İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada homoseksual kino sənayesi formalaşmağa başlayıb- Məqsəd nədir?

1244 27.08.2021 16:39 Mədəniyyət A A

 

Son illərdə dünya kinosunda homoseksuallığın, cinsi azlıqların təbliği müşahidə olunur. Artıq ən populyar ali kateqoriyalı beynəlxalq film festivallarında belə, daha çox bu istiqamətdə filmlərin önə çıxdığını görürük. Hətta bununla bağlı  qaydalar da müəyyənləşib. Məsələn, 2024-cü il üçün “Oskar”a namizəd olan filmlərə irqi, etnik, seksual və başqa azlıqlar, o cümlədən qadınlara qarşı yönəlmiş təzyiqlərlə mübarizə məqsədilə yeni qaydalar müəyyənləşdirilib. Bu qaydalara görə birinci və ya ikinci planda oynayan aktyorlardan ən azı biri irqi və ya etnik azlığın nümayəndəsi olmalıdır. Əks təqdirdə, yerdə qalan truppanın ən azı 30 faizini qadınlar, irqi, etnik, seksual azlıqlar və ya fiziki məhdudiyyətli şəxslər təşkil etməlidir.

Bəs məqsəd, hədəf nədir?

sev-2-e1600759865505.jpg (76 KB)

Mövzu ilə bağlı kinotənqidçi Sevda Sultanova Musavat.com saytına danışıb. O bildirib ki, Qərbin gender bərabərliyi, seksual azlıqların haqları uğrunda mübarizəsi akademik azadlığın, müzakirə və mübahisə mədəniyyətinin məhdudlaşdırılması, ayrı-ayrı intellektualların ifadə azadlıqlarının pozulması bahasına başa gəlir:

“Məsələn, bir neçə il əvvəl Oxford Universitetinin tələbələri məşhur professor, hüquq filosofu Con Finnisi işdən çıxartdırmaq üçün petisiya açdılar. Çünki o, 1994-cü ildə yazdığı məqaləsində eynicinsli nikahlara qarşı olduğunu qeyd etmişdi. Yəni alternativ fikrə dözümsüz yanaşan, “ləğv və ya boykot mədəniyyəti”nin tərəfdarları normal polemika aparmaq yerinə, kimlərisə eynilə repressiya illərində olduğu kimi cəmiyyətdən təcrid etməyə çalışırlar.

Budur, artıq həmin “proqressiv kəsim” rejissorlara eynilə nasizm, sosializm quruluşlarında olduğu kimi liberallaşma adı altında didaktik intonasiyada nəyin doğru olub-olmadığını diktə edir. Bunun nəticəsi olaraq, hələ ötən ilin avqustunda, Berlin kinofestivalında təşkilatçılar cinsiyyət prinsipini-ən yaxşı qadın və ən yaxşı kişi rolları üzrə nominasiyaları ləğv etdi. Əvəzində “ən yaxşı baş rola görə” və “ikinci planda ən yaxşı rola görə” mükafatları təsis olundu. Beləliklə, üç ən nüfuzlu festivaldan biri seksual azlıqların, onların tərəfdarlarının basqısı altında neytral gender statusuna keçməklə, aktrisa və aktyorların hüququnu pozdu və festival idbar liberalizmin manipulyasiyasına özünü təslim elədi.

gey_01541515824851.jpg (134 KB)

Festival təşkilatçılarının bu qərarını dəstəkləyənlərin arqumenti odur ki, əgər rejissor nominasiyasında cinsiyyət prinsipi yoxdursa, onda niyə aktyor oyununa görə belə bir bölgü tətbiq edilməlidir?

Diktatura tonallığında formalaşan ləğv mədəniyyətinin (bura əsasən, sol liberallar, gender aktvisitləri, feministlər daxildir) terror səviyyəsində təzahürləri ayrı-ayrı hadisələrdə özünü daha ikrahdoğurucu şəkildə büruzə verir. Məşhur Amerika aktrisası Skarlett Yohansson bir neçə il əvvəl LGBT-nin təzyiqi ilə kriminal avtoritet olmuş, transgender kişi (qadından kişiyə çevrilən) Dante Gillin rolundan imtina edib. LGBT-nin fikrincə, bu rolu ancaq transgender aktyor oynamalıdır. Trampın hakimiyyətə gəldiyi ilk illərdə ona qarşı aksiyalarda etiraz səsini cəsarətlə ucaldan Yohansson liberalların basqısı ilə geri çəkilərək, üzrxahlıq edir. Eyni problemi “Oskar” mükafatçısı olmuş aktrisa Holli Berri də yaşayıb. O da bir filmdə transgender roluna razılıq verib, sonradan sosial şəbəkələrdə edilən hücum nəticəsində imtina etməli olub. Hücumçuların fikrincə, cisgender (bioloji cinsi gender identikliyi ilə üst-üstə düşən adam) nümayəndəsi kimi Berrinin bu rolu oynamağa haqqı yoxdur. Çünki o, bu rola razılıq verməklə transgender aktyorların haqqına girir, belə obrazları ancaq tarnsgenderlər oynamalıdır.

Bildiyiniz kimi 2024-cü il üçün “Oskar”a namizəd olan filmlərə irqi, etnik, seksual və başqa azlıqlar, o cümlədən qadınlara qarşı yönəlmiş təzyiqlərlə mübarizə məqsədilə yeni qaydalar müəyyənləşdirilib. Cəfəng bir situasiya ortaya çıxır: amerikalıların vaxtilə qaradərililərə sərgilədiyi ayrı-seçkiliyin, qəddarlığın cəzasını nədənsə sənət daşımalıdır. Halbuki söhbət kinodan gedirsə, həqiqi kino sənəti həmişə hər cürə ideoloji buxovu, konyunkturanı rədd edib, axına qarşı gedib. Lakin 21 əsrdə mütəşəkkil cinayətkar dəstəsi kimi formalaşan qrupların təzyiqi ilə sənət buxovlanır, rejissorun düşüncə azadlığına müdaxilə olunur, onlar kimi düşünməyənlər linçlənir”.

Sevda Sultanova qeyd edib ki, artıq dünyada bütöv bir homoseksual kino sənayesi formalaşıb və xeyli sayda homoseksual film festivalı mövcuddur:

“Halbuki uzun müddət dünyanın bir çox ölkələrində homoseksual münasibətlərin kinoya gətirilməsi qadağan edilib. Məsələn, 1930-cu illərdə Amerika Kino Şirkətləri Assosiasiyası Heys etik kodeksini qəbul etmişdi. Kodeks assosiasiyanın rəhbəri, respublikaçı Uilyam Harrison Heysin adı ilə bağlıdır. 1967-ci ildə ləğv edilən kodeks nəinki homoseksuallığı, hətta heteroseksuallığı yasaq etmişdi. Yeganə izn verilən  komediyalarda qadına bənzər şıltaq, nazlı kişi obrazı idi”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR