İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu tarixdə ictimai nəqliyyat pulsuz OLACAQ? - MÜHÜM MƏLUMAT

22872 30.04.2024 21:12 Ölkə A A

Mayın 1-i Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq. Bu barədə qərar “Resmi Gazete”də dərc olunub. Qərara görə, 1 May Əmək və Həmrəylik Günü və 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Ankara, İstanbul və İzmirdə ictimai nəqliyyat pulsuz olacaq.

Bundan əvvəl Türkiyədə Ramazan bayramı günlərində də magistral və körpü keçidlərində heç bir ödəniş tələb olunmayıb. Bununla bağlı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan göstəriş vermişdi. Azərbaycanda isə qarşıdan 28 may - Respublika Günü gəlir. 106 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Ümumiyyətlə, ölkə tariximizdə bir sıra əlamətdar günlər var. Müstəqillik günü daxil olmaqla 8 noyabr - Zəfər Günü, 9 may - faşizm üzərində qələbə günü və s. bu kimi bir sıra dövlət səviyyəli bayramlar və əlamətdar günlərimiz mövcuddur.

Maraqlıdır, bəzi ölkələrdə dövlət bayramlarında və əlamətdar günlərdə tətbiq olunan ictimai nəqliyyatdan pulsuz istifadə ölkəmizdə də bənzər ssenarini təkrarlaya bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamlı Referans.az-a açıqlamasında bildirib ki, belə bir təcrübənin Azərbaycanda tətbiq olunması məqsəduyğun olardı:

“Əslində Azərbaycanda zaman-zaman bu kimi təcrübələrə rast gəlinib. Matəm günlərində xüsusilə də 20 yanvar faciəsinin anım günündə ictimai nəqliyyat pulsuz olub. Eyni zamanda əlamətdar günlərimizdə də ictimai nəqliyyatın pulsuz olması gözəl bir hal olardı. Tarixi günlərimizdə belə bir addımın atılması ictimai nəqliyyatı idarə edən sahibkarların büdcəsinə çox da ciddi təsir etməz”.

Deputat qeyd edib ki, əksər ölkələrdə bu kimi günlərdə ictimai nəqliyyat pulsuz olduğu zaman dövlət nəqliyyat sektorunda həmin günün xərclərini ödəyir. Onun sözlərinə görə, belə bir təklifə yox deməyə heç bir əsas yoxdur.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda bu təcrübənin tətbiq olunması üçün mümkün imkanlar məhduddur:

“Bəzi anım günlərində və ya beynəlxalq tədbirlər zamanı ictimai nəqliyyatın pulsuz olduğunu görmüşük. Türkiyədə bu addımı çox rahat şəkildə ata bilirlər. Çünki Türkiyədə ictimai nəqliyyat –metro, avtobuslar və digər ictimai daşımalar kart sistemi ilə rahat işləyir. Pulsuz rejim tətbiq edildikdən sonra daşınmanı həyata keçirən özəl şirkət və ya bələdiyyə dövlətə hesabat verə bilir ki, pulsuz rejimdə ictimai nəqliyyatdan nə qədər insan istifadə edə bilib. Nəticədə dövlət vətəndaşların pulunu ödəyə bilir. Azərbaycanda bu sistem tam qurulmayıb. Bakıda 5 avtobusdan 2-si hələ də kart sistemi olmadan işləyir”.

Ekspertin sözlərinə görə, əslində bunu dövlət də istəyir və dəstəkləyir, sadəcə haqq-hesab aparıb düzgün rəqəm ortaya qoya bilmirlər ki, ictimai nəqliyyat pulsuz olduğu gün bu qədər vətəndaş bundan istifadə edib. Buna görə də hələki bu barədə hər hansı qərarların veriləcəyi bir qədər real görünmür.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, belə bir qərarın verilməsi və tətbiq olunması AYNA-nın səlahiyyətində olan bir məsələ deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR