Свобода людям, независимость нациям!

Təhsil mesajları...

Dərs ilinin başlamasına bir şey qalmayıb. O üzdən valideynlərin də həyəcanı elə şagirdlər qədərdir. Amma bu, təkcə şagirdlərin yeni geyim keyfi, təzə dəftər-kitab həvəsi kimi bir şey deyil. Azərbaycan təhsilində daha qlobal məsələlərə görə narahatlıqdır həm də.

Əslində nə baş verir? Nələri eləyə bilirik, nələrdə aciz qalırıq? Niyə məhz təhsil məsələsinin üzərinə bu qədər basqı, tənqid, lap desəniz təhqirlər yönəlib? Əvvəlcə söhbətin hansı çıxışdan getdiyini danışaq, sualların cavabı sona qalsın... 

Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi təhsil işçilərinin ənənəvi sentyabr konfransını keçirib. Xeyli hesabat xarakterli məlumatlar dinlənildi. İdarənin rəhbərliyi korrupsiya, rüşvətxorluqla mübarizədən də danışdı, yeni açılan məktəblərdən də. Məktəblərdə yeni işə başlayan pedaqoqlar da təqdim olundu, yararsız kadrların cəzalandırılmasından da danışıldı. Məktəblilərin pis vərdişlərdən yayındırılması işlərinə dair hesabat da verildi, onların fənn olimpiadalarındakı uğurları haqda da fikirlər söylənildi. Demək istədiyim odur ki, ortada iş varsa mütləq yaxşı və pis tərəfləri də var. Nə pisi gizlədib ancaq yaxşını göstərmək, nə də yaxşını gizlədib pisləməklə iş düzəlmir. Eyni zamanda, həmişə bütün məsələlərdə balansı qorumaq da məqsəd olmamalıdır. Sadəcə, ədalətli və vicdanlı olmağı bacarmaq lazımdır. Hər şey yerinə yalniz bu iki prinsip yerində olanda yaxşı oturacaq. Bu qəbildən bir çıxışı təhsil naziri Mikayıl Cabbarov sözügedən müşavirədə etdi.

Öncə onu qeyd elədi ki, 2016-2017-ci tədris ili “Təhsildə keyfiyyət ili” elan olunub. Bu ili fərqli və daha keyfiyyətli etmək üçün qarşıya qoyulan hədəflər də bəllidir. Yaxşı tədrisə, təhsilə paralel olaraq, həm də yaxşı vətənpərvər yetişdirməkdir məqsəd. “Təhsilin nailiyyətini akademik biliklərlə məhdudlaşdırmaq olmaz” xəbərdarlığı isə həm də o deməkdir ki, ölkəyə yalnız savadlı yox, həm də vətənpərvər insanlar lazımdır. Və bu artıq həm də dövlətin təhsil siyasətinin tərkib hissəsidir. Diqqəti çəkən başqa bir məqam təkcə təhsil işçilərinə yox, həm də cəmiyyətə yönəlik mesaj idi: əsas vəzifəmiz təkcə nəsə etmək deyil, etdiyimiz işlərlə görə əldə olunan nəticələri qorumaq və sistemdə daha böyük irəliləyişlər etməyə çalışmaqdır.

Məktəblərin reytinqlər üzrə bölünməsi məsələsində isə nazir vicdan və ədalət hissini önə çəkdi. Qeyd etdi ki, reytinqləri təkcə ali məktəblərə qəbul nəticələrinə görə müəyyən etmək olmaz.

Ailələrdə belə, rifah halı sosial vəziyyətə bağlı olur. O üzdən ucqar kənddəki məktəbi Bakıdakı böyük bir tədris ocağı ilə müqayisə edib birinciyə pis deməyək. Bəlkə o kənd məktəbi əlindəki az resursla mərkəzdəkilərdən daha böyük iş görür.

Daha sonra nazir peşə yönümlü məktəblərin açılmasının faydasından, biliyi olan və olmayan hər kəsin ali təhsil almaq marağından danışdı. Aydın olan məqam bu idi ki, təhsil naziri ictimaiyyətə təxminən belə bir mesaj verir: yarımçıq alimlikdənsə, yaxşı sənətkar olmaq şansınızı da sınayın. Elə təkcə bu prinsip əsas tutularaq ölkədə “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və MM-in payız sessiyasının gündəliyinə çıxarılacaq.

Nazir nöqsanlardan da danışıb. Çıxışda təəssüf doğuran bir məqam isə təkcə bir strukturda yox, bütöv cəmiyyət olaraq narahatlığımızı tez-tez pozan amildir. Bəzən daha böyük görüb, güvəndiyimiz insanlarda yanılırıq. Bəlkə ailə və ya hansısa işgüzar münasibətlərdə bu problem böyük ziyan vurmur. Amma müəyyən qurum rəsmisinin ümidləri doğrultmaması böyük bir strukturun işini yarıda qoya bilir. O üzdən nazirin dediyi növbəti fikirlər məxsusi olaraq rəhbər təhsil işçilərinə mesajdır:

- Bəzən peşəkar saydığımız adamlar maddi maraqları üzündən görülən işlərə kölgə salır. Bəzi hallarda bu, islahatlara mane olur. O üzdən bu istiqamətdə fəaliyyət göstərən hər bir rəhbər özünün və tabeliyində olan işçilərin işini düzgün qurmağı, habelə vicdanlı olmağı bacarmalıdır. İşinizin düzgün qurulması üçün sizlərə bütün tələb olunan resursları verəcəyik.

Bir də onu qeyd eləyək ki, iş görmək istəyən kimliyindən asılı olmayaraq bizim cəmiyyət və vətəndaşların yanaşmasına alışmalıdır. Bu yanaşmalarda bəzən nifrətdən doğan təhqir olsa belə, alışıb işləməliyik. Çünki iki şeyi seçə bilmərik VƏTƏNi və valideynləri. Yəqin ki, gün gələcək vətən də, vətəndaş da hər kəsi təmənnasız sevəcək və işləyib nəsə eləmək istəyənlərin şansı da üzümüzə məhz o situasiyada güləcək.

Qaldı yazının əvvəlində qoyulan suallara. Əslində, nə baş verirdən başlasaq, nə baş verdiyi artıq aydındır. Azərbaycan təhsilini endiyi dibdən qaldırmağa ciddi cəhdlər edilir. Hələlik çox ağrılı proseslər yaşanır. Hər kəsi razı salmaq olmur. Anlayanlar anlamayanlardan çoxdur. Qərəzli və daha çox qoparmaq, ləkələmək istəyənlər hamısından çoxdur. O üzdən hələ çox şeyin baş verəcəyini gözləmək lazım. Qaldı nədə acizik məsələsinə... Düzdür, iş gedir, mexanizm qurulub, amma hələ də daha çox acizik. Ona görə ki, “bəzən etibar elədiyimiz kadrlar özlərini doğrultmur”.... Qaldı məhz təhsil məsələsinə görə ölkədə yaranan bu boyda ajiotaja, çox şeyi anlamasaq da, anladığımız bir şey var, millət olaraq təhsilin vacibliyini bilirik. Ən az bilənimizin heç olmasa oxuyub yaza bilməsi, cümlə qurmağı öyrənməsinin vacib oldugunu başa düşürük. Qəribə olan bircə keyfiyyətimiz var, bizə görə yaxşı nəsə eləmək istəyənləri daha çox təhqir eləyir, aşağılayır, ələ salırıq. Əslində isə yuxarıda sadalanan ictimai mesajlardan sonra sadəcə cəmiyyət, ictimai rəy olaraq bizdən umulan çox az şey var, dəstəkləmək, səbr, təmkin göstərmək, vəssalam. Gəlin cəhd eləyək. Bəlkə bacardıq və udduq...

 

Новости автора