İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan dövlətinin 101 yaşı Moskvada qeyd olunub - FOTOLAR

1464 29.05.2019 13:38 Gündəm A A

Rusiya Azərbaycanlıları İttifaqı dost millətlərin diaspor təmsilçilərini 28 May Respublika Günündə bir araya gətirib

Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycanlıları Mədəniyyəti Fondunun təşkilatçılığı ilə Moskvada “Natsional” hoteldə 28 May Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.

Bayram tədbirinə paytaxt Moskvada və regionlarda yaşayan soydaşlarımızla yanaşı, dost millətlərin təmsilçiləri də qatılıb. Onların sırasında siyasət və elm adamları, hərbçilər, incəsənət xadimləri, eləcə də türk, qazax, özbək, belorus, latış xalqlarını təmsil edən diaspor rəhbərləri də olub.

Rəsmi hissədə qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, Şərq, xüsusən türk və müsəlman xalqlarının tarixindəki  rolu, 101 il öncə sağlam dayaqlar üzərində qurulan Azərbaycan Respublikasının çağdaş dünyadaki yeri haqqında bilgi verilib, AXC-nin tarixi haqda videoçarx nümayiş etdirilib.

Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü Valeriya Rayzman, Rusiya Xalqları Dostluğu Universitetinin filologiya fakültəsinin dekanı, professor Viktor Barabaş, Moskva Maliyyə Hüquq Akademiyasının birinci prorektoru Oleq Zabelin, Rusiya ordusunun ehtiyatda olan zabiti, general-mayor Bağır Fətullayev, Yaxın Şərq üzrə ekspert İqbal Dürrə, “Rusiya Hərbiçiləri Ailələri İttifaqi” İctimai Birliyinin rəhbəri Mariya Bolşakova təbrik çıxışlarında, azərbaycanlıların Rusiya cəmiyyətindəki yeri, o cümlədən Rusiya-Azərbaycan münasibətləri barədə söz açaraq iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin regional inkişaf üçün böyük önəmindən danışıblar.

Digər xalqları təmsil edən diaspor rəhbərləri də soydaşlarımızı təbrik ediblər, çoxmillətli Rusiya Federasiyasının inkişafı üçün Rusiya Azərbaycanlıları İttifaqı ilə işbirliyinə hazır olduqlarını vurğulayıblar.

Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, 28 May Azərbaycanı özünə vətən sayan hər kəsin bayramıdır: “Bu böyük bayram münasibətilə hər bir azərbaycanlını bir daha təbrik edirəm. Azərbaycan yarandığı ilk gündən çoxmillətli dövlət olub. Multikultural dəyərlər, müxtəlif millətlərə, dinlərə mənsub şəxslərlə eyni cəmiyyətdə sivil qaydalar əsasında yaşamaq Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. 101 il öncə dövlətçilik  təfəkkürümüzə hopdurulan bu xüsusiyyət soydaşlarımıza dünyanın müxtəlif ölkələrində, dost millətlər içərisində yaşamaq, inkişaf etmək, öz yerini tapmaq bacarığı verib. Dünya Azərbaycanlıları Mədəniyyəti Fondunun xətti ilə uzun illərdir, biz 28 May Respublika Gününü dünyanın müxtəlif ölkələrində qeyd edirik. Yeni yaranan və hədəfi Rusiyada yaşayan milyonlarla soydaşımızı layiqincə təmsil etmək olan Rusiya Azərbaycanlıları İttifaqı da bu ənənəni davam etdirmək niyyətindədir”.

Mərasim konsert proqramı ilə davam edib. Qonaqlar Solomon Lazareviçin, Ataxan İsmayılovun, Alla Ridin ifalarında Azərbaycan, rus və dünya bəstəkarlarının əsərlərini dinləyiblər. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Aygün Muradxanlı,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR