İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimin anası yoxdurmu

“Ş a b a n n ә n ә. Hanı mәnim balam? (Әsәdi görür, uçitelә). Bunu niyә burada dussax elәmisәn? A sәnin atan-anan tünbәtün düşsün! A sәni uşqol açdığın yerdә quruyub daşa dönә idin! A sәni belә әkib doğanuvun atasına nәhlәt! (Әsәdә) Bala, gәl gedәk”.

(Mirzə Cəlil, “Danabaş kəndinin məktəbi”)

Dərs ili sona yaxınlaşdıqca məktəblərimizdən qaynar xəbərlər artmaqdadır. Təhsilin temperaturu yüksələn xətlə gedir, ona görədir. Son günlərdə hansısa məktəbimizdə şagirdlərin müəllimi Azərbaycan xəritəsinin önündə şapalaqlaması səhnəsini böyük həvəslə seyr elədik. O xəritə uşaqlarda vətənpərvərliyi artırmaq üçün siniflərin çoxunda asılıbdır. Bu da vacibdir ki, müəllimi məhz xəritənin qabağında çırpasan, başqa yerdə, misal üçün, qlobusun altında, kolbanın böyründə döyəsən, düzbucaqlı üçbucaq şəklinə salasan, nə bilim, qurbağa kimi ayağına tok verəsən - bu cür olmaz. Xəritə təhsilimizin atributudur. İstər həyat bilgisi dərsi olsun, istər fizika, istər coğrafiya olsun, istər bədən tərbiyəsi - dəxli yoxdur, bütün fənlər üzrə müəllimi döymək yeri idarənin rəhbərliyi tərəfindən xəritənin qarşısı olaraq müəyyənləşdirilmişdir. Azərbaycanın qartala oxşayan silueti şagirdlərdə ruh yüksəkliyi doğurur. Şair məhz bu məqamda görək nə deyibdir: “Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər!”

Sözgəlişi, keçən həftə daha bir əlamətdar hadisə oldu: Təhsil Nazirliyi məktəblərdə “baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı” (rəsmi məlumatdan sitatı olduğu kimi verirəm) Qaynar xətt yaratdığını açıqladı. Onun nömrəsi 142-2 imiş. Maraqlıdır. Adətən biz fövqəladə hallar olanda ilk növbədə FHN-in 112 qaynar xəttinə, ya da polis, təcili yardım və dəlixanaya (axırıncı deyəsən sovet vaxtında qaldı, indi hamı ağıllanıb) zəng vururuq. Bəs niyə təhsil müəssisələrində fövqəladə hal olsa isti-isti Təhsil Nazirliyinə zəng etməliyik? Pedaqoji baxımdan! Misal üçün, mən uşaq olanda bizim sinif yanırdı, direktor Bahadur müəllimi çağırdıq, gəldi, alovu küncə qoydu, qulağını dartdı, sakitləşdirdi. Həmçinin, ayrıca qaynar xətt məktəblərimizin qaynar həyatından, ön cəbhə xətti kimi bir yerə dönməyindən xəbər verir. Ondan da qabaq pəncərələri mıxlayıb bağlamışdılar ki, uşaqlar bir-birini atmasın. Bəzi məktəblərimizdə müəllimlər uşaqları sakitləşdirmək üçün sümükqıran itlər, rezin güllələr, bibər qazı, çürük pomidor, soğan suyu (şagirdin gözünə atmaq üçün) və sairə fövqəladə vəsaitlər saxlayır. O cümlədən, metodiki baxımdan məsləhətdir siniflərdə su arxı qazılsın, tikanlı məftillər çəkilsin, imkanlı valideynlərdən mina alınsın, əsir götürülən müəllim və şagirdlərin qarşılıqlı dəyişdirilməsi üçün ATƏT-in Minsk qrupuna, Anjey  müəllimə müraciət edilsin. 

Eyni zamanda, biz ikili standartla qarşılaşdığımızı hiss edirik. Azərbaycan xalqı sanki öz uşaqlarından başqa heç zadı fikirləşmir. Bəs bu yazıq müəllimlərin yiyəsi yoxdurmu? Keçən həftə uşaqlar müəllimi döyüblər, lakin bir nəfər də buna etiraz püskürmür. Uşaq döyülsə, Təhsil Nazirliyini yesir edərdilər. Bu dəqiqə bütün manıslar instaqramda əjdaha olub alov püskürər, məktəb direktorunu, RANO-nun müdirəsini, nazirliyi yıxıb sürüyərdilər. Uşağın anası Röyterdən başlayıb anayiq.biz saytına qədər hər yerə intervülər səpələyərdi. Bəs bu döyülən müəllimi ana doğmayıbmı? Onu niyə müdafiə edən yoxdur? Bir az da riyakarlıq edirik. “Ey hörmətli müəllim, Hər könüldə yerin var” şeirini oxuyuruq, ancaq müəllimi döyən uşaqları cəzalandırmaq istəmirik.

Cəza demişkən... Yaxşı olar, həmin uşaqlar aşkar edilib tərəfimizdən... Uzun sözün qısası, onları qovmaq lazımdır. Çıxdıqları yerə qədər - türkün məsəli. Nöşün ki, bizdə son çağlar elə bir həftə olmur hansısa məktəb direktoru, zavuç, müəllim cəzalanmasın. Birini işdən qovurlar, o birisinə cinayət işi açırlar, üçüncüsü ev dustağı edilir. Şagirdləri isə hətta küncə qoymaq qadağandır, nəinki ev dustağı edəsən. Fikrimcə, bu, şagirdlərdə azğınlaşma hallarını çoxaldır. 

İndi söz əlaqədar təşkilatlarındır.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022