İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai Şuralara nəzarət QHT-lərə Dövlət Dəstəyi Agentliyinə verilsin- Novella Cəfəroğludan SENSASİON FİKİRLƏR

789 18.03.2024 11:38 Müsahibə A A

 

Musavat.com Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir:

-Novella xanım, Azərbaycan vətəndaş cəmiyyətinin öncüllərindən biri kimi bu sektorun ölkədəki problemlərin çözümünə təsiri haqqında nə düşünürsünüz?

 -QHT-nin fəaliyyət spektri xeyli genişlənib. Cəmiyyət həyatının elə bir problemi yoxdur ki, vətəndaş cəmiyyəti onunla məşğul olmasın. Şəhid, qazi ailələrinin, bütünlükdə hərbçilərin hüquqlarından tutmuş, gender, media, ekologiya məsələlərinə, təhsildən, narkomaniya bəlasına, mülkiyyətçi, pasient, uşaq haqlarına qədər hər sahədə vətəndaş cəmiyyəti fəallıq göstərməkdədir. Bu sıraya bir də ölkənin geosiyasi maraqlarının qorunması üçün əmək sərf edən təşkilatları əlavə edin. Bu qədər geniş spektrdə təmsilçiliyin özü vətəndaş cəmiyyətinin rolunun yüksəldiyini sübut edir. Siz ölkədə gündəmin əsas mövzuları ilə bağlı rəsmi və qeyri-rəsmi səviyyədə vətəndaş cəmiyyətinin iştirakı olmadan keçirilən bir tədbir göstərə bilərsinizmi? Bu, Azərbaycanın pozitiv reallıqlarındandır. Vətəndaş cəmiyyəti varsa, orada həm dövlətin, həm də vətəndaşın maraqları qorunur. Açığını deyək - bu situasiyanın kökündə vətəndaş cəmiyyəti institutlarının güclü olmasından çox dövlətin siyasəti dayanır. Dövlət vətəndaş cəmiyyətinin güclənməsində maraqlıdır. Bunu 30 ildən çox QHT sektorunda olan şəxs kimi deyirəm. Azərbaycan getdikcə nüfuzunu artırır, qlobal proseslərdə yer alır. Aydındır ki, dövlət gücləndikcə cəmiyyət də onunla paralel inkişaf etməlidir. Bu məsələdə məsuliyyətin bir hissəsi vətəndaş cəmiyyətinin üzərinə düşür. Mən çox sevinirəm ki,  vətəndaşlar dövlət və cəmiyyət həyatının yüksəlişində məmnuniyyətlə iştirak etmək istəyirlər. Cəmiyyət kimi bu, bizim üçün yeni vərdişlərdir. İcma yaratmaq, təşkilatlarda birləşmək, təşəbbüslər irəli sürmək son illər həyatımıza daxil olub. Buna baxmayaraq, insanlarımız fəaldırlar. Ona görə də mən bütünlükdə vətəndaş cəmiyyətinin gələcəyinə ümidlə baxıram. Biz daha çox məsuliyyət daşıya, dövlətimizə daha yararlı ola bilərik.

-Dediniz ki, vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir. Sizcə bu siyasətin həyata keçirilməsi üçün dəstək yetərlidirmir?

Onu deyə bilərəm ki, dəstək də şərait də ilbəil genişlənir. Hər il vətəndaş cəmiyyəti üçün fəaliyyət sahələri açılır. Hər QHT öz çapına uyğun maliyyə dəstəyi alır, işləyir. Əsas məqam həm də hesabatlılığın artırılmasıdır. Bu, ayrılan vəsaitlərin məqsəd üçün xərclənməsi faizini yüksəldib. Bəzən vətəndaş cəmiyyəti hətta nəzarətin güclü olmasından şikayətlənir. Amma mən hesab edirəm ki, büdcənin səmərəli xərclənməsi vətəndaş cəmiyyətinin gördüyü işin keyfiyyətinin birinci addımıdır. Böyük mənada isə bu, bütünlükdə sektorun inkişafı üçün vacibdir. Nəzarət zəif olsa, ayrılan vəsait “havaya uçsa”, ortaya keyfiyyətsiz iş çıxacaq, vətəndaş cəmiyyəti nüfuzdan düşəcək, dövlətin və vətəndaşın gözləntisi doğrulmayacaq. Absurdlara varmadan nəzarətin güclənməsi sektorun və bütünlükdə cəmiyyətin inkişafı üçün vacibdir.

-Novella xanım, nazirliklərin yanında yaradılan İctimai Şuralar haqqında nə düşünürsüz? Gözləntilər doğruldumu sizcə?

-Yaranan hər təzə qurumun işində nöqsanlar olur. Ona görə də İctimai Şuralar haqqında səslənən tənqidlərdə obyektiv məqamların olduğunu inkar etmək olmaz. Ancaq bu qurumların yığılıb qalan bir sıra məsələləri ictimai nəzarəti həyata keçirdikləri nazirliklərdə müzakirəyə çıxarıb həll etdiklərini də heç kim inkar edə bilməz. Elə problemlər var idi, vətəndaş bürokratik əngəllərlə üzləşir, illərlə məsələsini həll edə bilmirdi. İctimai Şuralar vətəndaşların haqq və hüquqlarının bərpasında az iş görməyiblər. Bir məqamı xüsusi vurğulamaq istəyirəm - nazirliklərin İctimai Şuralara ayırdığı vəsaitə nəzarət QHT-lərə Dövlət Dəstəyi Agentliyinə verilməlidir. Düşünürəm ki, bu vahid sistemdə olsa, ictimai nəzarət prosesi daha şəffaf, daha effektli olar. İctimai Şuralara seçki keçirilir, QHT-lər seçilir – burası aydın. Amma sonrakı proses sanki QHT-lərlə bağlı dövlət siyasətini həyata keçirən qurumun – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nəzarətindən çıxır. Bu məqam diqqətə alınmalıdır. Vahid nəzarət mexanizmi varsa, QHT-lərlə bağlı hər hansı paralel işin olmasını doğru saymıram.

-Paytaxt həyatı hər ölkədə bölgələrdən daha aktiv olur. Sizcə, bölgələrdə vətəndaş cəmiyyətinin qurulması prosesi necə gedir?

-Azərbaycanın bölgələrində elə QHT-lər var, 30 ildir çalışırlar. Son illər yeniləri də yaranır. Burada qeydiyyat məsələsinin asanlaşdırılmasının da rolu var. Bir ara bu sahədə xeyli çətinliklər var idi. Uzun illər ölkədə heç bir QHT rəsmi qeydiyyata alınmadı. Çox yaxşı ki, o dönəm arxada qaldı. Bu, bölgələrdə də canlanma yaratdı. Bizimlə çalışan, zamanında təlimlərə cəlb etdiyimiz xeyli insan indi özü QHT rəhbəridir, öz bölgəsində çalışır, toplumun problemlərinin həll edilməsində bacardığını edir. Biz də təbii heç zaman dəstəyimizi əsirgəmirik.

 

Musavat.com

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR