İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəfə ziyarətinin son dayanacaqları – Türk şəhərində dəfn olunan imamlar (Fotosessiya)

6794 26.08.2018 15:17 Reportaj A A

“Salam Tur” şirkətinin təşkilatçılığı ilə Azərbaycandan builki Ərəfə ziyarəti qrupu ilə səfərimizin son iki günü İraqın iki şəhərində şiə imamların qəbirlərini ziyarət etməyə həsr olundu. Avqustun 23-də səhər Kərbəlanı tərk edərək şimala – Samirraya doğru yola çıxdıq. Ancaq Samirra yolçuluğunda ilk dayanacağımız Kərbəla şəhidi Hürrün məqbərəsi var.

Hürr

Hürr yeganə Kərbəla şəhididir ki onun məzarı Kərbəlada dəfn olunmayıb. Bunun da xüsusi səbəbi olub. Kufə valisinin göndərdiyi ordunun komandanlarından olan Hürr minə yaxın döyüşçüsü ilə Kərbəlada İmam Hüseynnin (ə) qarşısını kəsərək onun yolunu bağlayır. Ancaq Aşura günü hər şey qəfil dəyişir, Hürr İmam Hüseynin (ə) tərəfinə keçir və bir neçə dəqiqə əvvələ qədər komandiri olduğu orduya qarşı savaşaraq şəhid olur.

Ancaq tayfasının digər üzvləri Hürrün cəsədinin digər Kərbəla şəhidləri kimi atların ayaqları altında tapdanmasına razı olmurlar. Hürrün cəsədini oğurlayaraq gətirib Kərbəla kənarında dəfn edirlər. Azərbaycanlılar arasında Hürrün məşhurluğu Şah İsmayılla bağlı məşhur rəvayətlə bağlıdır. Məşhur əhvalatda qeyd olunur ki, İraqa gələn Şah İsmayıl Hürrün məzarını açdırır. Ancaq sonradan bu əməlinin xəta olduğunu anladığı üçün Xətai təxəllüsünü də məhz Hürrün qəbrinin açdığına görə götürdüyünü iddia edənlər var.

Ümumiyyətlə, Hürr qəbul olunmuş tövbənin simvolu hesab olunur. Ən son anda tövbə edərək haqqın tərəfinə keçən sərkərdə Hürr sağlığında İmam Hüseyn (ə) tərəfindən əfv olunub və cənnətlə müjdələnib. Bu səbəbdən də müsəlman ədəbiyyatında, poeziyasında, eləcə də dini misallarda Hürr peşman olub tövbə edənlərin və əfv olunmanın simvolu hesab olunur.

Samirra

Növbəti dayanacağımız Samirradır. Amma bunun üçün 240 kilometr yol getməliyik.

İraqın yollarının çoxu bərbad vəziyyətdədir. Bağdaddan şimala  doğru, Mosul yolu isə müharibə səbəbilə təmir olunub. İraqın şimalında antiterror əməliyyatları hələ də davam edir və bu səbəbdən də şimalla nəqliyyat əlaqələrinin yüksək səviyyədə saxlanılması bir mənada dövlət təhlükəsizliyi məsələsidir. Lakin yollar yaxşı olsa da, postlar hələ də qalır. Böyük magistralda bir neçə kilometrdən, ara yollarda isə daha qısa məsafədə yoxlama məntəqələri qalır. Bəzi yerlərdə isə postlar ləğv olunsa da, beton qoruyucular və qüllələr hələ də amansız müharibə dövrlərini xatırladır. Yeri gəlmişkən, ilk dəfə 2009-cu ilin yanvarında İraqda olanda təhlükəsizlik daha acınacaqlı durumda idi. İran-İraq sərhədində keçidə yerli qüvvələrlə yanaşı amerikalılar da nəzarət edirdi, axşam isə hava qaralandan sonra yol getmək mümkün deyildi. Qaranlıq düşən kimi hərbi patrulun göstərişi ilə avtobusu yol kənarındakı postlarda saxlayaraq torpaq sipərlər arxasında gizlədirdik, yalnız sabah hava işıqlandıqdan sonra yolumuza davam edə bilirdik. İndi artıq elə olmasa da, İraqın tam təhlükəsizliyinə qovuşduğunu demək olmaz. Xüsusən də hazırda getdiyimiz Samirra şəhərində.

Samirra şəhəri 836–cı ildə Abbasi xəlifəsi Mötəsim tərəfindən əvvəlcə türklərdən ibarət ordusu üçün tikilib, daha sonra isə dövlətin yeni paytaxtına çevrilib. Xəlifə özü də Samirraya köçüb. Samirra şəhəri təxminən 56 il xilafətin paytaxtı olub. 892-ci ildə xəlifə Mutəzid paytaxtı yenidən Bağdada daşıyıb.

Paytaxtın Samirraya köçürülməsi o dövrə təsadüf edir ki, xilafəti başdan başa üsyanlar bürümüşdü və Azərbaycandan olan üsyançı Babək Xürrəmi 838-ci ildə məhz Samirra şəhərində edam olunub. Bu dövrdə Abbasi sarayında söz sahibləri türk sərkərdələr idi, muzdlu türk orduları artıq xəlifə üzərində təsirə malik idilər.

