İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti otağın yazıçıları

“Və iki il əvvəl mənzildə müəmmalı hadisələr baş verməyə başladı: bu mənzildən adamlar izsiz-soraqsız yoxa çıxırdı”

(Bulqakov, “Master və Marqarita”)

Bakının Xaqani küçəsində Azərbaycan Yazıçılar Birliyinin binası var. Çox mistik binadır, kimə kirayəyə verirlərsə, axırda mütləq bir zibili çıxır. Ötən illərdə orada “26" adında kafe açmışdılar, həmin vaxt Bakının icra başçısı işləyən Hacıbala müəllim qətiyyətlə JEK işçilərinin ora hücumunu təşkil etdi, dedi burada,  Ağcaqum çölündə Piterdə fizika öyrənmiş başçıdan xəbərsiz heç bir ermənipərəst qüvvə Styopa Şaumyanın murdar xatirəsini yaşada bilməz! Kafeni yağmaladılar, yerində turp əkdilər.

Yox, əkmədilər, bu dəfə başqa restorana icarəyə verilmişdir, həmin obyektin yiyəsi isə hansısa reper qaqaş imiş. İndi avara jurnalistlər qazıb tapıblar ki, adı “Hot-Room” olan həmin barda gecələr striptiz göstərilir, erotik mahnılar oxunur, cavan uşaqlar milli dəyərlərimizə zidd şəkildə atdanıb-düşürmüş. AYB sədri Anar müəllimlə əlaqə saxlayıblar, deyib, mənim xəbərim yoxdur, oranın icarə verilməsinə katibim Çingiz Abdullayev baxır, ora birinci mərtəbədir, mən isə beşmərtəbənin altıncı mərtəbəsində kafe açmışam. Çingiz müəllim deyib mən İçərişəhərin divarını müdafiə edərkən yaralanmışam, mavi mələklərin nəzarəti altındayam, hazırda o işi Fikrət Qoca həll edir. Söhbət çox uzanıb, hətta qurumun mətbuat katibi, əsl şair ismi daşıyan Xəyal müəllim jurnalistləri qınayıb, deyib bizim çörəyimiz o klubdan çıxır, imkan vermirsiniz, keçən dəfə “26"nı da bağlayanda xeyli yazıçı və şair acından öldü, içində 5 dənə xalq artisti də olmaqla. Sözgəlişi, bizdə neçə dənə rəsmi dövlət fərmanı ilə xalq şairi və xalq yazıçısı adı daşıyan adam olduğunu bilirdinizmi? Yazım, bilin: 25 xalq yazıçımız, 22 dənə də xalq şairimiz vardır! Dəhşətdir. Ancaq ədəbiyyat yoxdur. Əsas yazı-pozu deyil ki? Hökumətlərin işinə yaramaq və yarınmaqdır. Nəsə, siyasətə qarışmayaq. Gül kimi tema var.

İlk növbədə biz həmin barın adının dilimizə yad olmasına etiraz edirik. “Hot Room” nədir? Bəyəm Anar müəllim indiyə qədər o klubun adını görmürdü? Nə üçün dəyişdirməyə cəhd etməyib? “Hot Room” deyəndə adamın yadına hot-doq haqda lətifə düşür. Deyir, biri kənddən gəlir, şəhərdə kafeyə girir, menyünü gətirirlər, heç zad baş açmır, əlini qoyur “hot-doq” sözünün üstünə. İçində sosiska olan çörəyi gətirirlər, adam ofisiantı çağırır, deyir bu hot-doq sözünün mənası nədir? Ofisiant deyir ingiliscə “isti it” deməkdir. Adam hirslənir: “Qardaş, mənə it əti verirsiniz, sağ olun, bunu keçdim, bəs bu itin ayrı yeri yox idimi?”

O baxımdan, ölkəmizin dəyərli ziyalılarının toplaşdığı binada barın adını “İsti otaq” qoymaq olmazdımı? Şair Molla Pənah Vaqif bu məqamda görün nə deyibdir: “Keçmə o dilbərin sən otağından, Tər bənəfşə qoxar hər bucağından, Sanki bir guşədir cənnət bağından, Açılıbdır güli-əlvan evində”. Ancaq bu isti otaq temasında mənim rastlaşdığım ən qəşəng şeiri 90-cı illərdə bir qazaxlı şair yazmışdı, heyf adı yadımda qalmayıb. Şeir belə idi: “Biz ikimiz, isti otaq, Məhəbbətdən ocaq çataq, Dedim, vaxtdır, yıxıl yataq, Dedi, uzan, gəlirəm mən”. Bəh-bəh. Ümid edirəm şairə ötən müddətdə ən azı “xalqın yataq şairi” adı verilmişdir.

Hərçənd dəli şeytan deyir ki, tarixi boyunca ilk dəfə AYB-nin binası xeyir işə yaramışdı, ilk dəfə idi kiminsə torbasını tikmək, repressiya eləmək, evini yıxmaq, yalançılıq, yaltaqlıq, əclaflıq və sairə məqsədlər üçün istifadə edilməmişdi, buna da yaramaz jurnalistlər imkan vermədilər. Üstəlik, Xəyal müəllimin xəyalpərvər açıqlamasından da məlum olduğu kimi, həmin kafenin pulu ilə neçə xalq şairinə maaş verilir, nə qədər bimar yazıçının prostatı operasiya olunur, qızını gəlin köçürdən şairələrə cehiz alınırdı. Bəs indi bu pullar haradan alınacaq? Dövlətin ayırdığı pul bəs eləmir. Dövlət bu dəqiqə meşədə şairlərə ev tikməklə məşğuldur. Çaqqalların əhatəsində yaradıcılıq evində yaxşı əsərlər yaratmaq olurmuş.

Sonda o striptiz və erotik mahnı söhbətinə də iradımı bildirim. Bizim bəzi jurnalistlər sanki dəlidir. Atam, gecə vaxtı, klubda muğamat oxuyası deyillər ki? Hər dövrün öz mahnısı var. Bəzi işlər var ki, onları görmək üçün məhz gecə vaxtları təbiət tərəfindən ayrılmışdır. Gecə eləmə, gündüz eləmə, bəs bu millət haçan çalıb-oxusun, Tağı müəllim demiş, burcutsun? Biz də, türkün məsəli, Ermənistan kimi boşalaq, ərazimizdə adam qalmasın?

Lap sonda arzu edirəm MTN şefi Eldar Mahmudov Tağı Əhmədovdan aldığı 3 milyon dolları, nəhayət, qaytarsın. Yazıq 40 il maaşını yeməyib-içməyib toplamışdı. Bunu ona görə yazıram ki, Tağı müəllim də AYB üzvüdür, Tağı Sadiq imzasıyla şeir yazır.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022