Свобода людям, независимость нациям!

Son mənzili dəyişdirilən Tahir Əkbər...

Rast gəldiyim ikinci olaydır. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin yeganə qadın nağara ifaçısı dünyasını dəyişmişdi. Ona məzar yeri tapılmırdı. Qohumları anasının məzarını qazdı. Ananın üstündə dəfn elədilər balasını. Bizim mədəniyyət, incəsənət adamını. O qadını şəxsən tanımırdım. Düşündüm ki, ana qucağından istisi yoxdur. Dünyaya ana qucağında gəlib, o dünyaya ananın qucağına getmək böyük xoşbəxtlikdir... 

... Az əvvəlsə Tahir Əkbər getdi. Azərbaycanın əməkdar incəsənət xadimi. Bu fəxri ad, xalq artisti adından da nüfuzludur. Elə gedən kişinin özü kimi. Ağır insult keçirmişdi. Hamı gedəcəyini bilirdi. Bunu bilə-bilə ölkənin birinci xanımı düz dörd ay bütün bahalı müalicələrini etdirdi onun. Qalmadı, getdi.

Ailəsi ilk Bəstəkarlar İttifaqına verdi ölüm xəbərini. Çünki onun nə nazir, nə millət vəkili, nə də vəzifəli qohum-əqrəbası yoxdur. Peşəsi, sevdiyi işi, bir də aid olduğu qurumu var idi. Quruma bildirilir ki, ailənin cənazəni yerdən götürməyə də, ehsan verməyə də imkanı yoxdur. Cavab alınır, ehsan üçün yox, amma məzar yeri üçün dəstək ola bilərlər. Bəstəkarlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edir. Nazirlik şəhər icra hakimiyyətinə yönəldir məsələni. Prosedur qayda belədir. İcra hakimiyyəti isə məlum yeri məsləhət bilir. “Sədərək” ticarət mərkəzinə gedən istiqamətdəki məzarlığın, palçıq yolunun qırağı, qurbağa gölünün yaxınlığı, qamışlığın qarşısı. Zamanında mahnılarını Şövkət Ələkbərova oxuya, öləndə lay-laylanı qurbağalar çala...

Bu arada məsciddə baş sağlığına gələn nazir Əbülfəs müəllim də, ittifaq sədri Firəngiz xanım da ailəyə bildirib ki, Tahir müəllimin dəfni də, yüksək səviyyədə həll olunacaq. Niyə? Çünki əməkdaşları, etibarlı adamları və meriya belə məlumat verib: YALAN...

...Və dəfn gecəsi... Tahir Əkbərin evi, xanımının, Aybəniz müəllimənin dost telefonundan eşitdiyim səsi:

-Yox eee, yooxxx, mən Tahiri ordan çıxaracam, Allah götürməz, atasının məzarına aparacam, elə indi, elə bu dəqiqə, torpağı didib çıxaracam...

Sarsılmadım desəm yalan olar. Gecə onu birtəhər sakitləşdiriblər. Səhəri məsələnin həlli üçün addımlar atılır. Nazirliyə bildirilir. Və bir gün qabaq bəstəkarı dəfn etmək üçün dua oxuyan, məzara endirən adamlar onu təkrar məzardan çıxarıb. Nəşini Yasamal qəbristanlığına aparıblar. Atasının qırx il əvvəl dəfn edildiyi məzar açılıb. Onun nəşini təkrar kəfənləyiblər. Tahir Əkbərin cənazəsi məzara endirilib. Sonra atasını kəfənlənmiş qalıqlar onun başının altına qoyulub. Dini adət beləymiş. Elə bil ki, oğlu başını atasının dizinə qoyub, yanakı çevrilib yatıb.

Deyir ki, ata, məni görbagor eldilər. Gorbagor adam olmasam da...
Bu adam bəstəkar idi, incəsənət xadimi idi, tanınan sima idi. Dəyər standartlarımızın dəyişməsi ona ölümündən sonra da rahatlıq vermədi.

Belə görürəm bu standartlar təkcə Tahir müəllimi yox, hamımızı gorbagor edəcək, sadəcə zamanla. Kimi tez, kimi bir az gec...
Bəli, Tahir Əkbər Üzeyir bəy deyildi. Ona kimsə birinci, ikinci fəxri xiyabanda yer istəmədi ailəsi adından. Amma bu adam qamışlıqda, yol qırağında bomj kimi dəfn olunacaq biri də deyildi. O, Azərbaycanda mahnı janrının tanınan, sevilən, qəbul olunan, populyar simalarından idi. Bir də Əməkdar incəsənət xadimi... Sonradan bomj yerinə qoyacağınız adamlara verməyin fəxri adları barı. İnsanları bu qədər çatlatmaq nəyə lazımdır?!..

Əvvəl qınayırdım, paxıllıq edirdim niyə getdilər deyə... İndi Cavanşir Quliyevi, Gahangir Novruzovu alqışlayıram. Düz eləyiblər! Burda heç zaman olmaq istədikləri olmayacaqdılar.

Yadıma düşmüşkən, bu yaxınlarda Sumqayıtda xərcəng xəstəliyindən dünyasını dəyişən cəsur bir zabitin məzar yerini də ailəsinə, hətta bəzi məlumatlara görə əməkdaşı olduğu nazirliyə pulla satıblar. Yəni ailənin verməli olduğu pulu zabitin çalışdığı nazirlik ödəyib dəfn xərci olaraq. Nə deyəsən ki?! Dəhşətlidir. Vətənə, torpağa xidmət elə, sonra arvad-uşağına səni basdırmaq üçün vətəndə iki metr yeri pulla satsınlar. Və ya nəşini qamışlığa, palçıq yolun kənarına, qurbağa gölünün yaxınlığına yollayalar. Onda da “vay dədə” deyib atanın üstünə yüyürəsən. Lap atan məzarda olsa da, Tahir müəllimin “yüyürdüyü” kimi...

Allah sizə qollarını açan kişiyə də, sizə də rəhmət eləsin Tahir müəllim. Haqqınıza girilən bu dünyada hamımız sizə borclu qaldıq. Haqqınıza girildiyini görüb də, əlimizdən bir iş glmədiyi üçün. Əslində bağışlanası adamlar deyilik. İndi bağışlasanız da, bağışlamasanız da rahat yatın atanızın dizində. Bilin ki, yaşadığınız cəmiyyətdə mədəniyyətli yox, mədə-niyyətli olmağı seçən adamlar çoxdur, lap çox!..

 

Новости автора