Свобода людям, независимость нациям!

Rasim Balayevdə tapılmayan altmış manat...


İndi elədir ki, bilmirsən kimin halına ağlayasan. Özününmü, cəmiyyətinmi, tabu olan mövzularınmı, məhv olan insanlarınmi?!.. Kimin axı, kimin?!.. Sualını beynində təkrarlaya-təkrarlaya bir də görürsən, hadisələrin orasındasan ki, özünü ağlayan lazımdır. Yəni nə ağlaya bilirsən, nə gülə, nə danışa. Partlayacaq durumdasan. Nə deyirsənsə, hər şey hadisənin, vəziyyətin, durumun ucundan-qulağından bir çimdik qoparmaq kimi görünür. Heç nəyin “dibini”, gerçəyini göstərmək olmur. Bu hamının faciəsidir. Biri sözü eşitməkdən qorxur, o biri yazıb, deməkdən. Və bu ona görə faciədir ki, demək istədiyin söz, problem də yerində şişir, böyüyür, həll olunmamış qalır. Xalq atisti Rasim Balayev kimi.

Bu adam hamının fərqli tonallıqda susduğu sözdür. Yəni kimisi görür, qorxudan nəsə edə bilmir. Başqa biri görür, ah çəkib susur. Biri də deyir, əcəb olur, sən filan iş görməməliydin... Amma unudur ki, o filan işləri görmək üçün çoxlu sayda filankəslər adamı sonunu hesablaya bimədiyi addımlar atmağa vadar eləyir. Adam bezir, boğulur, üsyanını necəsə göstərmək istəyir. Nə isə...

Dönək Rasim Balayevə. Bu günlərdə bir müsahibəsini oxudum sənətkarın. Deyir, səhhətində müxtəlif, zamanında müdaxilə edilsə, düzələ biləcək problemləri var. Amma o problemləri çözməyə pul çatdıra bilmir. Həkim iki dərman yazıb, birinin qiyməti 60 manatdır. Gedib birini alıb, əczaçıya “təsirini görsəm, gəlib ikincisini də alacam” deyib. Əslində utandığından elə deyib. Çünki iki dərmanı bir yerdə almağa pul olmayıb...

Aidiyyatı adamların əlində an içində həll ediləcək məsələdir. Amma son günlərdə Azərbaycan üçün faciə hesab etdiyim məsələlərdən biri də bu ki, ölkənin böyük qayğılarıyla məşğul adamlarını dartıb məişət problemlərimizin içinə endirməsək, məsələlər həllini tapmır. Niyə? Çünki heç kim danlanmasa, işləmir. Heç kimin kreslosu laxlamasa, yerindən dəbərmir. Kimsə düşünmür ki, dövlətinə, vətəninə, peşəsinə, sənətinə sayğılı olan adamları aşağılamaq olmaz. Hər kəs əldə elədiyi kreslosuna biznes, qazanc mənbyi kimi baxır. Öz növbəsində adam inana bilmir ki, Rasim Balayevə bu münasibət dövlətin münasibətidir. Hansısa mərhələdə anlaşılmazlıq, narazılıq ola bilər. Amma kimsə kiməsə tapşırıq verməz ki, get filankəsi quyunun dubunə salla, qoy ömrünün sonuna qədər orda çabalasın. Belə olan halda nədir bu nifrət, anlamaq olmur...
Düzdür, Rasim Balayev uğursuz siyasətçilərin illərdir nəticə verməyən siyasi maraqlarının qurbanı da sayıla bilər. Amma belə qurbanlar həm də o hallarda baş verir ki, insan özü də nələrdənsə bezir, üsyan eləmək istəyir. Emosionallıq göstəricidir. Bütün yaradıcı adamlar əslində həm də emosionaldırlar. Bunu Rasim müəllimə münasibətdə mütləq nəzərə almaq lazım idi. Bir məsələ də var. Bunu da Rasim müəllim unudub bəlkə zamanında. İnqilabları emosional adamlar başlayar, ağıllılar udar. Rasim Balayevin situasiyasında inqilab oyununu quranlar da ağıllı deyildilər. Bu üzdən uduzdular, adama da ciddi problem yaşatdılar. Ümid edirəm günlərin birində bunu hər kəs anlayacaq. Azərbaycan efirində Rasim Balayev itkisinə yol vermək olmaz.

Rasim Balayev dərman almaq üçün əziyyət çəkir, mən buna görə - xəcalət. Amma dəqiq bildiyim bir şey var. Onu Azərbaycan efirlərindən, səhnəsindən, mediasından, bir sözlə, gündəmdən çıxara bilərik. “Nəsimi”, “Babək”, “Beyrək” olmaqdan yox. Yəni əslində Rasim Balayev elə həmişə efirdədir. Bu uç film Azərbaycanın kino tarixində ölkə durduqca duracaq. Və heç unutmayaq, Azərbaycanı öz peşəsində ölkəsinin siması kimi təmsil edən KİŞİlər var. Rasim Balayev kino sahəsində bizim belə insanlarımızdandır. Nə qədər “basdırılsa” o qədər görünür. Gah Nəsimi, gah Babək, gah Beyrək kimi. Hətta qadağan olunmuş efirlərdə belə ona məcbursunuz. Bir gün Rasim Balayev həyatda olmasa da onu görməyə məcbur qalacaq altmış manata möhtaclıq yaradanlar. Müəllif olaraq bu yazıyla sənətkara borcumun bir zərrəsini ödəmiş oldum bəlkə də. Görəsən başqaları da belə rahatlıqla xilas olacaqmı?!.. Çətin sualdır, cavabını zaman mütləq verəcək...

 

Новости автора