İnsanlara hürriyət, millətlərə istiqlal!

İngilis barmağı

“İngiltərə ikiüzlülərin vətənidir”

(Oskar Uayld)

Deyir, hər hürən itə baş qoşsan, gedəcəyin yerə çata bilməzsən. Özü də bunu yanılmıramsa ingilislərin şefi olmuş Çörçill müəllim demişdir. Başqa müdriklər isə sənə atılan daşlardan ev tikməyi məsləhət görürlər. Ancaq biz nə elədik? Növbəti dəfə şansı, fürsəti qaçırdıq. Halbuki ingilislərin hansısa qotur turnirin finalının Bakıda keçirilməsinə mız qoymasından yaxşıca yararlanıb xeyir tapa bilərdik.

Öncə bu “qotur turnir” ifadəmə aydınlıq gətirim. Zənnimcə, bu saat dünyadakı bütün futbol turnirlərini bukmeker kontorları, pullu lotular idarə edirlər. Görürsən hansısa komanda yeddi oyun qalib gəlir, səkkizincidə turnirin axırında yer tutan komandaya uduzur. Yaxud “Barselona” kimi fillərdən toplanan komanda əlini-qolunu yanına salıb 3-0 udduğu oyunu təkrar görüşdə 4-0 hesabıyla uduzur. Kim deyir bunlar təbii haldır? Mən sizi inandırıram, bəlkə araşdırsan Messi-nin öz uduzmaqlarına pul qoyduğu üzə çıxar. Yəni dünya futbolunda vəziyyət bu dərəcə ağırdır. 80-ci illərdə azarkeşliyini elədiyimiz, az qala futbol tanrısı saydığımız Platini özünü platin cəhənnəmə, gümüş də yox, nikel vedrə kimi aparıb, ərəb şahzadələrinin puluna umsunub dünya çempionatını Qətər-ə salıbsa, daha nə yazaq? Üstəlik, bizim Qarabağ dərdimiz var, futbolla əlləşəsi vaxtımız deyil.

Elə Britaniya XİN-in öz azarkeşləri üçün “Azərbaycanda terror təhlükəsi var” xəbərdarlığını Qarabağ kontekstində əks-hücum arqumentinə çevirə bilərdik. Demək, lazım idi, bəli, belə təhlükə var, özü də ermənilərdən, işğalçılardan gəlir. Bəs biz nə elədik? Dedik elə şey yoxdur. Halbuki ermənilərin Bakıda metro partlatmağından Qarabağı cinayət yuvasına çevirməyinə qədər min haqlı söz deyə bilərdik. 

Yaxud xəbərdarlıqda “İaşə müəssisələri yaxınlığında soyğunçular olur” tipində cümlə varmış. Bəyəm yoxdurmu? Sadəcə, ingilislər burada da səhvə yol veriblər. Yazmaq lazım idi ki, soyğunçular iaşə obyektlərinin içində otururlar. Doğrudan da bizim kafe-restoranlarda bəzən fantastik bahaçılığa rast gəlirik. 20 qəpiklik yumurtanın qayğanağını sənə 15 manata, eşşək budundan lüləkababın şişini isə “ceyran əti” adıyla, yalan olmasın, şişi 50 manatdan sırıya bilərlər. Hələ bir “yesən də, yeməsən də komplektə girir” deyə tərbiyəsizlik var ki, dünyanın başqa heç yerində rast gəlməzsən.

Yeməkdən söz düşmüşkən, bir ingilis komandasının baş məşqçisi “Bakıda final salanlar səhər yeməyinə nə yeyiblər” deyə söz atıbdır, bunun özü maraqlı tema açır: biz səhər yeməyində nə yeyirik, nə yeməliyik? Fikrimcə, bizim milli səhər yeməyi tərkib etibarilə yanlış qurulubdur. Misal üçün, çox adam şirinçay içir. Xaş yeyir. Ziyanlıdır. Səhər yeməyində yaxşı olar pomidor, zeytun, zeytun yağı, yumurta, pendir, ağartı məhsullarından, Xəzərimizin qızıl sərvəti olan qara kürüdən yararlanaq. Düzdür, hökumət məsləhət görür, camaat daha çox qırmızı kürüyə üstünlük versin, ancaq şəxsən mən qara kürü yaxmacını sevirəm. Mütəxəssislər də belə deyir. Söz vaxtına çəkər, bayaq parkda iki pensiyaçı bunun üstündə dava eləyirdi, biri deyirdi, qara kürü yaxşıdır, o biri deyirdi, qırmızı. Mən yazı yazmağa tələsirdim, bilmədim axırı nə oldu, ümid edirəm, salamatçılıqdır.

Bəzi vətəndaşlar isə səhər yeməyini, ümumiyyətlə, yemir. Bu tamam yanlışdır. Ata sözümüzdə deyilir: “Səhər yeməyini özün ye, günorta yeməyini icra başçısı ilə ye, axşam yeməyini ingilisə ver”.

Bəli, çox həyasızlaşıblar. Gərək Elmar müəllim bizim XİN-in saytında İngiltərəyə getmək istəyən zəhmətkeşlərimiz üçün uyğun xəbərdarlıq yazıb qoysun. Nəhayət, bunu etməliyik. Orada yazmaq lazımdır ki, Londona gedəndə özünüzlə milyonlarla dollar aparmayın, Cahangir müəllimin arvadı Zamirə xanım kimi sizi tutub soyacaqlar. Qətiyyən oralarda ev almayın, daim gözünüz qapıda qalacaq ki, birdən polis gəlib sənədləri, kupçanı, selsovetin arayışını-zadı yoxlayar.

Ən pisi isə dumandır. Göz-gözü görməyən bir yerdir. Çiskin, bataqlıq... Hələ birdən dumandan Baskervillərin iti çıxır, adamın zəhri yarılır.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022