İnsanlara hürriyət, millətlərə istiqlal!

Faşizm üzərində qələbəyə sözardı

“Keçmiş savaşlar haqda yalan danışanlar, gələcəyin savaşlarını yaxınlaşdırırlar”

(Viktor Astafyev)

9 may Qələbə gününü qeyd elədik. Faşizm üzərində qələbədən neçə il keçir, doğrusu, bunu dəqiqləşdirməyə ehtiyac duymadım. Çünki bu gün dünyada faşizm bu və ya başqa formalarda varsa, yaşayırsa, deməli, qələbədən danışmaq hələ tezdir. Sovet-rus yazıçısı Boris Struqatskinin 1995-ci ildə yazdığı sözləri yada salmağa dəyər: “Biz faşizmi ovcumuzun içi kimi tanıyırıq, özü də alman faşizmini. Bir adı da hitlerizmdir. Hardasa eyni murdarlıqda, eyni qorxuncluqda, amma özümüzə xas, xalqımızın yaratdığı bir faşizmin var olduğu heç birimizin ağlına belə gəlmir. Yəqin buna görə o gözümüzün qabağındaca, ölkəmizin cismində bədxassəli şiş kimi böyüyür, bizsə hələ ondan xəbərsizik. Doğrudur, runi yazıları arasına yerləşdirilmiş svastikanı da görürük. Yadellilərlə hesablaşmağa çağıran xırıltılı qışqırıqları da eşidirik. Bəzən binamızın divarına həkk olunmuş iyrənc şüarlar və rəsmlərin şahidi oluruq. Di gəl ki, bunun da bir növ faşizm olduğunu qəbul edə bilmirik. Elə bilirik faşizm qara eses mundiri, yad dildə amiranə nitq, krematoriyaların tüstü bacasından çıxan bulud kimi tüstülər, müharibə və sairədir”.

İtalyan yazıçısı Umberto Eko isə faşizmi yaradan arxetiplər sırasında ənənələrə sədaqət, qəhrəmancasına ölüm kultu, modernizmə, çağdaşlığa nifrəti də göstərmişdi.

Şəxsən mənim uşaqlığım SSRİ dövrünə təsadüf elədiyindən 9 may xatirələri hardasa işıqlı bir şey kimi yadımda qalmışdır. Dərk etmədiyim bir bayram idi – bəlkə o üzdən sevinirdim. Misal üçün, 600 min azərbaycanlının davaya gedib, tam yarıdan çoxunun qayıtmaması bir uşaq üçün quru statistikadan başqa bir şey deyil. O cümlədən, mən hər 9 mayda kəndimizdə (sonradan erməni faşistlərinin yandırıb-dağıtdığı yurdumda) bayram törəninin ilk sıralarına çıxarılan Zabitə xalanın kədərini başa düşə bilməzdim. Onun düz 3 oğlu müharibədən qayıtmamışdı. Amerikalılar belə temalarda “Sıravi Rayanı xilas etməli” tipli kinolar çəkirlər, azərbaycanlı kəndli qadın kimin vecinə olacaqdı?

Böyüyəndə qohumlarımızdan Nəcəf əmi ilə müharibə temasında söhbətlərim olmuşdu. O bir qolunu Şimali Qafqaz döyüşlərində itirmişdi. Xankəndində Pedaqoji Universitetin prorektoru olmuşdu, ermənilər evini dağıdandan sonra, lap axırıncı şəhəri tərk edənlərdən biri idi. Mən Nəcəf əmiyə sovet əsgərlərinin qəhrəmanlığı haqqında danışardım, o isə mənalı gülümsəyərdi, deyərdi: “Çox şeylər təbliğatdakı kimi deyildi”. Mən o zamanlar yazıçı Astafyevin dava xatirələrini də oxumamışdım. Sovet ordusunun sovet əsgərlərinin palçığa batmış meyitləri üzərində yeriməsi səhnəsindən xəbərsizdim.
Bir də əsirlər vardı. Onlara necə zülmlər eləmişdilər – həm almanlar, həm sovetlər. Almanların zülmü bir neçə il çəkib bədənə dağbasma üsulu həkk edilən ulduz, svastika ilə bitmişdisə, sovetlərin zülmü 70 il çəkmişdi. Sənədlər var: Qırmızı Xaç komitəsi Stalindən sovet əsirlərinə yardım üçün ərzaq, dərman istəyir, lakin heç bir cavab almır.

Ümumiyyətlə, biz o zamanlar dava haqda çox az bilirdik. Misal üçün, müttəfiqlərin Lend-liz proqramı ilə elədiyi yardımlar, ikinci cəbhənin açılması, ondan da qabaq Molotov-Ribbentrop aktı ilə Stalinin Hitlerlə əlbir olub Avropanı bölüşdürmə cəhdləri, Polşanın bu süfrədə parça-tikə edilməsi, Leninqrad camaatını ərzaqla təmin eləmək, yaxud evakuasiya etmək yerinə 2 milyonluq şəhərin hardasa 1 milyon əhalisini aclıqdan qırmaq, Stalinqrad uğrunda döyüşlərdə bəzən absurda çatan dirəniş üçün yüz minləri qırğına vermək və sairə. Sovet tarixində Moskvaya girmək istəyən alman tanklarının qabağını rəşadətlə kəsən 28 əsgər - Panfilovçular haqda da danışmışdılar. SSRİ dağılanda ortaya Sovet hərbi prokurorluğunun hələ 1947-49-cu illərə aid məxfi istintaq sənədləri çıxdı. Sən demə, bu əhvalat bir sərxoş müxbirin uydurması imiş, qəhrəmancasına həlak olan o 28 əsgərin çoxu isə ümumiyyətlə sağ imiş. Nəinki sağ imişlər, bəziləri hətta almanlara əsir düşübmüş. Ən tragikomik detal da olub: panfilovçulardan bir-ikisi hökumətə müraciət edib, mükafatlarını istəyirmiş, hökumət isə onlara deyirmiş ki, axı siz qəhrəmancasına həlak olmusunuz!

Reyxstaqa bayraq taxan sovet əsgərləri haqda quraşdırma fotoda (müəllif Xaldey) əsgərin qolundakı iki (!) saatın birinin çapa gedərkən retuş elənməsi də məşhur əhvalatdır. Sən demə, əsgər o saatları ölü almanların qolundan açıbmış. Matrosovun guya sinəsi ilə pulemyotun qabağını bağlaması əhvalatını heç demirəm. Hərbidən başı çıxan hər kəs bilir ki, pulemyotun yetərincə iriçaplı güllələrinin qarşısını insan bədəni ilə kəsmək mümkün deyil. Amma bizi inandırmışdılar.

Əslində faşizmin əsas əlamətlərindən biri də elə yalana inandırmaq gücüdür.

 

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022