmamış qalıb. İş üzrə 2 zərərçəkən Siyavuş Fehruz oğlu və Fizuli Bəxtiyar oğlu Məhərrəmov “Yeni Müsavat”a danışıblar. Onlar “Koçak Gold”un Azərbaycandakı nümayəndəsi Hamit Pehlevanın həbsindən sonra baş verənləri anladıblar. Deyiblər ki, “Koçak Gold” onlara çatmalı olan, lakin çatmayan qızılların pullarını almaqla müflis duruma düşmələrinə səbəb olub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR