Свобода людям, независимость нациям!

Uşaq pulunun afterşokları

“Cibindən bir dəstə kağız pul çıxardı. Bir üçlük qaval çalanın papağına taxdı. Bir üçlük də kamançaçının cibinə basdı. Sonra bir üçlük atdı Vəliquluya ki, Məmmədhüseynə versin”.

(Mirzə Cəlil, “Quzu” hekayəsindən)

Dünən günorta saat 1 radələrində Şamaxıda 3 bal gücündə zəlzələ olmuşdur. Respublika zəlzələ idarəsinin informasiyasına görə zəlzələnin episentri 10 kilometr dərinlikdə imiş, Şamaxı ərazisində də bunun gücü 3 bal hiss edilmişdir.

Məncə, biz qətiyyən arxayınlaşmayaq, zəlzələnin törətdiyi dağıntı və fəsadları araşdırmağa başlayaq. Doğrudur, məlumatda bu haqda heç nə deyilmirdi, ancaq nə biləsən... Bəlkə harasa dağılıb? Kiminsə evində çatlar yaranıb, ailəsi çöllərə düşüb? Nəsə deyilmirsə, bu, onun olmadığını bildirməz. Hətta gözünlə görməsən də inanma. Ona qalsa mən bu saat Donald Trampı şəxsən görmürəm, deyim ki, Amerika başsız qalıbdır? Demərəm. Sözgəlişi, Amerikada universitetlərə pullu adamların uşaqlarının qanunsuz qəbul edilməsi qalmaqala səbəb olmuşdur. Çox gülməli hadisədir, sən demə, bizim Təfəkkür və Beynəlxalq, San Marino universitetləri kimi ali məktəblər Amerikada da varmış. Pulunu verirsən yerli “Elşad Abdullayevə”, 5 ildən sonra prokuror, həkim, nə bilim, mühəndis-zad diplomunu alıb asırsan divardan. Hələ bir Futurologiya-mız var idi, kimin yadına gəlir? Təsəvvür elə, dünyanın gələcəyini öyrənirdik. 90-cı illərdə. Fısqırıq söhbətlər olub, unutmuşuq. Biləcəridə Dəmiryolçular Xəstəxanasının binasında bir kişi nəsə universitet açmışdı, sonra bir gün tüfəng götürüb bütün ailəsini qırdı. Əcaib rektor idi. Ancaq mənim şəxsi yaddaş blokumda birinci yeri şübhəsiz Teylor Fətişoğlu adlı bölgə müxbirinin Beyləqanın Daşburun kəndində açdığı universitetin hüquq fakültəsi tutur. Bəlkə də oranı qurtaranlardan indi Konstitusiya Məhkəməsinin hakimi işləyənlər var, biz xəbərsizik.

Qayıdaq zəlzələnin yanına, çox uzaq gedib oxucuları çaşdırmayaq. Zəlzələ ciddi hadisədir, çünki Yerin üstündə dayandığı filin altındakı tısbağa tərpənəndə, ya elə fil özü milçəklərini qovanda (bu haqda səhih hədislər var, Vasim müəllimdən eşitmişəm) görürsən evlər silkələndi, divar yarıldı. Ancaq biz özümüzü itirməyək, dərhal dövlət proqramı lazımdır. Zəlzələnin dövlət büdcəsində və ehtiyat fondunda açdığı yarıqlar qapanmamış xalqa yardım eləməliyik. (Nəsimi adına Dilçilik İnstitutundan görkəmli dilşünas alimimiz Dilavər Dilbazinin araşdırmalarına görə, “yardım” sözü elə “yarıq” sözündən yaranmışdır. “Yaranmaq” da “yarıqdan çıxmaq” deməkdir. Yar, yəni sevgili sözü isə... Nəsə, yarıdan qayıdaq, yenə mövzu afterşoklara uğramaqdadır).

Ümumiyyətlə, belə balaca, xudmani zəlzələlərdən nə qədər çox olsa, dövlətçiliyimiz o qədər möhkəm olar, zəhmətkeşlərin idarəçilikdə, demokratiyada iştirakı arzuedilən səviyyəyə çatar. Örnək üçün, İranda zəlzələ çox olur, o səbəbdən camaat Allaha inanır. Bir üləma isə buyurmuşdur ki, zənənlər saçını örtməyəndə zəlzələ olur. İndi biz maraqlanmalıyıq, görəsən dünən günorta radələrində hansı verilişdə Afaq Aslanı göstəriblər? Həmçinin, götürək elə yaxın qonşumuz Yaponiyanı. Orda da zəlzələ olmayan gün camaat çaşır, deyirlər görəsən Allahın xoşuna gəlməyən nə elədik ki, ayağımızın altından yer qaçmır. Zəlzələni araşdırmaq yolu ilə yaponlar məşhur alim olmuşdur. Demək, bizdə də Şamaxı hadisələri elmin inkişafına təkan verəcəkdir. Burdan o nəticə çıxır ki, milli elmlər akademiyasına ehtiyat fonddan yardımlar ayırmalıyıq. Şairlərə meşədə ev tikirik, ancaq alimlər Bakıda evsiz qalıblar, dava eləyirlər.

O cümlədən uşaq pulunun bərpasını unutmamalıyıq. Bu da çox vacibdir. Hər dəfə zəlzələ olanda nə qədər uşaq qorxur. Elə keçən dəfəki zəlzələdən sonra rayonda bir uşağın qolu qırılmışdı, mən onun intervüsünə baxdım, dedi ki, evdə qaçaqaç düşdü, qapının ağzında yıxıldım, atam qolumun üstünə çıxdı, xəsarət aldım. Gör bizdə necə mehriban valideynlər vardır.

Yaxşı yadıma düşdü, 2000-ci ilin noyabr zəlzələsi vaxtı da bir kişi ailə-uşağı evdə qoyub özünü balkondan atmışdı. Nəticədə ayağı sınmışdı, ancaq ailəsinə heç nə olmamışdı. Düzü, bilmirəm o kişini təzə tarixlə dövlət büdcəsinin ehtiyat fonduna salıb yardım eləmək humanizm olarmı, olmazmı...

Новости автора