İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Mirzəbəyli: “Rusiyanın Xəzərdən Suriyanı vurmasına ehtiyac yoxdur”

1203 12.09.2018 09:50 Gündəm A A

Tofiq Abbasov: “Rusiya artıq iki dəfə bu ssenaridən istifadə edib”

Sentyabrın 7-də Tehranda Türkiyə, Rusiya və İran prezidentləri arasında baş tutan zirvə görüşü Suriya probleminin hələ bir müddət də davam edəcəyini göstərdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı gərginlik bir çox məsələləri yenidən gündəm etdi.

Gündəmə gələn məsələlərdən biri Rusiyanın Xəzər dənizi üzərindən Suriyanı növbəti dəfə vura biləcəyi yönündədir. 2015-ci ilin oktyabr və noyabr aylarında şimal qonşumuz raketlə Suriyaya Xəzər üzərindən zərbələr endirmişdi. Ötən ay Xəzəryanı ölkələr arasında Xəzərin hüquqi statusunun müəyyən edilməsi barədə imzalanan Konvensiyasının Kremlə belə bir imkan verib-vermədiyi yönündə çoxsaylı suallar yaranıb.

Siyasi təhlilçi Tofiq Abbasov “Yeni Müsavat”a məsələni bu cür şərh etdi: “Əgər bu məsələnin aktuallığı bir daha gündəmə gəlirsə, burada demək həllolunmaz məsələ yoxdur. Çünki Rusiya artıq iki dəfə bu ssenaridən istifadə edib. Düzdür, o zaman Azərbaycan məlumatlandırılmışdı. Amma orada əsas subyekt İran idi. Hesab edirəm ki, Rusiyanın planlarına imzalanan Konvensiyasının elə də maneçiliyi yoxdur. Bildiyiniz kimi, hazırda əsas müzakirə mövzusu edilibdir. Əgər Xəzər üzərindən Suriyaya Rusiyanın zərbə endirməyə ehtiyacı yaransa, o zaman hesab edirəm ki, Kreml bu məsələni daha çox İranla müzakirə edəcək. Düşünürəm ki, Rusiyanın bu məsələdə elə də bir ciddi problemi olmayacaq. Sadəcə, Xəzərin digər dövlətləri bu məsələ ilə bağlı məlumatlandırılacaqlar. Çünki Konvensiyada olan müddəadır ki, əgər hər hansı bir ölkə ümumi bir prosesdə hansısa bir təşəbbüsə əl atacaqsa, hər hansı bir tədbir həyata keçirəcəksə, o zaman gərək məlumat versin. Bu, həm siyasi etikadır, həm də hərbi sahədə olan normadır. Bu heç bir ölkə üçün başağrısı olmayacaq”.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Rusiyanın Azərbaycan ərazisindən istifadə etməyə ehtiyacı yoxdur: “Rusiyanın Xəzər dənizindəki ərazisi sularından, yaxud qarşılıqlı razılaşma əsasında İranın ərazi sularından Suriyaya zərbə endirməsi üçün Azərbaycanın hava məkanından istifadə etməsinə ehtiyac yoxdur. Bundan öncə də endirilən zərbələr İranın ərazi sularının yaxınlığından, İran və İraq üzərindən həyata keçirilib. Hazırda Rusiyanın Suriyanın Tartus bölgəsindəki hərbi bazasında 30-dan çox hərbi gəmisi var. Eyni zamanda Xmeymimdəki aviabaza da Rusiyanın nəzarətindədir. Nəzəri baxımdan Rusiyanın Xəzərdən Suriyaya zərbə endirməsinə ehtiyac yoxdur. Əgər endirilirsə, o zaman bu, sadəcə, siyasi aksiya və güc nümayişi anlamına gələ bilər. Xəzərdən, Rusiyanın daha öncə istifadə etdiyi ərazidən Suriyaya qədər hava məsafəsi təxminən 1500 km-dir. Ola bilsin ki, Rusiya yenidən uzaq mənzilli raketlərini sınaqdan keçirmək və həm də nümayiş etdirmək istəsin. Amma Rusiyanın Suriyadakı hərbi bazaları imkan verir ki, Rusiya istənilən hərbi əməliyyatı daha ucuz və daha dəqiq həyata keçirsin. Yox, əgər Xəzər yenidən Suriyaya zərbə endirmək üçün platsdarm kimi seçilərsə, bu artıq növbəti dəfə hərbi potensialın nümayişi kimi dəyərləndirilə bilər. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın 3-cü müddəasının 2-ci bəndində qeyd olunur ki, tərəflər ”Xəzər dənizindən dinc məqsədlə istifadə edəcəkləri" barədə öhdəlik götürürlər. Amma Rusiya bu bəndi də istədiyi kimi yoza bilər. Məsələn, deyə bilər ki, Konvensiyanın bu bəndində “istisnasız olaraq” söz birləşməsi yer almayıb. Deməli, istisnalar ola bilər. Konvensiyada Xəzər dənizində 3- cü ölkələrin (yəni qeyri-Xəzəryanı dövlətlərin ) silahlı qüvvələrinin iştirak etməsinin yolverilməzliyi barədə müddəanın Rusiyanın Xəzər dənizindən Suriyaya zərbə endirməsinə heç bir aidiyyəti yoxdur. Rusiya sahilyanı dövlətlərdən biridir və ən yaxşı halda atacağı addımları digər sahilyanı dövlətlərlə razılaşdıra bilər. Daha öncə də qeyd etdiyim kimi, Rusiyanın Xəzərdən Suriyaya zərbə endirməsi üçün Azərbaycanın ərazi sularından və hava məkanından istifadə etməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, Rusiya əgər Xəzər dənizindən Suriyaya zərbə endirmək istəyərsə, daha əvvəlki trayektoriyadan istifadə edəcək. Çünki bu, həm məsafə baxımından əlverişlidir, həm də daha öncə sınanmış trayektoriyadır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR