(Nabunun xatirəsinə)
Son günlərdə iki oxşar məzmunlu, eyni zamanda tamam fərqli xəbərlərin arasında başım çatladı. İnsan beyni də şüşə qab kimidir, fərqli temperaturda xəbərləri ora tökəndə sınır.
Birinci xəbər azərbaycanlı jurnalistlərin və bir məmurun Kəlbəcərdə mina partlayışından həlak olmasıydı. İkincidə isə Kambocada mina təmizləyən siçovulun pensiyaya çıxmasından danışılırdı.
Kamboca Asiyanın ucqarında, Vyetnamın böyründə bir məmləkətdir. 20-ci əsrdə günləri cürbəcür savaşlar, genosidlər içində keçib. 1970-ci illərdə kommunist Pol Pot rejimi bəzi hesablamalara görə 3 milyona yaxın insanı öldürüb. Təsəvvür eləmək belə çətindir. 20-ci əsrdə, faşizm üzərində qələbədən heç 30 il ötməmiş haradasa milyonları milçək kimi qırıblar, dünya isə durub, mal-mal baxıbdır.
Yazıda heyvanların adını çox çəkirəm, mənası var. Uydurma dini kitablarımızda necə deyirlər? “Şübhəsiz burada hikmət vardır”. Varsa niyə əməl eləmirlər?
Maqava - Kambocada pensiyaya çıxan siçovulun ismi-şərifi belə idi. Əmək stajı 5 il olan Maqava bu müddət ərzində 71 mina və 38 partlamamış sursat aşkar etmişdir. Ümumilikdə 225 min kvadrat metr ərazinin təmizlənməsinə yardım quyruğunu uzatmışdır.
Doğrudur, Maqava tam olaraq bizim tanıdığımız, xüsusən 80-90-cı illərdə Bakının küçə və dalanlarında sülənən ənənəvi, adına rusca “krısa” dediyimiz siçovulların cinsindən, növündən deyildir. Bu, Qambiya kisəli siçovulları ailəsinə daxildir. Ancaq biz insan övladı olaraq burada da irqçilik, faşizm siyasəti yürütməyək, siçovullar arasında ayrıseçkilik aparmayaq. Nə fərqi var afrikalıdır, ya Balaxanıdandır. Kisəsində qızıl varmı, yoxsa yetimin birisidir - bunların böyük önəmi yoxdur. Biz siçovulun əməlinə qiymət verək. Prinsipcə, kambocalılar bu qiyməti vermişlər və Maqava təqaüdə qızıl medalla yollandı.
İndi mən sual vermək istəyirəm: Kəlbəcər yollarına mina basdırıb dinc insanların ölümünə səbəb olanlara “varlığın əşrəfi”, “tanrının yaratdığı ən mükəmməl zad” deyirsiniz, bəs o siçovula nə ad qoyaq? Axı o siçovulun kainata ötürdüyü müsbət enerji şərti “erməni diversant Vartanın” hərəkətləri ilə müqayisəyə gəlmir.
Bir dəfə evə siçan dadanmışdı, getdim dərman almağa, baytar dükanında satılan anti-gəmirici maddələrin çeşid zənginliyinə heyrət elədim. Mən uşaq olanda yalnız metal tələ görmüşdüm, bəşəriyyət son 30 ildə əməllicə “inkişafa” varmışdır. Birini kartona sürtüb qoymalısan, siçan yapışıb qalır. İkincisi zəhərli buğdadır. Üçüncüsünü yeyəndən sonra siçan dəli kimi olur, eşiyə çıxıb partdamaya düşür. Və sairə. DDT, atom bombası, zarin qazı düzəldən varlıqlardan nə gözləyəsən? Hələ hidrogen bombası qayıran adamı SSRİ-nin ən hörmətli dissidenti eləmişdilər. “O tempora, o mores” - qədim romalılar belə deyərdilər. Bizim dilə tərcümə eləsək, hansısa şairin şeiri məzmunu ifadə edir: “Nədəndir, nədəndir, Hamısı zəmanədəndir”.
12 yaşlı oğlumun 3 dağ siçanı vardı. Xomyak deyirlər, onlardan. Üç gün qabaq o xomyaklardan biri öldü. Ölmək xomyakların ən sevimli məşğuliyyətidir - bilənlər bilir. Hətta heyvansevərlər arasında belə qara zarafat da var: “Uşaqlara ölümün nə olduğunu başa salmaq istəyirsinizsə, onlara xomyak alın”. Doğrudan da bu yumoristik, tragikomik canlılar sanki intihar üçün yaradılıblar. Biri kağız yeyir ölür, başqası hündürlükdən atılır, üçüncüsü suda boğulur... Oğlumun Nabu adı qoyduğu siçan soyuqdəymədən öldü. Qəfəsi gecə pəncərənin ağzında qalmışdı. Uşaq siçanın ölümünə xeyli ağladı, hətta kamali-ədəblə ona həyətdə qəbir qazdı, ağacdan başdaşı qoydu. Mən bu prosesə bir az ironik yanaşdım, hətta etiraf edim, güldüm də.
Ancaq uşaq haqlı idi - dünyada elə siçanlar var ki, insanlardan dəyərlidir.






