İnsanlara hürriyət, millətlərə istiqlal!

Fizuli Məmmədov: “Bizi birləşdirən Vətən hissidir”

5577 01.05.2019 16:05 Müsahibə A A

Musavat.com-un suallarını Rusiya Azərbaycanlılar İttifaqının prezidenti Fizuli Məmmədov cavablandırır.

- Fizuli müəllim, aprelin 27-də təsis toplantısı keçirilən Rusiya Azərbaycanlıları İttifaqı ideyası necə yarandı?

- Bilirsiniz ki, 30 ilə yaxındır diaspor fəaliyyəti ilə məşğulam - həm Dünya Azərbaycanlıları İttifaqına, həm Dünya Azərbaycanlıları Mədəniyyət Fonduna rəhbərlik edirəm. Rusiyada, Azərbaycanda, Avropada ötən 30 ildə böyük layihələr həyata keçirmişik. Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv ediləndən sonra Rusiyada nüfuzlu Azərbaycan diasporu qalmadı. Var olan təşkilatların rəhbərləri arasında uzun illərdir davam edən gərginliklər, ortaq qərarlar qəbul etməyə imkan vermirdi. Heç kimə sirr deyil ki, Rusiya Azərbaycan üçün həm geosiyasi, həm sosial yöndən önəmli ölkədir. 2 milyondan artıq soydaşımızın orada yaşaması Rusiyaya ən böyük diaspor potensialı olan ölkə statusu da qazandırır. Belə bir ölkədə Azərbaycan adına böyük, bütün federasiya subyektlərinin təmsil olunduğu diaspor qurumunun olmaması ümumi diaspor fəaliyyətimizdə böyük bir boşluq yaratmışdı. Rəhbərlik etdiyim DAİ və DAMF hər zaman regionlarla sıx işbirliyi içərisində olub. Əməkdaşlıq etdiyimiz təşkilatların rəhbərləri bizə yeni birlik modeli yaratmaq təşəbbüsümüzü üzərimizə götürməyi aylardır təklif edirdi. Nəhayət, bu ilin martında biz bir neçə diaspor qurumu ilə əməkdaşlıq haqqında niyyət protokolu imzaladıq. Ardınca bir çox regiondan analoji işbirliyi təklifləri gəldi və biz qərara gəldik ki, Moskvada Forum keçirək, arzu edən, böyük birlik yaradılmasını istəyənlər bir araya gəlsin, gələcək strategiyamız müəyyən olunsun. Forumda 89 federasiya subyektindən 56-sı təmsil olundu. Şəffaf, konstruktiv müzakirələr keçirdik, vahid təşkilat ətrafında birləşmək ideyasına istisnasız hər kəs dəstək verdi və biz Forumda Rusiya Azərbaycanlıları İttifaqının yaradılmasını elan etdik. Təsis toplantısında qurultaya hazırlıq üçün Təşkilat Komitəsi yaratdıq. Prosesi sürətlə aparmaqda qərarlıyıq. Vəkillərimiz sənədləşmə üzərində işləyir. Ümid edirəm, payızda qurultayımızı keçirə biləcəyik.

- ÜAK Rusiya qanunvericiliyinə uyğun olmadığı üçün ləğv edilib. Bu haqda məhkəmə qərarında bildirilir ki, qurum Rusiya Federasiyası qanununun ictimai qurumlarla bağlı tələblərinə cavab vermir. Bu məsələnin arxasında siyasi çalarların varlığım da iddia edilir. Yaratdığınız qurumun rəsmiləşdirilməsi zamanı rəsmi Moskvanın analoji maneə yaradacağını ehtimal edirsinizmi?

- İdeya yaranandan biz Rusiyanın tanınan, bu sahə üzrə ən professional vəkilləri ilə müzakirələr aparırıq. Qurumun yaradılması üzrə ilk addımdan, yəni təsis konfransından başlayaraq qurultayın keçirilməsi, İdarə Heyətinin yaradılmasından qeydiyyat üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinə qədər bütün proses onların nəzarəti altında Rusiya qanunvericiliyinə uyğun davam edəcək. Yeni quruma Rusiya Azərbaycanlıları İttifaqı adının verilməsi də onların təşəbbüsüdür. Bildiyiniz kimi, Rusiya Ermənilərinin İttifaqı uzun illərdir fəaliyyətdədir. Bu qurumun varlığı həm də hüquqi president yaradır. Qanun ermənilərə oxşar adda, eyni strukturda qurum yaratmaq imkanı verirsə, nədən azərbaycanlılara şamil edilməsin? Ümid edirəm, bizim vəkillərimiz yüksək professionallıq göstərəcəklər və Rusiya Azərbaycanlıları İttifaqını Rusiya Federasiyasının ictimai qurumlar haqqında qanunvericiliyinə uyğun yaradaraq bu məsələyə birdəfəlik nöqtə qoya biləcəyik.

- Fizuli müəllim, erməni diasporundan danışdınız, hazırlıq prosesində onların təşkil etdiyi hər hansı neqativlə üzləşdinizmi?

- Aydındır ki, ermənilər böyük birlikdən narahatdırlar. Bütün güclərini təbliğata yönəldiblər və həm rəsmi, həm də qeyri-rəsmi instansiyalarda Rusiya Azərbaycanlıları İttifaqı haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Onların niyyəti aydındır. Bilirlər ki, sağlam bir diaspor qurumunun yaradılması azərbaycanlıların nüfuzunu xeyli artıracaq, bu səbəbdən qeydiyyata qədər prosesi pozmağa cəhd edirlər.

- Əsas iddiaları nədir?

- Əsas odur əllərində üzərimizə gəlmək üçün heç bir rəsmi tutarqa yoxdur. RAİ-nin yaradılması üzrə təşəbbüs qrupunun, qurultayın keçirilməsi üzə Təşkilat Komitəsinin bütün üzvləri Rusiya vətəndaşlarıdır. Qanun bizə yaşadığımız, fəaliyyət göstərdiyimiz ölkədə ictimai fəaliyyətlə rəsmi məşğul olmaq hüququ verir, biz də bu hüququmuzdan istifadə edirik. İddialarından biri də qurumun Azərbaycana yaxınlığı haqqındadır ki, bu da absurddur. Çünki hüququ anlamda belə bir nüans yoxdur. Mənəvi baxımdan isə bu dünyanın istənilən millətinə məxsus diaspor fəaliyyətinin kökündə dayanan fəlsəfədir. Ölkəsindən kənarda yaşayıb milli, mədəni icma yaradan azlığı birləşdirən amil vətəndir. Üstəlik vətən amilinə ən çox xidmət edən xalqlardan biri ermənilərdir. Elə azərbaycanlıların yaratdığı birliklərlə bağlı pozuculuq fəaliyyətinin kökündə də bu dayanır. Bizim vətən amalımıza gəlincə, Azərbaycan bizim üçün məbəddir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq vətən həssasiyyətimizi hər zaman qorumuşuq. Məni də, Rusiya Azərbaycanlıları İttifaqını bizimlə birgə yaradan şəxsləri də Azərbaycanla yalnız mənəvi tellər bağlayır. Digər xalqlarda olduğu kimi, bizim də dövlətimizin diaspor siyasəti bizim üçün prioritetdir. Ancaq fəaliyyətimiz Rusiya qanunvericiliyi çərçivəsindədir və belə də olmalıdır. İcmamızı daha gücləndirmək, milli, mədəni varlığımızı qorumaq, Rusiya cəmiyyətində haqq etdiyimiz mövqeni əldə etmək üçün bu istiqamətdə fəaliyyət göstərəcəyik. Düşünürəm ki, Rusiya Azərbaycanlılar İttifaqı çox münasib bir dönəmdə yaranır. Həm ölkələr, həm liderlər arasında münasibətlər yüksələn xətlə davam edir. Bu faktorun Rusiya-Azərbaycan yaxınlaşması kontekstində həm də diaspor fəaliyyətinə müsbət təsir edəcəyinə inamım böyükdür.

- Bütünlükdə Rusiya ictimaiyyətinin prosesə müraciətini necə dəyərləndirirsiniz?

- Çox müsbət. Həm iş dünyasından, həm ictimai sektordan olan dostlar, tanışlar ideyamızı həm bəyənir, həm də dəstək verirlər. 2018-ci il prezident seçkisində namizədlərdən biri olan Roman İvanoviç Xudyakovun Forumda səsləndirdiyi fikirlər bizim üçün çox qiymətlidir. Elə bir diaspor qurumumuz olmayıb ki, onun toplantısında Rusiya ictimaiyyəti prezidentliyə namizəd partiya sədri səviyyəsində təmsil olunsun. Roman İvanoviç azərbaycanlıları Rusiyanın sərvəti adlandırdı, bu ölkəni ən səmimi məhəbbətlə sevən, yüksəlişi üçün daim çalışan milli azlıqlar içərisində ən seçkin yerdə olduğumuzu dəfələrlə vurğuladı. O israrla söylədi ki, Rusiya üçün hər zaman böyük işlər görən azərbaycanlılar idarəetmədə də təmsil olunmalıdırlar, çünki Dövlət Dumasında, yerli idarəetmə orqanlarında təmsilçilik bizim böyük potensialımızın daha effektiv istifadə deməkdir. O, bu mənada bütün icma üzvlərini fəallığa dəvət etdi. Belə bir miqyaslı siyasətçinin millətimiz haqqında xoş sözlər söyləməsi, konkret hədəflər göstərməsi sevindirici olduğu qədər də ciddi stimuldur.

- Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılandan sonra Federasiyanın digər subyektlərindən də müraciətlər alırsınızmı?

- 56 federasiya subyektinin təsis toplantısında iştirakı buna qədər tərəddüddə olanların da prosesə cəlb edilməsinə səbəb olub. Daha 16 bölgədən müraciətlər var – baxacağıq, dəyərləndirəcəyik. İstəyimiz odur ki, RAİ uzun illər zəhmətini Rusiyanın iqtisadiyyatına, elminə, sosial həyatına yönəldən insanlarımızın heç biri kənarda qalmasın. Gerçəkdən də azərbaycanlılar Rusiya üçün ciddi faktordur – investor kimi, alim kimi, xidmət sektoruna yeni trendlər gətirən çalışqan zümrə kimi. Çox sevinirəm ki, birlik təklifimizə Rusiyada yaşayan intellektuallar ilk reaksiya verənlərdən oldular. Sıralarımızda nüfuzlu akademiklər, müxtəlif sahələr üzrə professorlar, ictimai xadimlər var. Bu həm də o deməkdir ki, Rusiya Azərbaycanlılarının İttifaqı milli məsələlərimizi intellektual müstəvidə müzakirə edəcək, qərarlar yalnız günlük hədəflərə deyil, strateji məqsədlərə yönələcək. Yanımızda olan hər kəsə təşəkkür edirəm, gəlmək istəyənlərə də milli düşüncə ətrafında birliyə dəvət edirəm. Yaratdığımız böyük birlik bizə gerçəkdən də geniş imkanlar açır. Güclü diaspor, həm də güclü Azərbaycan deməkdir. 200 illik erməni diasporunun bu gün Ermənistan üçün nələr etdiyi göz qabağındadır. Əminəm ki, 30 illik diaspor təcrübəmizlə, biznes, elm, mədəniyyət və ictimai sektorda olan insanlarımızın potensialı ilə biz yaxın 10-20 ildə böyük yol qət edə biləcəyik. Güclü Azərbaycan diasporu beynəlxalq məkanda güclü Azərbaycan dövləti deməkdir. Ona görə də mən ürəyində Azərbaycan sevgisi olan hər bir elm adamını, biznes sahibini, ölkədən kənarda yaşasa da milli dəyərlərimizi qoruyan hər bir kəsi Azərbaycan dövlətinin güclənməsi naminə bu böyük ideyaya dəstək verməyə çağırıram. Güclü diaspor bizim gələcək nəsillərə daha az problem qoymağımızın açarlarından biridir. Özünü azərbaycanlı sayan hər kəs üzərində belə bir mənəvi məsuliyyət olduğunu bir an belə unutmamalıdır.

Aygün Muradxanlı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR