İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elinanın gündəliyində yazılmışdı ki, ölümünə 42 gün qalıb" - direktor ifadə verdi

878 02.10.2019 18:55 Kriminal A A

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məhkəməsi Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilib. Məhkəmə iclasında Sevinc Abbasova sərbəst ifadə verib.

O, deyib ki, hadisə günü işdə olub. Onun sözlərinə görə, ikinci dərs bitəndən sonra tənəffüs zamanı müavini Tünzalə Mikayılova ilə işləri müzakirə edən zaman bir uşağın yıxıldığını eşidib: "İki uşaq Elinanı qucaqlarına götürüb içəri gətirirdilər. Mən də acıqlandım ki, uşağı kim itələyib? Elina dedi ki, onu heç kim itələməyib, özü yıxılıb. Sonra da Elinanı mənim otağıma apardıq. Məktəbə girəndə tibb bacısının otağını açmaq istədim, bağlı idi, o, yerində yox idi. Sonra kameralara baxanda bildim ki, həmin gün işə gecikib".

Xatırladaq ki, ötən məhkəmə iclasında ifadə verən tibb bacısı Elina üçün təcili tibbi yardıma gec məlumat verilməsində məktəb direktorunu günahlandırmışdı.

Məktəb direktoru ifadəsinin davamında göstərib ki, Elinanı otağındakı divana uzadandan sonra o, danışmaq istədiyini deyib: "Elina dedi ki, 3 aydır "tramadol" atıram, amma son 3 gündə tapa bilmədiyim üçün hər gün 1 paçka "ketatifen" içirəm. Sonra da çantasından "ketatifen" qutusu çıxdı. Tibb bacısı sonra gəlib dedi ki, sınıq və gözlə görünən xəsarət yoxdur. Mənim yadımda deyildi, həkimə ilk kim zəng etmişdi, amma istintaqda bəlli oldu ki, mən zəng etmişəm. Sonra valideynlərə xəbər verdik, artıq 10-a yaxın polis məndən izahat alırdı. Onlar tabletka məsələsi ilə maraqlanırdılar, sualların çoxuna Elina özü cavab verirdi. Sonra da Xalidə Bayramova gəldi, polislər Elinanın çantasını gətirdilər, içindən 20 ədəd psixotrop dərmanın adları yazılan vərəq çıxdı".

Sevinc Abbasova ifadəsində bildirib ki, həmin vaxt Elinanın çantasında gündəliyi də olub: "Gündəlikdə yazılmışdı ki, ölümümə 42 gün qalıb, mənim həyatım zibil kimidir. Xalidə Bayramova təcili yardımda Elina ilə birlikdə getdi. Biz sonra kamerada baxanda gördük ki, Elina 3-cü mərtəbədən yıxılıb. İki həftə əvvəl ikinci mərtəbədən iki uşaq pəncərədən düşərək dərsdən qaçmışdılar. Mən də buna görə elə bilirdim ki, Elina ikinci mərtəbədən düşüb. Sonra xəstəxanaya getdim, valideynləri orada yox idi. Yarım saat sonra Fazil həkim Elinanı UZİ-yə aparanda gördüm. Elina dedi ki, uşaqlardan kim istəsə, mənim yanıma gəlsin, uşaqlara salam göndərdi. UZİ-dən sonra bizə dedilər ki, hər şey yaxşıdı, bircə sidik kisəsində ləkə var. Dedilər qan olsa, əməliyyat edəcəyik, Elina bunu eşidəndə biraz qorxdu".

Sevinc Abbasova əlavə edib ki, Elinanın öləcəyini ağlına gətirməyib: "Aprelin 6-da prokurorluqda ifadə verəndə Elinanın öldüyünü eşitdim. Həmin vaxt müstəntiq soruşdu ki, özünü təqsirli bilirsən? Mən də dedim ki, qismən təqsirli bilirəm, çünki onu incitməklərindən xəbərim olmayıb. Həm də affekt vəziyyətdə olduğum üçün "skoru" gec çağırmışam. Kimlərə zəng etdiyimi də xatırlamıram. İndi isə özümü təqsirli bilmirəm. Elina psixoloqla ancaq saçını rəngləməsi məsələsini müzakirə edib, intihar etmək istəməsi ilə bağlı heç bir qeyd yoxdur. Elina birinci dəfə boğazını kəsəndə soruşdum, dedi ki, intihar üçün etməmişəm. Mən bu haqda polisə məlumat vermişdim. Elina 1 həftə sonra ikinci dəfə boğazını kəsəndə səbəbini soruşdum dedi ki, "cool" görünmək üçün belə edib. Bu formada şəkillər çəkib İnstagrama da qoymuşdu. Mənə təsəlli verən budur ki, Elina məktəbdə yox, iki gün sonra xəstəxanada öldü. Xalidə Bayramovanın onu gözləməyimlə bağlı mənə tapşırıq verməsi yadımda deyil".

Məhkəmə araşdırması davam etdirilir. Rəsmi ittihamda qeyd olunub ki, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb. O da qeyd edilir ki, Elına sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb. Direktor sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

İttihama görə, E.Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla da E.Hacıyevanın həyatını təhlükədə qoyub. Elan olunmuş ittihamla Sevinc Abbasova özünü təqsirli bilməyib.

Sonuncu məhkəmə prosesində Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edib.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır. Məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. S.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR