İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın ikiüzlülüyü: Hizbullah İsraillə Qəzzada niyə üz-üzə gəlmir?

2690 02.11.2023 15:34 Siyasət A A

Yaxud da, İran neft məhsulları İsrailin hərb maşınlarına necə yol tapır?

Qəzza bölgəsində vəziyyət gərginləşən kimi əsas diqqət İrana yönəldi. Bunun da obyektiv səbəbləri heç kimə sirr deyil. Bəllidir ki, İran uzun illərdir Fələstin - Qüds məsələsindən siyasi dvident kimi istifadə edir. Bu manevrin ərəb dünyasında öz mövcudluğunu saxlamaq niyyəti isə tam fərqli mövzudur. Rəsmi Tehranın bu istiqamətdə atdığı addımlarda təbliğat maşınının ixrac etdiyi məhsul hər zaman “müsəlman həmrəyliyi” adlı şüar olub. Bu şüar altında Aralıq dənizi hövzəsindəki Hizbullah təşkilatına fundamental dəstək nümayiş olunub (P.S. indi də davam edir), Qəzzada bəzi qruplaşmalarla maliyyə dəstəyi çərçivəsində əlaqələr davam etdirilib və indi də bu iş gedir. Bir sözlə İran bu həssas məqamdan istifadə etməklə İslam dünyasının flaqman dövləti olmağa iddia edir. Çox yaxşı. Əlbəttə, mən də və hər birimiz ölkəmizin cənubunda sözün əsl mənasında müsəlman həmrəyliyi ideyasına sadiq qalan və bunu əməlində sübut edən dövlətin olmasını istəyərdik. Təəssüf ki, bu arzu olaraq qaldı. Bu məqama bir qədər sonra toxunacam.    

6479c8ffd1b696479c8ffd1b6a168570.jpg (216 KB)

Fələstin torpaqları alovun içindədir. Hər gün günahsız insanlar həlak olur. İnsanpərvər dünya, ictimai təşkilatlar baş verənlərə öz etirazını bildirir. O da məlumdur ki, İsraillə mövcud olan münasibətlərə görə bəzi dövlətlər açıq və ünvanlı bəyanatlar verə bilmir. Siyasətdə bunu anlamaq olar. Mən də hansısa məqamda böyük dövlətlərin bu siyasi yanaşmasını qınayıram. Hesab edirəm ki, dinc insanların həlak olması ilə nəticələnən istənilən addımın qarşısı alınmalıdır. Yenə qeyd edirəm, siyasi konyuktura baxımından bu ölkələrin mövqeyini anlamaq olar. Bəs İran hansı siyasi konyukturaya əsasən İsrailin Qəzzadakı hərbi əməliyyatlarına öz yanaşmasını nümayiş etdirir?

Çox maraqlıdır ki, ötən 40 il ərzində Fələstini namus məsələsi hesab edən İran hansısa səbəblərdən susur. Əlbəttə, deyə bilərsiniz ki, susmur, Tehran bəyanatlar verir, İran şəhərlərində nümayişlər keçirilir. Yəni etiraz var. Qətiyyən bu yanaşma ilə razı olmaq mümkün deyil. Çünki bəyanat verməklə, min km-lərlə məsafədən şüarlar səsləndirməklə namusu qorumaq mümkün deyil. Namusunu qorumaq üçün döyüşməlisən... Necə ki, Qəzza bölgəsində HƏMAS və onun həmfikirləri döyüşür.

c78707f299104a9697be905fa8a38f93.jpg (87 KB)

Elə isə diqqəti, Qəzza müsibəti başlayandan sonra İranın davranışlarına yönəldək. Özünü Kufə əhalisi kimi aparan rəsmi Tehran, sanki Kərbəla müsibətinə şahidlik etməklə işini bitmiş hesab edir. Bu, necə müsəlman həmrəyliyi, Fələstin yanğısıdır? Doğrusu, bu hərəkətə siyasi riyakarlıq da demək olmur. Uzun illərdir bütün müsəlmanları Fələstin – Qüds uğrunda mübarizəyə səsləyən İran artıq İsrailə qarşı əməli addım atmalıydı. Ən azı birbaşa təsir dairəsində olan Livandan – Hizbullah üzərindən İsraili Qəzza əməliyyatını dayandırmağa məcbur edən hərbi əməliyyat həyata keçirməliydi. Axı, biz müsəlmanları Fələstin – Qəzza uğrunda savaşa səsləyən İran əməli mübarizənin önündə olmalıdır. Lakin bu, olmadı!

İran eynən Azərbaycana – biz müsəlmanlara edilən riyakar münasibətini Fələstinə qarşı da nümayiş etdirdi. Sözdə İslam həmrəyliyi şüarı ilə səmimi müsəlmanlarımızın “gözünə kül üfürdü”, digər tərəfdən isə Ermənistan üçün oksigen rolunu oynadı. İstisnasız deyə bilərəm ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında qalmasında həm də İran günahkardır. Bu gün Bakıda istintaq təcridxanasında ifadə verən erməni separatçı rejimin rəhbərləri də məhz İranla etdikləri ticarətin sayəsində duruş gətirə bildilər.

Əlbəttə, deyə bilərlər ki, İsrailə qarşı əməli addım atmaması, Ermənistana və işğal edilən Azərbaycanın – Qarabağ bölgəsindəki separatçılara himayədarlıq etməsi İranın öz işidir. Mən də etiraz etmirəm, öz işidir. Amma belə olan təqdirdə İranın müsəlman həmrəyliyi şüarını təbliğ etməsi, Qüds qvardiyası yaratması, Fələstini İslam dünyasının namusu elan etməsi ilə dünənki və bu günki davranışları bir-birini məntiqlə tamamlamır. Əksinə inkar edir. Mən hələ İranın müsəlman torpağı olan Qarabağın işğalına 30 il susmasını demirəm.

Yeri gəlmişkən, bir məsələyə də diqqəti yönəltmək məqsəduyğun olardı. Son günlər İran mediası dövlətin ali strukturlarının verdiyi tezis əsasında bir mövzunu tirajlamaqla məşğuldurlar. Söhbət İsrailə qarşı neft embarqosunun tətbiq olunmasından gedir. Yazılar bu başlıqlarla dərc olunur:

“İslam ölkələri bu kampaniyaya qoşulacaqlarmı?”, “İran İslam İnqilabının aliməqamlı lideri xunta İsrail rejiminə neft embarqosu tətbiq etməklə bağlı çağırışlarını gücləndirir”, “Sionist rejimə neft və ərzaq ixracatının yolları bağlanmalıdır” və nəhayət “Azərbaycan xunta rejiminin (P.S. Söhbət İsraildən gedir.) hərb maşınını qidalandıran ölkələrdəndir”.

Şübhəsiz ki, yazının bu hissəsini oxuyan hər bir azərbaycanlı üçün təşviq olunan tezis və Azərbaycanla bağlı olan məqam ikrah hissi doğuracaq. Təbii ki, İrana yönələcək tənqidlər şəklində... Böyük əksəriyyətimiz “Yaxşı edirik, siz Ermənistana yardım edirdiniz, biz də İsrailə neft satırıq” kimi cümlələrlə fikirlərini ifadə edəcəklər. Bəs, əslində nə baş verir.

Məlumat üçün xatırladım ki, İran ABŞ və onun müttəfiqlərinin sanksiyası tətbiq olunan ölkədir. Amma İran hər gün dünya bazarında neft və neft məhsulları satır. Həmçinin, İsrailə də... Bununla necə deyərlər, şəkk etmədən razılaşın.

64997e64b63b064997e64b63b1168778.jpg (118 KB)

Bəzi informativ məqamları sizinlə bölüşürəm. Məlumatlı şəxslər bilir ki, bu gün dünya neft və neft məhsulları bazarında əsas treyderlər (vasitəçi və alıb-satan) ABŞ, o cümlədən ora bağlı olan şirkətlərdir. Bu bazarda İsraildən kənarda qeydiyyatdan keçmiş xeyli yəhudi şirkətləri də fəaliyyət göstərir. Məhz bu şirkətlərin əsas alıcılarından biri də İsraildir.

Bəs, İran İsrailə neft və neft məhsullarının satışını hansı şəkildə həyata keçirir? Çox sadə yolla. Bu məhsullar İran limanlarından gəmi vasitəsilə çıxdıqdan sonra mənşə sertifikatı dəyişdirilir. Sonra isə İranın nefti treyder şirkətlər tərəfindən İsrail, ABŞ və bunlara müttəfiq olan Qərb ölkələrinə satılır. Bu əməliyyatdan isə rəsmi Tehranın çox yaxşı xəbəri var.

İndi siz deyin, Tehranın xunta rejimi adlandırdığı İsrailin hərb maşınlarını Azərbaycan qidalandırır, yoxsa İran özü?

Əlbəttə, tənqid, təhqir və ittiham etmək çox asandır. Necə ki, bunu uzun illərdir İranda Azərbaycana qarşı həyata keçirirlər. Lakin həqiqət bunu deyir: əsl müsəlmanda bizik, qonşu da, tərəfdaşda...

Siz isə “müsəlman həmrəyliyi” örtüyünə bürünmüş, səmimi müsəlmanların gözünə kül üfürən, ABŞ-la da, İsraillə də, Vatikanla da ticarət edən, məzlumların bədbəxtliyi üzərində xoşbəxt olan İran...

 WhatsApp Image 2023-11-02 at 15.25.35.jpeg (100 KB)

Ramil Məmmədli,
Hərbi şərhçi   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR