İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana son şans - Bakının vaxt limitini işğalçı adekvat qiymətləndirməsə...

1476 14.08.2018 09:20 KİVDF layihələri A A

Heç bir “məxməri” və ya “qeyri-məxməri” inqilab Ermənistanı normal inkişaf yoluna çıxara bilməyəcək, əgər...; erməni siyasi şərhçi: “Paşinyanın iki xalqı barışdırıb Nobel sülh mükafatı almaq şansı var...”

Qarabağ danışıqlarının perspektivi qeyri-müəyyən olaraq qalır. İşğalçı Ermənistanda “məxməri inqilab”dan sonra gedən proseslər, yeni rəhbərliyin münaqişənin həllinə radikal yanaşma tərzi nizamlama ətrafında mürəkkəb durumu daha da qəlizə salıb. Ancaq qeyri-müəyyənlik uzun da sürə bilməz. Çünki müharibə riski artıq heç vaxt olmadığı kimi yüksəkdir.

Mövcud vəziyyəti Ermənistanın yeni rəhbərliyi yəqin ki, anlayır. Ötən həftə sonu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə getməsi bunun növbəti təzahürü sayıla bilər. Daha öncə isə yeni baş nazir Nikol Paşinyan ümid etdiyini bildirmişdi ki, Rusiya Qarabağda müharibənin qarşısını alacaq, yəni Azərbaycanı durduracaq.

Beləcə, rəsmi İrəvan cəzasız qalmaq üçün hələ də Moskvaya ümid eləməklə yanaşı, manevrlərə baş vurub vaxt udmağa çalışır. Motiv qismində də təxminən gələn ilin aprelinə nəzərdə tutulan növbədənkənar parlament seçkiləri görülür. İlk baxışda səbəb obyektivdir. Amma məsələ ondadır ki, Nikol Paşinyan iqtidarı seçki olsa da, olmasa da, Qarabağ məsələsində hələ ki konstruktiv yanaşma sərgiləməkdən çox uzaqdır.

Konstruktivlik üçün isə Ermənistanın istənilən rəhbəri məntiqlə Rusiya amilinə yox, Azərbaycan və Türkiyə amilinə önəm verməlidir. Sadə səbəbə: çünki Moskva Dağlıq Qarabağ konfliktinin həllində maraqlı deyil. Bunu ən azından, ötən illərin acı təcrübəsi göstərir. Ermənistan isə nizamlamada maraqlı olmalıdır, ona görə ki, özünün iqtisadiyyatını inkişaf etdirmək, əhalisinin rifahını yaxşılaşdırmaq , ölkədən kütləvi köçü azaltmaq onun problemidir, Rusiyanın və ya Azərbaycanın, Türkiyənin yox.

Bu mənada Bakının İrəvana tanıdığı mümkün vaxt limitindən, bəlkə də son şansdan erməni tərəfi sui-istifadə etməməli, bundan sırf öz hakimiyyət dayaqlarının möhkəmlənməsi naminə faydalanmamaldır. Ancaq indilikdə işğalçı ölkə rəhbərliyinin bu yöndə hansısa pozitiv məramının işartısı, əfsuslar olsun ki, müşahidə edilmir.

*****

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası üçün müəyyən hazırlıq mərhələsi lazım gələ bilər”. Bunu ötən şənbə jurnalistlərə müsahibəsində erməni baş nazir Nikol Paşinyan deyib. “Biz artıq bəyan etmişik ki, hadisələrin istənilən inkişaf ssenarisinə, o cümlədən sülh danışıqlarının bərpasına hazırıq. Ancaq düşünürəm ki, hamı anlayır ki, danışıqlar prosesi üçün, xüsusilə də hazırkı siyasi şəraitdə müəyyən hazırlıq mərhələsi lazımdır, müəyyən zəmin yaranmalıdır”, - deyə o bildirib.

“Müəyyən hazırlıq mərhələsi”, “danışıqlar üçün zəmin”... Azərbaycan tərəfi belə sözləri, bəyanatları 25 ildir eşidir. Məhrumiyyətlər içində yaşayan erməni xalqının özü də yəqin ki, bunlardan bezib. Yəni artıq zamanı yetişib ki, ermənilər öz hakimiyyətindən Qarabağ məsələsində konstruktiv mövqe tələb eləsinlər. Əks halda, Rusiyadan vassal asılılığı və ağır blokada rejiminin sonu gəlməyəcək, heç bir “məxməri” və ya “qeyri-məxməri” inqilab Ermənistanı xilas edə, inkişaf yoluna çıxara bilməyəcək. Necə ki, çıxara bilmir.

*****

“Artıq Ermənistanda anlayırlar ki, Rusiya Ermənistanın inkişaf etməsində maraqlı deyil, ona çox pul xərcləmək istəmir. Rusiya Ermənistanı nökər, qul kimi saxlamaq istəyir, amma daha ermənilər bununla razılaşmır, inkişaf etmək istəyirlər. Ona görə də Ermənistanda Qarabağla bağlı da fikirlər səsləndirilir ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik onlara baha başa gəlir”. “Yeni Müsavat”ın məlumatına görə, bu fikri teleqraf.com-a müsahibəsində politoloq Elxan Şahinoğlu deyib.

Politoloq hesab edir ki, Ermənistanda oyanış gedir və bu proses Azərbaycanın xeyrinədir. “Lakin bununla belə, arxayınlaşmaq olmaz, Ermənistana hərbi təzyiqləri davam etdirməliyik. Prosesləri ciddi analiz etməliyik ki, sonrakı addımlar nə ola bilər. Fikir verirsinizsə, Azərbaycan prezidenti İlham Əliyev də Paşinyana ümid yeri qoyur, vaxt tanıyır ki, komandasını formalaşdırandan sonra Qarabağ məsələsinin həllinə başlasın. İlham Əliyev Paşinyana şans yaradır ki, münaqişənin həllində obyektiv olsa, Ermənistan - Azərbaycan münasibətlərində müsbət irəliləyişlər ola bilər. Əlbəttə, bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə mümkündür”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Elxan Şahinoğlu haqlı olaraq düşünür ki, Ermənistan iqtisadi blokadadan çıxa bilər, bir şərtlə ki, öz işğalçılıq siyasətindən əl çəksin: “Bununla bağlı ona ismarışlar göndərilməlidir. Əgər buna baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən geri çəkilməsə, hərbi təzyiqləri davam etdirmək lazımdır”.

*****

Yəni bir növ “qamçı və kökə” siyasəti. Əslində Azərbaycanın Ermənistana daha bir qədər vaxt limiti tanıması həddən artıq böyük güzəştdir. Çünki 25 ildən çoxdur ki, biz işğal rejiminin sona yetməsini, erməni tərəfin torpaqlarımızı azad eləməyə başlamasını gözləyirik. Bunun özü çox böyük güzəştdir, lakin sonsuzadək də sürə bilməz. Azərbaycanın yerində hər hansı başqa dövlət olsaydı, yəqin ki, işğala bunca dözüm göstərməzdi.

Bu xüsusda Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yaranan vəziyyətə rəsmi Bakının obyektiv yanaşaraq düşmən ölkənin rəhbərliyinə daha bir qədər vaxt limiti tanıması Azərbaycanın verdiyi bəlkə də sonuncu şans, fürsətdir ki, nəhayət, İrəvan reallığı düzgün qiymətləndirsin; Qarabağ məsələsində nə dərəcədə partlayış xarakterli vəziyyətin yarandığını dərk, böyük müharibə riskinin nə dərəcədə ciddi olduğunu fərq eləsin.

“Ermənistanın Qarabağ məsələsində mövqeyi qeyri-konstruktivdir və respublikanın danışıqlar prosesindən çıxarılması ilə daha da qəlizləşməkdədir. Bununla belə, Ermənistanda hakimiyyət dəyişikliyi və əlləri dirsəyə kimi Azərbaycan və erməni xalqlarının qanına batmış rəhbərliyin istefaya göndərilməsi Azərbaycanda alqışlanır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni siyasi şərhçi Mamikon Babayanın “Vestnik Kavkaza” nəşrindəki müəllif məqaləsində deyilir.

Erməni politoloq Bakının mövqeyini haqlı saydığını yazır: “Bakı müharibənin əleyhinə çıxış edir və işğal altındakı ərazilərdə erməni silahlı qüvvələrinin mövcudluğunu müharibənin başlaması üçün yeganə arqument sayır. Həmin qüvvələrin çıxarılması iki xalq və dövlət arasında sülhə zəmanət yarada bilər. Hər halda, azərbaycanlılar və ermənilərin dinc birgə mövcudluğu azı, 10 əsrlik tarixə malikdir. Bu mənada Nikol Paşinyanın Azərbaycan və Ermənistan, həmçinin Ermənistan və Türkiyə arasında mehriban qonşuluğu bərpa eləmək və Nobel sülh mükafatına layiq görülmək üçün tarixi şansı var”.

Qalır bu şansı dəyərləndirmək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR