Свобода людям, независимость нациям!

Tatamidən “moykaya”can güləşmək…

Niyəsini anlamadığım çox qəliz bir məsələ var. Ölkədə bir-birinin qürurunu qıran, bir-birini açlaldıb, aşağılayan daha çox kişilərdir. Yəqin bu o üzdən baş verir ki, aparıcı sahələrdə, vəzifələrdə yəni iş başında olanların əksəriyyəti kişilərdir. Amma bu güclü adamların anlamadığı bir məsələ var. Onlar özləri ilə bu qədər qovgada ikən ortada əziyyət çəkən də millətin simvolu olaraq elə özləridir, yəni kişilər…

Nə isə… Bir qadının bu qədər kişiyə kişilik dərsi keçməsi o qədər uğurlu görünmür. Hətta deyərdim, ayıbdır. O üzdən kəçək mətləbə.
Bu günlərdə bir neçə nüfuzlu idmançının on beş aydır əziyyət çəkməsi, maddi sıxıntıları, aldadıldıqları haqda yazılanları oxudum. Düzü, utandım. Çünki həmin gənc idmançılar ölkənin simvolu olan adamlardır həm də. Yəni idman sahəsində çox populyar və tanınandırlar.

Üstəgəl, bunu Azərbaycan adına edirlərsə, boynumuzun borcu onları qorumaqdır, aldadıb əziyyət vermək yox.

Yazarlar kimi idmançılar da ruh adamıdır. Onları məhv eləməyə diqqətsizlik yetir. Belə bir prosses hazırda Azərbaycan Güləş Federasiyasında və onun ayrı-ayrı klublarında yaşanır. Deyilənlərdən bəlli olur ki, federasiya rəhbərliyindən idmançıların narazı qalması ölkədə çox güclü idman növü olan güləşi ağır vəziyyətə salıb. Bir qrup nüfuzlu idmançı deyir ki, on beş aydır maaş almırlar. Aldıqları zədəni müalicə etdirə bilmirlər və ya öz pulları ilə müalicə alırlar. Bəziləri isə maddi ehtiyaclarını “moyka”da maşın yumaqla ödəyirlər.

Federasiyanın qarovulçusu, xadiməsi də bu siyahıdadır. Yəni maaş ala bilmir. Adamın ürəyi ağrıyır və yazığı gəlir. O idmançıya da, xadimə və qarovulçuya da. Hələ idmançı o yana dursun, ayağınızın altını süpürən, təmizləyən xadimənin, keşiyinizi çəkən qarovulçunun haqqına necə girmək olar? Ya da məsələn, onun aldığı lap olsun beş yüz manat məvaciblə bütün ailəniz bir ay dolana bilərmi, cənab federasiya rəhbərləri?!.. Bilməz, hətta sizə qarşı bunt qaldırarlar. İndi deməli, siz də bu qədər tanınmış adamı, simanı dövlətə qarşı qaldırırsınız. Bunu bilərəkdənmi, bilməyərəkdənmi edirsiniz, mənası yoxdur. Aydın görünən mənzərə budur ki, üzərinizə düşən işi görməməniz ucbatından ittiham obyekti dövlət, ittiham edənsə onu simvolizə edənlərdir. Pul üstə bu qovğaya dəyərmi? Məncə, yox, sizcə, yəqin ki, dəyər! Yoxsa öz aramızdır, niyə edəsiniz ki?!..

Bu məqamda bircə haşiyə çıxım. İdmançıya irad tutub ona “niyə Qarabağda döyüşmürsən, pul davası eləyirsən” sualını verənlərə cavab olsun bu: Qardaş, bəs sən niyə idmançının pulunu sayıb düşük statuslar və şərhlər yazırsan bu haqda?! Get döyüş də!..

Yox, döyüşmürsənsə, deməli, hərənin öz işi var. Yəni hərbçi döyüşür, idmançı idmanla məşğuldur. Və hər ikisindən daha qorxaq olan sən də sosial şəbəkədə “şirsən”, vəssalam, məsələ bu qədər bəsitdir yəni. Qaldı Qarabağa, bu, artıq əmr verilsə, hamının döyüşü olacaq, lap ən qorxağımız olan sənin də…

İndi qayıdaq idmançılara, daha dəqiqi, onlara dövlətin ayırdığı pulun hara yox olmasına, ya da niyə verilməməsinə. Düzünə qalanda dəqiq bilmirəm bu pullar hara və necə xərclənib. Amma dəqiq əminəm ki, gedib və xərclənib. Getdiyi yersə yüz faiz idmançıların cibi olmayıb.
Bir də bizim milli yığmanın dəyərli baş məşqçsi Firdovsu Umudova sözüm var. Daha doğrusu, onun güləşçilərin on beş aydır içlərində yaşadığı problemi ictimailəşdirmələrinə münasibətinə görə deyəcəklərim var. “Düz eləməyiblər uşaqlar!” Təxminən budur anlaşılan baş məşqçinin mövqeyindən.

Cənab və çox dəyərli baş məşqçi. Bəs onlara qarşı düzmü davranıblar?! Doğru hərəkətdirmi ki, insanları aldatmaq? Düzgündürmü mərdi qova-qova namərd eləyirlər? Nə qədər ədalətlidir ki, Azərbaycanın ləyaqətli uşaqları, idmançıları başqa ölkələrə legioner kimi üz tutur? Onların ailələrinin ehtiyaclarına baxa-baxa qalması yaxşı hadisədirmi? Niyə Azərbaycanı dünyada təmsil edən, mənim, sizin bayrağımızı göylərə qaldıran həmin o uşaqlar bu qədər utana-utana danışmalıdır öz qayğılarından? Dövlətin onlara ayırdığı mükafatları “verdim” deyib dövləti aldatmaq ərlikdir bəlkə? Bəlkə o yaxşıdır ki, vəzifəli bir kişi, statusundan istifadə eləyir başqalarının haqqına girir? Nədir axı bu düz olmayan haqq-hesab?! Dəyərli Firdovsi Umudov mənim və əminəm elə sizin özünüzün də dəqiq bildiyi bir məsələ var. Qələbəsinə sevindiyiniz, çiyninizə alıb gəzirdiyiniz o uşaqları çiyindən quyunun dibinə, ümidsizliyə tullamaq olmaz. Olmaz ona görə ki, onlar dünyada siyasətin tərkib hissəsi olan idman sahəsində Azərbaycanın sözünü deyirlər. Siz məndən yaxşı bilirsiniz əla bir idmançının yetişməsi nələr bahasına başa gəlir. Azərbaycanı belə uşaqlardan məhrum etməyə və o dairələrdə aciz duruma salmağa yol vermək olmaz. Bu nə ərliyə, nə azərbaycanlılığa sığar. Bunu qarşısını ala biləcək adamlara gəlincə, onlardan biri də sizsiniz. Buna görə əlaqələriniz də, statusunuz da yetərlidir. Onların sizə “düz eləməyiblər!” deyəcək qədər yox, daha böyük ehtiyacları var. O üzdən sərf dəyişdirməyin lütfən, dəstək olun. Sizi nüfuz sahibi eləyənlərin, nüfuzunun yerlə bir olmasına imkan verməyin. Qələbələri ilə təkcə özlərini və ailələrini maddi sıxıntıdan qurtarmayıb o idmançılar. Onlar sizi də cibinizdə pul, çiyinlərinizdə paqon, nufuz, hörmət sahibi edənlərdirlər.

Qaldı bizim idmançı qardaşlara, sınmayın, uşaqlar. Sözünüzü sizi həmişə əl üstə tutan cənab prezidentə, o cümlədən sizin ehtiyaclarınızı vecinə almayan, mənliyinizin üstündən keçən federasiya rəhbərlərinizə də deyin. Ondan da əmin olun ki, yaxın günlərdə on beş ayın yeyintisini mütləq onlara “qusduracaq” dövlət...

 

Новости автора