Samirra Dəclə çayı sahilində düzənlik ərazidə inşa olunub. Bu torpaqlar çox münbit, qədim dünya sivilizasiyasının başlanğıc nöqtəsi hesab olunur. Hava həddən artıq günəşli, şirin su hövzəsinin üzərində olması burada kənd təsərrüfatı üçün münbit şərait yaradır. Onu da qeyd edim ki, bu bölgədə suvarma kanallarının yaşı az qala şumerlərin dövrünə gedib çıxır. Eyni zamanda müharibəyə baxmayaraq İraqda suvarma kanalları indi də işləkdir.

Ancaq Bağdadın digər şimal rayonları kimi Samirra da son 15 ildə ən qeyri-sabit şəhərlərdən biri olaraq qalır. Səddamın vətəni Tikrit yolu üzərində yerləşən Samirra devrilmiş diktatorun tərəfdarlarının güclü olduğu bölgə olmaqla yanaşı, eyni zamanda məzhəbi toqquşmaların baş verdiyi, ən çox terror törədilən yerlərdən biri olub. 2006-cı ilin fevralında terrorçular Samirrada yerləşən imamlar türbəsində terror törədiblər. Minalanmış avtomobilin ziyarətgaha sürülüb orada partladılması nəticəsində kompleks tamamilə dağılıb. Ancaq artıq partlayışın dağıntıları aradan qaldırılıb, baxmayaraq ki, təmir-tikinti işləri hələ də davam edir.

Samirra şəhərində 10-cu şiə imamı Əli ən-Nəqi Hadi (ə) və 11-ci İmam Həsən Əskəri (ə) dəfn olunub. Bundan başqa Samirradakı məqbərədə iki imamın qəbri ilə eyni yerdə 12-ci İmam Mehdinin (ə) anası Nərcis xatun, eləcə də 11-ci İmamın (ə) bibisi Həkimə xatunun qəbirləri yerləşir.

Tarixi mənbələrə əsasən 847-ci ildə xəlifə Mutəvəkkil daha çox nəzarət altında saxlaması üçün İmam Hadini Samirraya dəvət edir. İmam Hadi (ə) Samirrada 20 il yaşayır və xəlifə Mutazın hakimiyyəti dövründə zəhərlənərək öldürülür. İmam Hadinin (ə) paytaxta gətirilməsi xəlifəliyin sürətlə nüfuzdan düşməsi, zəifləməsi və bunun fonunda Əhli Beytin xalq arasında nüfuzunun sürətlə yüksəlməsi ilə izah olunur.

İmam Hadinin (ə) oğlu, şiələrin 11-ci imam Həsən Əskəri uşaq yaşlarında atası ilə birlikdə Samirraya köçür. Burada yaşayır və atasının ölümündən 7 il sonra Samirra şəhərində o da atası kimi zəhərlənərək öldürülür. Şəhid edilən zaman İmam Həsən Əskərinin (ə) 28 yaşı olub və ən gənc öldürülən İmam hesab olunur. Onun oğlu, 12-ci İmam Mehdi (ə) şiə inancına əsasən 5 yaşına qədər Samirrada yaşayıb. Hazırda onun qeybə çəkildiyi yeraltı sərdabə hələ də qorunur.

Samirra şəhəri bir də 100 ildən sonra şiələrin mərkəz şəhərinə çevrilir. Ayətullah Mirzə Həsən Şirazı Nəcəfdən bura köçür və dini mədrəsə yaradır. İranda böyük bir üsyana çevrilmiş “tənbəki üsyanı” fətvasını da Şirazi məhz Samirradan verib.

Bağdadın şimal bölgəsində yerləşən və Səddamın doğulduğu Tikritə yaxın bölgədə yerləşən Samirra Amerika işğalından sonra ən təhlükəli nöqtəyə çevrilib. Səddam tərəfdarları, daha sonra radikal islamçı qruplar bu bölgədə hakim olub. 2006-cı ildə amerikalılar İraqda ən böyük təmizləmə əməliyyatını da məhz Samirrada keçiriblər. Samirra İraqın ən narahat əyalətlərindən olan Səlahəddin əyalətinin mərkəzidir. 

2014-cü ildə İŞİD bri neçə dəfə bu şəhəri ələ keçirmək istəsə də, müvəffəq ola bilməyib. Ancaq şəhərdə bir neçə dəhşətli terror aktı törədilib. Bu səbəbdən də Samirra hazırda çox ciddi şəkildə, demək olar ki, hər addımbaşı postlarla qorunur. Şəhərdə xüsusən də gündüz insan gözə dəymir, bunun bir səbəbi təhlükəsizlikdirsə, digər səbəbi də dəhşətli istilərdir. Ancaq son 15 ildə böyük müharibə və terrorun hədəfində olan şəhər hələ də də özünə gəılməyib, evlərin çoxu hələ də boşdur. Şəhərin qədim qala hissəsi, dünyada ən məşhur memarlıq abidələrindən hesab olunan spiralvari Malviyyə minarəsinin ətrafı boş idi.

Samirrada zəvvar dostumuz İlkinlə qısa vaxtdan istifadə edib şəhəri gəzməyə çıxdıq. Ancaq həddən artıq istilər, təhlükəsizlik və vaxt darlığı səbəbindən yalnız ara küçələri və qədim qalanın ətrafını gəzə bildik. Gündüz istilər nəticəsində Samirra xəyalət şəhərə çevrilir, postlarda kölgəyə çəkilən hərbçilər olmasa küçədə nadir hallarda avtomobil və insan gözə dəyir.

Yolumuz Bağdada

Samirrada çox dayana bilmirik. Yolumuz Bağdada, Kazimeynədir. Kazimeyn ərəbcədə “iki Kazim” mənasındadır. Bu da burada 7-ci İmam Musa əl-Kazim və onun nəvəsi 9-cu İmam Məhəmməd Cavadın (ə) dəfn olunması ilə əlaqədardır. Bağdadın şimal rayonunda yerləşən Kazimeyn adlı məntəqə kasıb və daha çox xırda ticarət və sexlərin çox olduğu rayondur. Ancaq Bağdadın bütün rayonları kimi Kazimeyn də ciddi təhlükəsizlik problemləri ilə üz-üzədir. Hər addımda postlar, silahlı polislər, hərbçilər var. Bağdadda əksər günlərdə partlayış baş verir, üstəlik şəhərdə hələ də gizli terror evləri qaldığı üçün xarici qonaqların, hökumət məmurlarının gecələr yalnız gəzməsi riskli hesab olunur. Ancaq bizim otelimiz xüsusi qorunan ziyarətgah məhəlləsində yerləşdiyi üçün gecələr gəzmək mümkün oldu. Bağdadın mərkəzi küçələri, əsas prospektləri təmiz və səliqəli olsa da, kənar rayonlarda vəziyət acınacaqlıdır. Daha əvvəl gəzdiyim şəhərlərdən elə də fərqlənmirdi.

Kazimeyn ziyarət kompleksində iki imamın qəbri ilə yanaşı böyük alimlər, kəramət sahibi din adamları dəfn olunub. Yeri gəlmişkən, böyük Azərbaycan alimi Nəsrəddin Tusi də öz vəsiyyətinə əsasən Kazimeyndə dəfn olunub.

Bağdaddan geri dönüş yolçuluğu

Geri dönüşümüz Bağdad-Bakı reysi ilə olacağı üçün Bağdad Beynəlxalq Hava limanına çatmağımız 30 dəqiqə vaxt aldı. Ancaq əsas müsibət Hava Limanı girişində başlayır. Təxminən 10 kilometr qalmış maşınlar dayanır və yalnız bileti olan sərnişinlər burdan o tərəfə xüsusi taksilərə 8 dollar (10 min İraq dinarı – K.R) ödəyərək hava limanına doğru gedir. Ancaq bu məbləğin ikiqatını ödəyən şəxs VİP taksi ilə yoxlamalara ilişib qalmadan tez gedə bilər. Yerdə qalan insanlar yol boyu 5-6 dəfə yoxlamalardan keçir. Bunların ikisində itlər yükləri yoxlayır, bir neçə dəfə isə X-ray cihazından keçməli olursan. Bir neçə dəfə isə pasportlar yoxlanır. Hava limanında da yoxlamalar davam edir. hətta bəzi yerdə 30 metr aralıqda yükləri yoxlayırlar. Ancaq nizamsız olsa da, nəticə etibarı ilə təhlükəsizliyə xidmət etdiyi üçün yoxlamalara dözmək lazımdır.

Təyyarəmiz Bağdad hava limanında deyəsən nasazlıq səbəbindən 40 dəqiqə gecikmə ilə yola çıxır. Bakı Hava Limanı Bağdadla müqayisə olunmayacaq qədər gözəldir, hər şey səliqəli, təmiz. Hətta bizimlə gələn ərəblər hava limanında bu gözəlliyi selfi çəkməklə yaddaşa köçürürlər. Ancaq Bakıya çatanda məlum oldu ki, baqaja verdiyim çantamın cibindən ətir və hədiyyəlik təsbeh oğurlanıb. Hər halda ümid etmək istərdim ki, bu “müsadirə” Bağdadda baş verib. Bakı Hava Limanının gözəlliyinə çanta oğruları ilə kölgə salmazlar.

Kənan Rövşənoğlu,
Bakı-Məşhəd-Nəcəf-Kərbəla-Samirra-Bağdad-Bakı

Yazarımızın ziyarət reportajları aşağıdakı linklərdədir:

1. http://musavat.com/news/erefe-yolculugu-qerib-imam-in-seherinde-reportaj-fotolar_548693.html

2. http://musavat.com/news/iranin-ziyaret-seherinde-veziyyet-meshed-qeydleri-fotolar_549551.html

3. http://musavat.com/news/elinin-e-seherinden-yol-qeydleri-necefi-azerbaycana-baglayan-teller-fotolar_549784.html

4. http://musavat.com/news/kederli-torpaqlarda-bayram-kerbela-qeydleri_550476.html

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR